Ölkədə Milli Mətbuat günü qeyd olunur. Həsən bəy Zərdabi tərəfindən əsası qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildən 146 il keçir. Mətbuatın cəmiyyətə təsir gücü hər zaman yüksək qiymətləndirilib.
Azərbaycan mətbuatı hazırda yüksəliş dövrünü yaşasa da, bu sahədə problemlər, görüləcək işlər və hədəflər hələ də var.
Elə Bizim.Media-ya məlum günlə bağlı danışan media kapitanları kimi...
MÖVZU İLƏ BAĞLI:
Plüralizmi şərtləndirən 3 ƏSAS AMİL – Fikir, söz və mətbuat AZADLIĞI
Azərbaycanın tanınmış jurnalisti, BDU-nun professoru Qulu Məhərrəmli Azərbaycan mətbuatının şərəfli keçmişi olduğunu xatırladıb.
O, deyib ki, 146 ildir ki, Azərbaycan mətbuatı insanlarımızın maariflənməsində, onların dünyaya baxışında və dəyərlər sisteminin qavramasında çox ciddi rol oynayıb:
“Fenomenal hadisə olan Azərbaycan Cümhuriyyətinin tarixə çevrilməsində də mətbuatımızın çox ciddi fəaliyyəti olub. Hesab edirəm ki, mətbuatımız indiki vəziyyətdə demokratik düşüncənin səviyyənə uyğun olan mediadır. Ümumi sosial sistemin bir elementdir. Əlbəttə ki, arzulayardıq ki, daha yaxşı mətbuatımız olsun. Dünyada mətbuatın dəqiq qaydaları və prinsipləri var. Onun əsl işi cəmiyyəti məlumatlandırmaq, maarifləndirmək və real institut kimi hökumətin üzərində ictimai nəzarətçidir. Bu yöndən yanaşanda Azərbaycan mətbuatının uğurları da, ciddi problemləri də var”.
Qulu Məhərəmli hesab edir ki, Azərbaycanda uzun illər əvvəl müstəqil mətbuat, problemlər və bu problemləri doğuran obyektiv, subyektiv səbəblər olub:
“İlk növbətə onun azadlığının sərhədlərini genişləndirməliyik. Mətbuatın iqtisadi, maliyyə problemlərini həll eləməyi, reklam bazarını formalaşdırmağı, daha sonra onun peşəkarlıq səviyyəsini artırmaq çox önəmlidir. Bu problemlərin həlli bizə keyfiyyətli media bəxş edə bilər və özümüzü bu mənada tərənnüm edə bilərik”.
Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna-Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlının fikrincə, məlumatsız heç bir cəmiyyət yaşaya bilməz, düzgün qərarlar qəbul edə bilməz və bu istiqamətdə inkişaf edə bilməz:
“Bu baxımdan jurnalistikanın, media qurumlarının və strukturlarının gələcəyi perspektivləri var. Sadəcə olaraq mətbuatın doğurdan da 4-cü hakimiyyətin qollarından biri olduğunu digər cəmiyyət üzvüləri anlamalıdırlar. Bunu anlamayana qədər problemlər olacaq. Azərbaycan mətbuatında kəmiyyət var, keyfiyyət yoxdur. Kəmiyyətin keyfiyyətə çevrilməsi uğrunda işləmək lazımdır və işimiz hələ çoxdur”.
“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun sözlərinə görə bu il Mətbuat Gününün xüsusi özəlliyi var:
“Ona görə ki, 29 illik aradan sonra Azərbaycan jurnalistikası Qarabağın işğaldan azad edilmiş torpaqlarının azad edilməsi prosesində iştirak edərək ilk dəfə qalib xalqın mətbuat təmsilçisi kimi bu gün qeyd edir. Bu baxımdan hesab edirəm ki, günümüz əlamətdardır. Azərbaycan mətbuatı bir neçə ay öncədən başlayaraq bu günlər də daxil olmaqla artıq Şuşadan reportaj verən mətbuatdır. Bu bizim üçün böyük təqvim və tarixi gündür”.
Rauf Arifoğlu mətbuatın gələcək perspektivləri ilə bağlı daha ümidlidir:
“Fikrimcə, Azərbaycan mediası gələcək kateqoriyada belə daha ümidli olmalıdır. Yeni medianın da ortaya çıxması ilə bizə daha geniş və yeni imkanlar açılır. Bu imkanlardan Azərbaycan gerçəklərini, reallığını və xəbərləri dünyaya, regiona, eləcə də öz auditoriyamıza çatdırmaq üçün istifadə edə biləcəyik”.
"APA Holdinq"in prezidenti Vüsalə Mahirqızı bütün həmkarlarını təbrik edərək, jurnalistlərin cəmiyyətdə nühuzunun daha da artmasını arzulayıb:
“Media subyektlərinin biznes subyektləri kimi formalaşmasını, daha da peşakarlaşması üçün imkanların artırılmasını, medianın məlumatlandırma və ictimai nəzarət funksiyalarını yerinə yetirə bilməsini arzulayıram”.
Alçina Amilqızı, Bizim.Media