DİM-dən ixtisas kodlaşdırılması ilə məşğul olan

DİM-dən ixtisas kodlaşdırılması ilə məşğul olan "dəllal"larla bağlı abituriyentlərə XƏBƏRDARLIQ – ÖZƏL

Hazırda oxunan: DİM-dən ixtisas kodlaşdırılması ilə məşğul olan "dəllal"larla bağlı abituriyentlərə XƏBƏRDARLIQ – ÖZƏL

197147

Ali təhsil müəssisələrinə qəbul üçün ballar açıqlanıb. Artıq növbəti mərhələ abituriyentlərin ixtisas seçimi etməsidir. Amma onları narahat edən məsələlərdən biri ixtisas seçimi zamanı onlara yardım edən müəllim və təhsil ekspertlərinin xidmət haqqının həddindən artıq baha olmasıdır.

Abituriyent və valideynlər bildirir ki, ixtisas seçiminin kodlaşdırılmasını edən müəllimlər bunun üçün 200 manat tələb edirlər. Halbuki ixtisas kodlaşdırılması prosesinin mexanizm və üsullarını abituriyentlərə elə təhsil ocağının özündə müəllimləri, yaxud illərlə getdikləri repetitorları izah etməlidirlər. Maraqlısı budur ki, sadə bir prosedur bəhs etdiyimiz xidməti göstərənlər tərəfindən şişirdilərək, abituriyentlərin və ya valideynlərinin özlərinin bacara bilmədikləri iş kimi dəyərləndirilir. Bunda isə maraqlı tərəflər var..

Üstəlik qeyd etdiyimiz xidmət haqqını ödəyə bilməyən abituriyentlərimiz var. Onlar kimə müraciət etsinlər?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Etibar Əliyev bu cür halların sadəcə sui-istifadə olduğunu bildirib:

“Bu sahədə iş görən müəllimlər adlarını mütəxəssis qoyurlar. Üstəlik, bunun üçün yüksək məbləğdə ödəniş tələb edirlər. Bu məsələdə hər hansısa çətin bir alqoritm yoxdur ki, bunun üçün bu qədər ödəniş tələb olunsun. Abituriyenlər topladıqları bal ilə uyğunlaşan ixtisasları asanlıqla seçə bilərlər. İxtisas kodlaşdırması üçün o halda hər hansısa mütəxəssisə müraciət etmək olar ki, abituriyent statistikadan xəbərsizdir və ya bu sistemi ümumiyyətlə anlamır”.

Deputatın sözlərinə görə sistem üzrə  dövlətin tərtib etdiyi plan var ki, bu planda da hər şey aydın şəkildə təqdim olunur. Abituriyent o zaman ödəniş edər ki, bu işlə məşğul olan mərkəzlərə  müraciət edib. Düşünürəm ki, bu halda da ödəniş 50 manat civarını keçməməlidir”, - deyə deputat qeyd edib.

Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə isə Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, “Ali təhsil müəssisələrinə ixtisas seçimi yaxınlaşdıqca yenə də sosial şəbəkələrdə müxtəlif şəxslər, səhifələr ödəniş müqabilində qeydiyyat, ixtisas seçimi həyata keçirə biləcəkləri ilə bağlı elanlar paylaşırlar:

“Dövlət İmtahan Mərkəzi adından abituriyentləri diqqətli olmağa çağırırıq. Bir çox hallarda hətta Mərkəzin adından da sui-istifadə olunur. Abituriyentlər və onların valideynləri bu tip şəxslərin aldadıcı çağırışlarına əhəmiyyət verməməli və ən əsası özləri bu prosesi həyata keçirməlidirlər.

İxtisas seçimi zamanı abituriyentlər bəzən hər hansı texniki səhvə yol verəcəklərindən ehtiyatlanırlar. Lakin proqram təminatı elə qurulub ki, abituriyentin səhv etmək imkanı yoxdur və ərizəni yadda saxladıqda hər hansı bir yanlışlıq varsa, sistem tərəfindən səhvin mahiyyəti barədə xəbərdarlıq edilir və yalnız həmin səhv düzəldildikdən sonra ərizəni təsdiq etmək mümkün olur”.

Xanlar Xanlarzadə qeyd edib ki, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası çox sadədir və “Abituriyent” 4 jurnalında da veriləcək:

“Burada, həmçinin qəbul aparılan ixtisaslar, onların kodları göstəriləcək. İxtisas seçimindən öncə isə hər ixtisas qrupu üzrə ayrıca “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı vəsaitlər nəşr olunacaq. Burada abituriyentlərin imtahan ballarının paylanması, eləcə də ali təhsil müəssisələrinə ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri və digər zəruri məlumatlar təqdim olunacaq.

Bu prosesin istənilən bir mərhələsində çətinlik çəkən abituriyentlər Dövlət İmtahan Mərkəzi tərəfindən yaradılan və ödənişsiz xidmət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər. Məsləhət Mərkəzləri Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Avrasiya, Memarlıq və İnşaat, Texniki Universitet, Bakı Mühəndislik Universitetlərində, Azərbaycan Dövlət Aqrar Universitetində, Sumqayıt Dövlət Universitetində və DİM-in regional bölmələrində fəaliyyət göstərirlər”, - deyə qurum rəsmisi vurğulayıb.

Nailə Kərim, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO