Şəhərətrafında yerləşən emalatxanada sükunətli, işıqlı və çox rahat ab-hava hökm sürür. Divarlarda asılmış rəsmlər diqqəti cəlb edir. Rəflərdə çoxlu qədim əşya – kitablar, fotoaparatlar, teatr binoklları, saatlar, sikkələr, markalar var. Onların kolleksiyaçısı emalatxananın sahibi və həmsöhbətimizdir.
Rəssam, təsviri sənət və qrafik ustası Tahir Şıxəliyev Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. İlk təhsilini Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbində alıb, sonra Tbilisi Dövlət Rəssamlıq Akademiyasına daxil olub. Onun əsərləri Rusiya, Gürcüstan, Belarus, Türkiyə, Almaniya, ABŞ və Rumıniyada rəsm kolleksiyalarını bəzəyir.
Bizim.Media xəbər verir ki, Tahir Şıxəliyev AZƏRTAC-ın müxbiri ilə söhbətində dünyanı hansı rəng çalarlarında görməsi barədə danışıb.
-Tahir müəllim, elə indicə emalatxananızda olduq. Bu yaradıcılıq məkanının sizin üçün əhəmiyyəti nədən ibarətdir?
-Emalatxana mənim evimdir. Daim burada oluram. Yalnız yemək və yatmaq üçün evə gedirəm. Bəzən yemək yeyərkən də hansısa bir ideya yaranır və emalatxanaya qaçıram, düşünürəm ki, beş dəqiqədən sonra qayıdacağam, amma mümkün olmur. İki saat sonra qayıdanda görürəm ki, artıq yeməyim də soyuyub. Emalatxananı mətbəxlə də müqayisə etmək olar. Düzünü desəm, bu gün sizin gəlişinizdən əvvəl bir az yemək yemişəm. Adətən məndə elə hallar olur ki, fırçanı yerə atıram və ya əlimdən düşür, onu qaldırmıram və üzərinə çıxdığımda, boyaya bulaşıram. Vaxtımın əksər hissəsini şəhərdə keçirirəm, orada da iş otağım var, ancaq buradakı kimi sərbəst deyiləm, çünki evimdə “general” var. (Gülür).
- İlk emalatxananızı xatırlayırsınız?
- Bəli, Pervomaysk küçəsində (indiki Dilarə Əliyeva küçəsi –red.) idi. Amma sonradan o binanı sökdülər. Orada üç nəfər işləyirdi – Nazim Rzaquluyev, Zaur Əliyev və mən. Rəssamlıq məktəbində oxuduğumuz ilk gündən dost olmuşduq. Təəssüf ki, Zaur Əliyev artıq aramızda yoxdur. Kiçik, amma ara mərtəbədə olan emalatxana idı. Yayda pəncərələr həmişə açıq olurdu, uşaqların, anaların və ataların qışqırıqlarını eşidirdik. (Gülür).
-Onlar sizə ilham verirdi?
-Həmişə yox. (Gülür).
-Tahir müəllim, gününüzü necə keçirirsiniz?
- İlin əksər hissəsini bağ evində keçiririk. Günüm bağçaya çıxıb nəsə etməyimlə başlayır: həyəti sulayıram, ətrafı süpürürəm, zibili çıxarıram. Rəsmlərimdə də çoxlu bitki elementləri var. Burada isə yaşıllıq çoxdur, baxın - fon yaşıldır; yəqin ki, qaranlıqdan işığa, istidən soyuğa 15-16 rəng çaları var. O qədər sakitləşdiricidir ki... Səhər isə şeh düşür - bu, belə bir müsbət enerjidir! Şehdə gəzmək olduqca xoşdur. Sonra səhər yeməyinə gedirəm. Səhər yeməyi bir saat yarım davam edir. Daha sonra emalatxanaya yollanıram. Bəzən dəniz sahilinə gedirəm. İndi orada nadir hallarda oluram, çünki əsəbiləşirəm - orada hər yer bağlanıb... Hər şey zövqsüz edilir. Amma bütün işləri zövqlə, ruhla görmək lazımdır. Bu çimərlik əvvəllər təbii halda idi. Oraya gəlirdik, adyal sərirdik, otururduq...
-Tez-tez səyahətə çıxırsınız, yaradıcılığınızda çoxlu şəhər peyzajı var. Amma onlar sizin fırçanızda məxsusi çalar alır, təkcə sizin özünüzə aiddir. Müxtəlif şəhərləri “özününkü” etməyə necə nail olursunuz?
-Bu, mənim baxış bucağım, hisslərim sayəsində mümkün olur. Bakı da rəsmlərimdə həmişə özümə məxsusdur. Mən onu təsəvvür etdiyim şəkildə yaradıram.
-Bəs elə hal olurmu ki, hər hansı bir şəhərə gəlirsiniz və onu ram etmək, “özününkü” saymaq mümkün olmur?
- (Düşüncəyə dalır). Berlində mən bu hissi yaşamışam. Onun ruhunu tuta bilmədim. Orada sanki hər şey yaxşı görünürdü. Sonra Potsdama getdik: şəhər çox gözəl, rənglər yaxşı idi. Amma sonradan nə qədər təsvir etməyə çalışsam da, alınmadı... Sənətdə isə zorla heç nə etmək olmaz. Sənətin ruhu olmalıdır. Əks halda, siz heç nə yarada bilməyəcəksiniz.
- Hansı şəhər sizi valeh etdi?
- Çox şəhərlərə heyran oldum. London mənə böyük təsir bağışladı. Bir də Venesiya məni valeh etdi. Baxmayaraq ki, deyirdilər oraya getməyim... Amma mən getdim.
- Bəs oranı bəyəndinizmi?
- Orada özümü yaxşı hiss etdim. Pis bir şey görmədim. Bu, kimin hansı əhvali-ruhiyyədə olmasından, dünyaya baxışından asılıdır. Venesiya bir teatr şəhəridir. Ümumiyyətlə, hər bir şəhər bir teatr kimidir.
- Sizcə, Bakı necə teatrdır?
- Bakı romantik teatrdır... Digər tərəfdən, məsələn, Tiflis musiqili teatrdır!
- Tiflis sizin ikinci şəhərinizdir. Belə demək mümkündürmü?
- Bəli. Rəssamlıq Akademiyasında oxuyanda, altı ilə yaxın orada yaşadım. Təbii ki, bura mənim doğma şəhərimdir. Orada dostlarım var. Tiflisə həsr etdiyim çoxlu əsərlər yaratmışam.
- Gürcüstanda tələbəlik illəriniz necə keçdi?
- Orada hər şey fərqli idi. Mənim oxumaq istədiyim yer Tiflis idi. Bir növ, Gürcüstana həvəsim vardı. Baxmayaraq ki, Moskvada təhsil almaq imkanım olub. Gəncliyimdə, sovet dövründə çoxlu televiziya filmləri çəkilirdi. Gürcülər bunu çox yaxşı bacarırdılar. Gənc Kikabidzenin oynadığı “Ağlama” adlı bir film var idi. Sovet dövründə bu, çox sürrealist ekran əsəri idi. Bir də “Səma qaranquşları” filmi var idi, orada qəribə teli olan aktrisa İya Ninidze oynayırdı. Gürcüstanda bizim akademiyamızda da Ninidze ilə eyni saç teli olan bir qız oxuyurdu.
- Tahir müəllim, zamanla bədii üslubunuz dəyişib. Bu necə baş verdi?
- Qrafikanı öyrənməyə və rəsmdə cizgiləri dəyişməyə başladım. Sonra rənglər də tədricən dəyişdi. Bu rəsmi görürsən? (Göstərir.) Bura Azərbaycandır, amma mən bu rəngləri Balkan ölkələrindən – Monteneqro və Xorvatiyadan gətirmişəm. Orada səma tamam başqadır, rənglər fərqlidir.
- Landşaftlarımız üçün hansı rənglər xarakterikdir?
- Qırmızı, mavi, yaşıl. Prinsipcə, bunlar bayrağımızın rəngləridir. Hələ narıncı da var. Parlaq rənglər xarakterik və zəngindir. Belə rənglərlə işləməyi bacarmaq lazımdır. Mənə həmişə deyirdilər ki, qırmızı çox təhlükəli rəngdir. Onunla işləmək, yaratmaq daha çətindir, çünki olduqca ziddiyyətlidir, çılpaqdır, həmişə diqqəti daha çox cəlb edir. Sanki bir yerdə onun qışqırmasına icazə verməlisən və hansısa bir məqamda onu susdurmalısan.
- Tahir müəllim, ölkəmizdə müasir rəssamlıq məktəbini necə qiymətləndirərdiniz?
- Bizim rəssamlıq məktəbimiz həmişə güclü olub. Sovet dövründə isə Azərbaycan təsviri sənəti İttifaq ölkələri arasında seçilirdi. O dövrü nəzərə alsaq, Mikayıl Abdullayev, Toğrul Nərimanbəyov, Tahir Salahov, Səttar Bəhlulzadə, Rasim Babayev, Mircavad kimi yaradıcılıq üslubları fərqli olan rəssamlarımız vardı. Baxmayaraq ki, onlar sosialist realizmi hərəkatına mənsub idilər və Sovet İttifaqını təmsil edirdilər. Daha çox ad çəkmək olar. İndi də xeyli gənc, istedadlı, öz “siması” olan, əsərlərinə heyran olduğum rəssamlar var.
- Tələbəlik illərində sizi və yoldaşlarınızı nə narahat edirdi? Bəs indi gənc rəssamı narahat edən nədir? Onun hansı çətinlikləri var?
- Gənc rəssamların problemlərindən danışmaq mənim üçün bir az çətindir... Əvvəla, gənc rəssamların problemi yəqin ki, maddidir. Hər kəs birtəhər məskunlaşmalı, ailə qurmalı, haradasa yaşamalıdır. Bizim vaxtımızda fərqli idi. Təhsil alırdıq, sərgilər keçirirdik, bir araya gəlirdik, danışırdıq, ucadan şeir oxuyurduq, baletə, futbola gedirdik... Maraqlı vaxt keçirirdik. Biz rəsm çəkirdik və bu əsəri necə və neçəyə satacağımızı düşünməzdik. İndi mən gənclər tanıyıram ki, onlar məsləhət üçün gəlib deyirlər: “Bunu neçəyə sata bilərəm?” Başa düşürəm ki, həmişə pula ehtiyac var. Amma o vaxt biz bu haqda düşünmürdük. Dünya çox dəyişib. Əvvəllər insanlar bir yerdə yaşayırdılar, bir-birinə kömək edirdilər. Dünya daha təmiz idi...
- Tahir müəllim, bir sənətkar kimi missiyanız nədən ibarətdir?
- Sənətdən yox, başqa sahələrdən olan çoxlu dostlarım var. Mənim sayəmdə muzeylər, rəsmlər, rəssamlar haqqında məlumat əldə ediblər. Onlara əsl sənətdən danışıram, rəsmlər göstərirəm, muzeylərə, sərgilərə aparıram. Sənətə marağı olmayan insanlar da mənim sayəmdə ona maraq göstərdilər. Yəqin ki, bu da bir növ missiyadır - insanları maarifləndirmək. Bunun sayəsində dünyanı bir az daha yaxşılaşdırmaq mümkün olur.
Bizim.Media