Balakənin İtitala kəndi ölkəmizdə velosipeddən ən çox istifadə olunan yaşayış məntəqəsi kimi tanınır. Bu kənddə 7-dən 77-ə hər kəs, hər ailə velosipeddən istifadə edir.
MÖVZU İLƏ BAĞLI:
Bakıdakı velosiped yollarında təhlükəsizlik sədləri YERLƏŞDİRİLDİ
Qanıx çayı vadisinə yaxın ərazidə yerləşən İtitala kəndinin sakinləri və onların maraqlı məşğuliyyəti haqda bir il əvvəl ətraflı bəhs etmişdik. O zaman bildirmişdik ki, kənd sakinləri yaşayış məntəqəsi daxilində daha çox avtomobildən deyil, nəqliyyat vasitəsi kimi velosipeddən istifadə edir. Onu da vurğulamışdıq ki, kənddə elə ev, elə təsərrüfat olmaz ki, orada bir ya iki velosiped olmasın.
Velosipedin insan sağlamlığı üçün faydalarını indi burada sadalamaq bəlkə də yersiz gələcək. Məhz bu insanların timsalında sağlam həyat sürmənin faydaları artıq hər kəsə bəllidir.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ötən müddətdə kənddə velosipeddən istifadə edənlərin sayı bir qədər də artıb.
Kənddə tədris ili başlayandan isə küçələrdə əsl “velosiped bumu” yaşanır desək, yanılmarıq.
Dərsə gələn, dərsdən gedən əksər uşaqlar bu nəqliyyat vasitəsindən istifadə edir. Çünki uşaqların uzaq məsafəyə velosipedlə gedib-gəlməyi həm sağlamlıq üçün faydalıdır, həm də vaxt itkisinin qarşısını alır.
400 nəfərə yaxın şagirdin təhsil aldığı şəhid Aslan Balayev adına məktəbin direktoru Məhəmməd Mustafayev uzun illərdir bu təhsil ocağına rəhbərlik edir. Nizam-intizam, məktəblilərin davranış qaydaları, təlim-tərbiyə Məhəmməd müəllimin həyatının tərkib hissəsinə çevrilib. Direktor həm də şagirdlərinin sağlamlığına çox ciddi fikir verir, qayğı göstərir.
Hər səhər uşaqların dərsə gəlməsini hətta velosipedlərin səliqə-sahmanla park edilməsini belə nəzarətdə saxlayır. Deyir ki, bəzən elə valideyn olur velosiped almaq imkanı olmur. Ona da bir çarə tapır və uşağının digərlərindən seçilməməsi üçün çalışırlar.
Hələ illər əvvəl kənddə bu təşəbbüsə başlayanda Məhəmməd müəllim şagirdlərinə motivasiya vermək, örnək olmaq məqsədi ilə özü də dərsə velosipedlə gəlib.
Digər tərəfdən yağışlı, küləkli günlərdə ya da yollarda təhlükə olanda axşamdan valideynlərə xəbər göndərilir ki, azyaşlılar piyada hərəkət etsin, yaxud valideynləri onları məktəbə müşayət edərək gətirsin.
Son bir ildə kənddə minik və yük nəqliyyat vasitələrinin artması isə ilk növbədə məktəb rəhbərliyinin, pedaqoji kollektivin qayğısına səbəb olub. Çünki kənd sakinləri ilə yanaşı məktəblilər də dərsə gedib-gələndə, yaxud dərsdən kənar məşğələlərə gedəndə yollarda əsl sıxlıq yaranır. Bu isə minik avtomobilləri ilə velosipedçilərin bəzi hallarda anlaşılmazlığına səbəb olur.
Bu səbəbdən məktəb valideyn komitəsi yeni tədris ilindən belə bir təşəbbüslə çıxış edib ki, kəndin əsasən mərkəzi asflat yollarında velosipedçilər üçün təhlükəsizlik zolağının çəkilməsi istiqamətində müvafiq qurumlarla danışıqlar aparsın ya da müraciət etsin.
Dərsarası fasilədən istifadə edib şagirdlərlə bu haqda söhbətləşirik.
Doğrudan da, burada hər kəs velosipedi əsas nəqliyat vasitəsi görür. Qızlı-oğlanlı hamı dərsə gələndə məktəbin girişindəki dayanacaqda müəyyən olunmuş yerdə velosipedini saxlayaraq dərsə yollanır. Şagirdlər bildirir ki, əsasən günorta saatlarında kənddə nəqliyat bumu yaşanır. Bu səbəbdən mərkəzi yollarda təhlükəsizlik zolağının çəkilməsi olduqca vacibdir.
Məktəbin qarşısından keçən mərkəzi yolda beş on dəqiqə müşahidə aprsaq görərik ki, sakinlərin də əksəri təsərrüfat işlərini ya bazarlığa, xeyr ya şər məclislərinə velosipeddən istifadə edərək gedirlər.
Və budur, üç nəfər velosipedlə qoşa şütüyür.
Salamlaşıb bir neçə dəqiqə ayaq saxlamalarını istəyirik. Heybullah kişinin sözlərindən aydın olur ki, kəndin digər hissəsində olan təsərrüfata baş çəkməyə gedir.
Kəndin mərkəzi yollarında velosiped zolağının çəkilməsi ilə bağlı təklifə münasibətini öyrənmək istədikdə hər üç sakin qeyri-ixtiyari bir anda deyirlər:
Mütləq, olması vacibdir.
Sakinlər daha sonra onu da diqqətə çatdırır ki, təhlükəsizlik zolağı olarsa, həm də kənd daxilində nəqliyyat vasitələrindən istifadə edənlər də nizam-intizama riayət etmiş olacaq, əsasən məktəblilər dərsə eləcə də dərsdən sonra daha rahat hərəkət edə biləcəklər.
Sakinlərlə sağollaşıb üz tuturuq kənd icra nümayəndəliyinə. İcra nümayəndəsi German Balayev şəhid ailəsinin üzvüdür. Qardaşı Aslan Balayev Birinci Qarabağ müharibəsində qəhrəmanlıqla döyüşənlərdən biri olub. Elə kənd tam orta məktəbi də German müəllimin qardaşının adını daşıyır.
Müsahibim məqsədimizi bilən andan gülümsəyir və özünün də velosiped istifadəçisi olduğunu bəri başdan diqqətimizə çatdırır.
“Bilirsiniz, bizim kənddə 7-dən 77-ə hər kəs fəal velosiped istifadəçisidir” deyir və əlavə edir ki, istər valideyn, istər məktəbin pedaqoji kolektivi, eləcə də sakinlər tərəfindən təhlükəsizlik zolağının çəkilməsi barədə müraciətlər daxil olmaqdadır.
Bununla bağlı məsələ rayon rəhbərliyinin də diqqətinə çatdırılıb və müsbət yanaşılıb.
“Bir sıra müvafiq qurumlar da var ki, onlarla da məsləhətləşmələr, müzakirələr aparılmalı və yekdil qərara gəlməliyik” deyən icra nümayəndəsi qarşıdakı aylarda kənddə zolaqların çəkilməsinin mümkün olacağını ifadə edib.
Bu layihə reallaşarsa, ölkəmizin kəndlərində bir ilk yaşanacaq. Bu həm də insanların sağlamlığına bir örnək və motivasiya kimi yaddaşlara həkk olunacaq.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu