Azərbaycanda yaşlı insanlar cəmiyyətdən təcrid olunurlar desək, yanılmarıq. Sanki nənələrimiz, babalarımız 60 yaşı keçəndən sonra sadəcə ölümü gözləyirlər. Çünki pensiya yaşı çatdığı üçün işdən çıxmalı olurlar. Evdə bekar oturaraq günlərinin keçməsini gözləyirlər.
Amma beynəlxalq təcrübədə bunun belə olmadığını bilirik. Xarici ölkələrdə 60 yaşdan sonrakı dövrü yaşlılar daha səmərəli və xoşbəxt yaşayırlar.
Ən əsası ürəkləri istədikləri kimi istirahət edirlər. Elə bu səbəbdən də əcnəbilər bizim cəmiyyətin yaşlı təbəqəsinə nisbətən daha çevik, xoşbəxt və gümrahdırlar. Əslində çox olmasa da rayon və kəndlərimizdə yaşayan insanların asudə vaxtlarını keçirmələri üçün bəzi məşğuliyyətləri var, şəhərdə yaşayanlar üçün isə vaxt keçirtmək daha çətindir. Təqaüd məbləğinin az olması da bir başqa mövzudur...
MÖVZU İLƏ BAĞLI:
İnsanlar yaşlandıqca aqressivləşir, yoxsa “yeddisində nədirsə, yetmişində də odur”?
“Azərbaycanda yaşlı insanlar sadəcə öz ölümlərini gözləyirlər”
Sosioloq Ağasəlim Həsənov Bizim.Media-ya bildirib ki, yaşlı insanlar iş fəaliyyətlərini dayandırandan sonra həyatlarını elə qurmalıdırlar ki, depressiyaya düşməsinlər:
“Qərb ölkələri ilə müqayisədə Azərbaycanda yaşlı əhali demək olar ki, uzaq turistik səyahətlərdə az olurlar, daha çox ev şəraitində qalırlar, qapanırlar. Bəlkə min bir istəkləri, arzuları var, amma hansısa maddi çatışmazlıq ucbatından, və ya fiziki imkanların məhdudluğu səbəbindən öz istəklərini gerçəkləşdirə bilmirlər. Bu da sonda təbii ki, yaşlı əhalinin sosial-psixoloji durumuna pis təsir edir. Dolayısı ilə səhhətlərində müxtəlif problemlər yaranır. Həyat sanki onlar üçün sönmüş olur.
Maraqsız və əhəmiyyətsiz olur. Asudə vaxtını səmərəli təşkil edə bilməyən və ya etmək istəyində olub bunu gerçəkləşdirə bilməyən yaşlı fərdlər öz ölümünü gözləyən xəstə kimi həyatlarına davam edirlər”.
Azərbaycanda sosial işçiyə ehtiyac var?
Ağasəlim Həsənov bildirib ki, xarici ölkələrdə yaşlı təbəqənin qayğıları ilə məşğul olan işçilər var:
“Düşünürəm ki, Azərbaycanda bununla bağlı çox ciddi boşluq var. Məsələn, Kanadada sosial iş sahəsi çox inkişaf edib. Bəzi sosial işçilər var ki, onlar müxtəlif yaş kateqoriyasında olan insanlarla daim işləyirlər və bunun müqabilində yüksək maaş alırlar. Yaşlı əhalinin daimi psixoloji yardıma, dəstəyə ehtiyacı var. Sosial işçilər yaşlı insanların ehtiyacları ilə maraqlanır və onların günlərini daha səmərəli keçirmələrinə kömək edirlər. Azərbaycanda da bu təcrübədən istifadə etmək olar”.
Nuray, Bizim.Media