Aytəkin Alxaslı: “Skuter məsələsini kim zarafata salırsa, özü zarafatlıqdır”

Aytəkin Alxaslı: “Skuter məsələsini kim zarafata salırsa, özü zarafatlıqdır”

Hazırda oxunan: Aytəkin Alxaslı: “Skuter məsələsini kim zarafata salırsa, özü zarafatlıqdır”

235285

Aytəkin Alxaslı imzası yəqin ki, çoxlarının yadındadır. Uzun illər ANS-in şimal xəbərlərini məhz onun dilindən eşitmişik. Hadisələrə fərqli yanaşma tərzi, operativliyi və biri-birindən maraqlı süjetləri ilə seçilən Aytəkin xanım dövrün ən məşhur bölgə müxbirlərindən olub.

ANS fəaliyyətini dayandırandan sonra bir müddət mediadan uzaq qalan Aytəkin Alxaslı yenidən aktiv jurnalistikaya qayıdıb.

Bu söhbətimizdə də onunla jurnalistikadan, mediadan uzaqlaşdığı dövrdə yaşadıqlarından və indiki fəaliyyətindən danışmışıq.

Bizim.Media tanınmış telejurnalist Aytəkin Alxaslının 525-ci qəzetinə müsahibəsini təqdim edir:

- Aytəkin xanım, beş illik fasilədən sonra yenidən aktiv jurnalistikaya qayıtdınız. Ancaq bu dəfə bir qədər fərqli sahəyə. Yeni istiqamətə adaptasiya çətin olmadı ki?

- ANS-dən sonra özümü heç yerdə görə bilmirdim. Düzdür, bir müddət müxtəlif internet portalları üçün materiallar hazırıladım, lakin müəyyən məsələlər məni qane etmədi. Ona görə beş il mediadan uzaq qaldım. 2021-ci ildə Bizim.media saytından dəvət gələndə qəbul etdim.

Burada sanki ANS-in yazılı nüsxəsini gördüm. O vaxtdan bu yana sözügedən saytın şimal müxbiriyəm. Adaptasiya məsələsinə gəldikdə isə ilk bir il çətin oldu, ancaq sonra öyrəşdim.

- Yəqin bu prosesdə televiziyadan öncə yazılı mətbuatda çalışmağınızın da rolu var.

- Əlbəttə. ANS-dən əvvəl 11 il "Qusar" qəzetində işləmişəm.

- Niyə məhz Qusar?

- 1987-ci ildə jurnalistika fakültəsini bitirəndən sonra çox istəyirdim ki, Bakıda qalıb işləyim. Tələbə vaxtı "Bakı" və digər mərkəzi qəzetlərdə çap olunurdum. O dövrdə universiteti bitirən kimi avtomatik şəhər qeydiyyatından da çıxırdıq. Beləcə məlum səbəblərdən dolayı ailəmin də məsləhəti ilə Qusara təyinat aldım. Bu qərarı verməyimdə jurnalistika fakültəsinin dekanı, istedadlı tələbələrin həmişə arxasında dayanan, əslən Qubadan olan rəhmətlik Tofiq Rüstəmovun da rolu olub. Bir sözlə, 1987-ci ildən Qusar şəhər sakiniyəm.

- Ləzgi dilini də Qusara köçəndən sonra öyrənmisiniz?

- Bəli. Deməli, "Qusar" qəzetində işlədiyim vaxtlarda məsul növbətçi olurdum. Qəzet də üç dildə - Azərbaycan, rus və ləzgi dillərində çıxırdı. Azərbaycan səhifəsini oxuyandan sonra digər dillərdə olan materialları oxumaqda növbətçilər mənə kömək edirdilər. Ancaq özüm də ləzgicə öyrənməyə cəhd edirdim ki, növbətçi olduğum vaxt qəzetdə nəsə səhv getməsin. Beləcə yavaş-yavaş öyrəndim. Düzdür, ləhcə hiss olunduğu üçün ləzgi dilində çox danışmıram, ancaq bilirəm.

- Qusarda tək, sıfırdan həyat qurmaq sizə çətin olmadı ki? Bildiyim qədərilə şəkilisiniz.

- Məişət problemləri hər yerdə olur. İlk illər kirayədə qaldım, sonra dövlət xətti ilə ev aldım. Çətinliklər həmişə var və onlar həyatın bir parçasıdır.

- Bu illər ərzində heç Bakıya köçməyi düşünməmisiniz?

- Hamı Bakıya qaçır. Bəs rayonlarda kim işləsin? Bəzən mənə sual verirlər ki, uzun illər Qusarda necə qalmısan? Deyirəm çox yaxşı. Qusarın gözəl insanları var. Bu gün mənə hansısa media qurumunda məsul vəzifə də versələr, Bakıya gəlmərəm. Gənclik vaxtı mənim də paytaxtda yaşamaq arzum olub, ancaq indi istəmirəm. Vaxt olduqca qohumlarımgilə gəlirəm, dostlarımı görürəm. Mart ayında tələbə yoldaşlarımla görüşəcəyəm. Tələbəlikdən söz düşmüşkən, bir şeyi mütləq qeyd etmək istəyirəm ki, bizim çox gözəl qrupumuz olub - 1012-ci qrup. Onların içərisində bu gün işinin peşəkarı kimi tanınanlar çoxdur. Məsələn, mənim parta yoldaşım vardı - Faizə Mehdiyeva. Yevlaxın Şilyan kəndindən, sadə bir ailənin qızı idi. Ancaq bu gün dövlət televiziyasında çalışır, bir-birindən maraqlı verilişlər hazırlayır.

- Bəs televiziyaya necə gəldiniz?

- On bir il "Qusar" qəzetində işləyəndən sonra 1998-ci ildə Mirşahin Ağayev məni ANS-ə dəvət elədi. Mirşahinlə birinci kursda qrup yoldaşı olmuşduq, sonra o, əsgər getmişdi. Elə o vaxtdan da bir-birimizi tanıyırdıq. Beləcə ANS-də çalışmağa başladım, ta ki, 2016-ci ildə kanal bağlanana kimi. ANS-in bağlanmasına heç vaxt münasibət bildirməmişəm. İndi də bu haqda danışmaq istəmirəm.

- ANS bağlandıqdan sonra gözdən uzaq keçirdiyiniz beş il... Həmin dövrü necə xatırlayırsınız?

- Çox çətin günlər idi, ciddi depressiya yaşadım. İnsanların üzünün bir anda necə döndüyünü görürdüm. Məsələn, bir nümunə deyim, işlədiyim bölgələrin rayon rəhbərliyindəki şəxslər mətbuat günü ilə bağlı təşkil olunan tədbirlərə ürək edib məni çağırmırdılar. Dünənə qədər mənə müsahibə vermək üçün sinov gedən adamlar telefonuma cavab vermirdilər. Düzdür, heç kimə bu çətinliyi arzulamıram, ancaq məhz belə məqamlarda insanın gözü dörd açılır. Dar gün adamları tanımaq üçün yaxşı fürsətdir. Həmin vaxt telefonumu açmayan, məndən üz döndərənlər bu gün yenə işlək fəaliyyətimi görürlər. Ancaq mənim onlara qarşı heç bir kinim yoxdur.

- Necə çıxdınız o vəziyyətdən?

- Öz iradəm və yaxşı dostların sayəsində. Ən əsası 2020-ci ildə cənab Prezidentin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilməyim mənə böyük stimul oldu.

- 2020-ci ildə sizin işğaldan azad olunan bölgələrdən hazırladığınız silsilə reportajları görürdük.

- Qeyd edim ki, mən işğaldan azad olunmuş ərazilərə ilk dəfə gedən qadın jurnalistəm. 2020-ci ildə Xudafərinə getmişəm. Həmin vaxt rəsmi olaraq heç yerdə işləmirdim.

- Sizin bioqrafiyanızda bir nüans xüsusi diqqətimi çəkir. Yeddi il dalbadal jurnalistika fakültəsinə qəbul olunmaq üçün sənəd vermisiniz. Nə idi bu peşəni sizə belə sevdirən?

- İndi jurnalistika fakültəsinə qəbul olunmaq asandır, bizim vaxtımızda belə deyildi. Üstəlik, ali məktəbə stajla girirdilər. Qəbul imtahanından kəsiləndən sonra bir il fermada "lapet"ə peyin atmaqdan əllərim döyənək olub. Yeddi il bu fakültəyə girmək üçün çalışmışam, sonra kənddən gəlib Bakıda beş il oxumuşam. Məqsədimə çatmaq üçün çox çətinliklərdən keçmişəm, çox...

- Bəs sonrakı dönəmdə necə? Nə vaxtsa seçiminizdən peşman olmusunuzmu? Lap elə depressiyada keçən o beş ildə.

- Başqa peşə əlimdən gəlməzdi axı. Məsələn, məndən müəllim olar? Yox, məncə. Bilirsiniz, insan gərək gördüyü işi sevsin. Mən peşəmi çox sevirəm. Sizə bir nümunə deyim. Hazırda bir material üzərində çalışıram. Yazıların, şəkillərin tərtibatında bacımın nəvəsi Ayla mənə kömək edir. Çox istedadlı gəncdir və mən indidən onu gələcəyin peşəkar dizayneri kimi görürəm. Baxmayaraq ki, hələ tələbədir. Sözümün canı odur ki, peşəyə olan istək, sevgi özünü hələ erkən yaşda göstərir. Mən də jurnalistika peşəsinə məktəbdə oxuduğum vaxtdan valeh olmuşdum.

- Jurnalistikanın gözəl tərəfləri ilə yanaşı, çətinlikləri də var. Məsələn, hər an ekstremal vəziyyətlə üzləşmək ehtimalı kimi. Bilirik ki, belə hallar sizin karyeranızda da olub. Məsələn, skuterdən yıxılan vaxt çəkilən görüntüləriniz hələ də sosial şəbəkələrdə zarafat başlıqları ilə paylaşılır. Bu, sizin xətrinizə dəymir ki?

- Əlbəttə ki, görəndə əsəbləşirəm. Orada gülməli nəsə yoxdur. Həmin görüntüləri kim zarafata salırsa, özü zarafatlıqdır. Oldu qurtardı, vəssalam. Təsadüf nəticəsində baş verən hadisələrdir. Bir dəfə də çayı keçəndə atdan yıxılmışam. Allah qoruyub məni. Həmin görüntülər də var. Skuter sürəndə isə əyləc əvəzinə qazı basdığım üçün qəza olub. O video ilə zarafat edənlər düşünmür ki, skuter üstümə aşsaydı, nələr ola bilərdi.

- Aytəkin xanım, sizcə, jurnalistdə hansı xüsusiyyətlər mütləq olmalıdır?

- Operativlik, vicdanlılıq, prinsipiallıq. Əgər sən hər hansı bir tənqidi material hazırlayırsansa, digər tərəfi də mütləq nəzərə almalısan. Bəzən araşdıranda məlum olur ki, qarşı tərəf şikayətçidən də üstün mövqeyə malikdir. İmam üçün ağlayanda, Yezid üçün də ağlamaq lazımdır. Düzü, mən "qarşı tərəf" sözünü o qədər də xoşlamıram. Bəzi məsələləri araşdırarkən məlum olur ki, həmin qarşı tərəf şikayətçidən daha çox şikayətçidir. Bir material hazırlayanda jurnalist hər iki tərəfi dinləməli, ədalət prinsipini heç vaxt unutmamalıdır. Öz baxış bucağımdan çıxış edərək deyə bilərəm ki, operativlik mənim üçün çox önəmlidir. İnformasiya mövzusunda bir az paxılam. Bölgədəki jurnalistlər əlimdən dad eləyirlər. Çünki xəbəri birinci, özəl verməyi xoşlayıram. Bu, məni xoşbəxt edir.

- Kameradan ötrü darıxırsınız?

- O qədər... Ara-sıra saytımıza videomateriallar da hazırlayıram. Televiziya üçün necə darıxdığımı onda daha çox hiss edirəm. Hətta həmin çəkilişlərin birinin sonunda özümdən asılı olmadan demişdim ki, Aytəkin Alxaslı, Əli Orucov, ANS, Qusar...

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO