Yas mərasimində Quran oxunmamalıdır? – İlahiyyatçıdan AÇIQLAMA

Yas mərasimində Quran oxunmamalıdır? – İlahiyyatçıdan AÇIQLAMA

Hazırda oxunan: Yas mərasimində Quran oxunmamalıdır? – İlahiyyatçıdan AÇIQLAMA

193079

Son günlər sosial şəbəkələrdə qəribə bir müzakirə aparılır. Müzakirə iştirakçılarının bəziləri məclislərdə Quranın oxunmasına qarşı çıxış edirlər. Onlardan bəzisi hətta iddia edir ki, yas məclisində Quranın və yaxud “Yol hərəkəti qaydaları”nın oxunmasının ölü üçün heç bir əhəmiyyəti yoxdur.

Təbii ki, bu cür subyektiv fikirlər çoxluq tərəfindən pislənilib. Belə fikirlər söyləyənlər savadsızlıqda ittiham edilib.

Bəs nəyə görə yas və digər məclislərində Quran oxunur?

Suala ilahiyyatçı Tural İrfan aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, Quran bir-iki natəmiz yerdən savayı istənilən yerdə oxuna bilər:

“Toyda, nişanda, iclasda, konfransda, açıq havada, evdə, məzarlıqda, dəfn zamanı, nikah zamanı və s. Allahın kəlamını Allahın bəndəsi dünyadan köçərkən, yaxud dəfn edilərkən qiraət etmək qadağan edilə, günah sayıla bilməz. Əksinə bu çox böyük bir savabdır, ibrətdir, adətdir.

Həm ölü üçün, həm də dirilər üçün gözəl bir ənənədir. Ona görə də Quran tərcümə edilib oxunsa ,toplaşan insanlar Allahı, axirəti, ölümü, yenidən dirilməni xatırlayır, ibrət alarlar və Qurana inamları daha da möhkəmlənər.

Quran camaatın ibrət alması və mərhumun ruhuna savabın bağışlanması üçün oxunur. Ruhun eşitməsi də mümkündür. Ancaq eyni zamanda Quranı yalnız yas kitabı olaraq ancaq ölü yerlərində, yas məclislərində oxumaq, mənasını camaatdan gizli saxlamaq, tərcümə etməmək doğru deyil. Quran ölü kitabı da deyil. Quran bütün bəşəriyyətə nazil olmuş hidayət kitabıdır. Onu ancaq yas yerlərində maddiyyat əldə etmək üçün qazanc vasitəsinə çevirmək də böyük günahdır”.

İlahiyyatçı onu da qeyd edib ki, Quranın vəhy məntiqindən yox, öz məntiqindən çıxış edənlər Quranın yas məclisində, yaxud müsəlmanın dəfni zamanı oxunmasını inkar edirlər:

“Bir neçə ayəni kontekstdən çıxarıb izah etməyə cəhd edirlər ki, guya Quran yalnız dirilər üçündür. Lakin Quranın ümumi mahiyyəti bu kitabın təkcə dirilər üçün deyil, bütün varlıqlar üçün nəzərdə tutulduğunu təsdiq edir. Quran həm dirilər, həm də ölülər üçündür, həm canlılar, həm də cansızlar üçündür.

Manipulyasiya edərək guya Quranın ölünün cəsədinə oxunduğunu iddia edərək "ölü Quranı eşitmir" deyirlər. Bu, tamamilə yanlışdır. Peyğəmbərdən də hədis var ki, ölülərinizə Yasin oxuyun. Ruh heç zaman ölmür. İnsan vəfat etdikdən sonra ruh Allahın izni ilə seyr edir, dinləyir, görür, eşidir. Şübhəsiz ki, tövbə qapısı ölərkən bağlanır. 
Ancaq oxunan Quran ölünün eşidib iman gətirməsi, dünyadakı səhvlərini düzəltməsi üçün deyil. Oxunur ki, insanlar ibrət alsınlar. Quranda ölümə, axirətə aid surələrdən oxunmalıdır ki, məclisə dəxli olsun. Həmçinin Quran oxumaq da namaz, dua, zəkat, sədəqə kimi bir ibadətdir. Bunun savabı hasil olur, o savabı da mərhumun ruhuna bağışlanır, Allaha dua edilir ki, oxunan surənin savabını mərhuma yazsın”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO