Estetik gözəllik, yoxsa canına SUSAMAQ - Göz rəngi dəyişmə əməliyyatının RİSKLƏRİ

Estetik gözəllik, yoxsa canına SUSAMAQ - Göz rəngi dəyişmə əməliyyatının RİSKLƏRİ

Hazırda oxunan: Estetik gözəllik, yoxsa canına SUSAMAQ - Göz rəngi dəyişmə əməliyyatının RİSKLƏRİ

207665

Azərbaycanda göz rənginin dəyişdirilməsi əməliyyatına başlanılıb. Əməliyyatın keyidicilər vasitəsilə tam ağrısız olduğu və lazer vasitəsi ilə sadəcə 30-40 dəqiqə çəkdiyi bildirilir.

Estetik əməliyyatlarda yeni çağ yaradan göz rəngi dəyişmə əməliyyatına tələbat çoxdur. FLAAK(Femto Laser Aesthetic Annular Keratopigmentation) adlanan əməliyyatı edən həkimlər bunun heç bir daxili fəsadlarının olmadığını deyirlər. Sosial mediada isə əksinə, oftalmoloqlar bu əməliyyata etiraz edirlər. Onlar düşünür ki, bu əməliyyatı edənlər pul xatirinə insanların həyatını riskə atırlar. Təəssüflər olsun ki, insanlar estetik əməliyyatlar edərkən kifayət qədər araşdırmırlar, riskləri və ziyanları götür-qoy etmirlər. Pasiyentlərə maraqlı olan sadəcə cəmiyyətin diktə etdiyi “gözəllik standartları”na uymaqdır.

Bəs bu əməliyyatın ziyanları və riskləri nələrdir?

Bizim.Media xəbər verir ki, 2008-ci ildən Azərbaycanda akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində buynuz qişanın patologiyası ilə yaxından məşğul olan, ildə 60-dan çox buynuz qişa transplantasiyası edən mütəxəssis Cəmil Həsənov öz “Facebook” hesabında əməliyyatın ziyanlarını vurğulayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Bir-birinə bənzəyən estetikli ÜZLƏR - Cəmiyyətin gözəllik anlayışı niyə DƏYİŞİB?


​​​​​​​O, qeyd edib ki, bu prosedurdan sonra aşağıdakı ağırlaşmalar baş verir:

1. Xroniki quru göz;

2. Ektaziyaya, bulanmaya, buynuz qişanın hidropsuna və görmə qabiliyyətinin itirilməsinə gətirib çıxaran buynuz qişanın deformasiyası;

3. Yeridilən boyaya reaksiya kimi xroniki fotofobiya, iltihab, uveit;

4. Buynuz qişada yeni qan damarlarının əmələ gəlməsi;

5. Buynuz qişada çapıq və görmə itkisinə səbəb ola biləcək bakterial və ya göbələk infeksiyası;

6. Buynuz qişada boyanın qeyri-bərabər paylanması;

7. Boyanın gözün digər təbəqələrinə nüfuz etməsi;

8. Miqrasiya və ya boyanın gözə daxil olması səbəbindən rəngin solması;

9. Qlaukoma;

10. Tam korluq”.

“Bu əməliyyatın reklamı yolverilməzdir”

Oftalmoloq bildirib ki, bu əməliyyat bir çox göz xəstəliklərini müalicə edir. Amma göz rənginin dəyişdirilməsi üçün istifadəsi yolverilməzdir.

“Təbii ki, bu prosedur yaralanma, iltihab və ya buynuz qişanın anadangəlmə anomaliyası səbəbindən gözlərdəki anormal görünüşü (buynuz qişada bulanma və ya çapıq) aradan qaldırmaq üçün edilsə idi, yuxarıda göstərilən bütün fəsadlara göz yummaq olardı. Amma bu, sadəcə olaraq müştərinin gözünün rəngini dəyişmək istəməsi və israr etməsi səbəbindən edilirsə, ixtisaslı oftalmoloq tərəfindən bu qəbuledilməzdir. Həkim ən azından bu əməliyyatın geri dönüşünün olmaması və ola biləcək ağırlaşmalar haqda ətraflı məlumat verməli, pul, qazanc xatirinə “sizin arzusunda olduğunuz mükəmməl göz rənginiz olacaq” kimi reklam etməməlidir”.

“Linzalardan istifadə edin”

“Dünyanın bütün oftalmoloji cəmiyyətləri “mən gözlərimin rəngini həmişəlik dəyişmək istəyirəm” səbəbi ilə aparılan bu prosedurun qəti əleyhinədir. Bu gün mavi gözlü, sabah yaşıl gözlü, ertəsi gün qəhvəyi gözlü görünmək istəyirsinizsə, kosmetik (rəngli) kontakt linzalardan istifadə edin. İnternetdə buynuz qişanın piqmentasiyası və ağırlaşma riski haqqında çoxlu məlumat var. Təəssüf ki, internetdə göz rənginin dəyişdirilməsi ilə bağlı reklam çarxları bütün dünyada böyük populyarlıq qazanıb. Nəticələrini anlamayan insanlar pul düşkünü həkimlərin təklifi ilə bu son uydurmanı qəbul etməyə başladılar”, -deyə oftalmoloq əlavə edib.

Nuray, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO