Vəzifəsindən sui-istifadə edənlər - Meşələrimizə qənim kəsilən məmurlar CƏZALANDIRILACAQ

Vəzifəsindən sui-istifadə edənlər - Meşələrimizə qənim kəsilən məmurlar CƏZALANDIRILACAQ

Hazırda oxunan: Vəzifəsindən sui-istifadə edənlər - Meşələrimizə qənim kəsilən məmurlar CƏZALANDIRILACAQ

192536

Ekoloji mühitin sağlamlaşdırılması və ətraf mühitin qorunması Azərbaycan dövləti və Azərbaycan cəmiyyəti üçün prioritetdir. Hələ müstəqilliyin ilk illərində - 1992-ci ildə Azərbaycan BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyasına qoşulub. 1994-cü ilin 20 sentyabrında “Əsrin müqaviləsi” bağlanarkən Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə müqavilə iştirakçıları qarşısında ekoloji tarazlığın pozulmamaması və qorunması əsas tələb kimi qoyuldu. 

1997-ci ildə isə Kyoto protokolu imzalandı. Yəni Azərbaycan müstəqilliyin ilk illərindən başlayaraq ətraf mühitin qorunmasına və ekoloji tarazlığın bərpasına xüsusi yer ayırdı.
 

MÖVZU İLƏ BAĞLI:

Bakının mərkəzində yaşıllıq ərazi HASARA ALINDI – Ağaclar KƏSİLƏ BİLƏR – FOTO 


Neftdən təmizlənən torpaqlar, yeni meşə zolaqları…

Ötən əsrin 90-cı illərində Azərbaycanda neftdən çirklənmiş torpaqların təmizlənməsinə başlanıldı. 15 ilə yaxın davam edən bu layihə çərçivəsində Sovetlər dönəmində neftlə çirklənmiş min hektarlarla torpaq sahəsi tullantılardan təmizləndi. Ən maraqlısı da odur ki, bu layihə ən yeni texniki əsaslandırma ilə aparıldı. Hazırda ölkəmizdə demək olar ki, neftlə çirklənmiş ərazilər yoxdur.

Azərbaycan dünyada ən az meşə örtüyü olan ölkələr sırasındadır. 90-cı illərin əvvəllərində ölkədə enerji çatışmazlığı və Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın meşə örtüyü xeyli azaldı. Lakin 2000-ci illərin əvvəllərindən başlayaraq ölkədə meşə örtüklərinin ərazisi tədricən genişləndirildi. 

Hazırda respublikamızın meşə fоndu sahəsi 1213,7 min hektar olmaqla ümumi ərazimizin 14%-ni təşkil edir. Meşə ilə örtülü sahələr isə 1021 min hektardır ki, bu da respublika ərazisinin 11,8 %-ni əhatə edir. Bu da müvafiq olara 25 il əvvəlki göstəricilərlə müqayisədə müvafiq olaraq 2,2 faiz çox deməkdir. 

Yaşıl enerji dövrü başlayıb

Hazırda isə Azərbaycanın hədəfi ekoloji tarazlığın bərpası ilə yanaşı yaşıl enerji istehsalının dayanıqlılığını təmin etməkdir. Təsadüfi deyil ki, son illərdə ölkəmizdə alternativ enerji istehsalı üçün bir sıra böyük layihələrə imza atılıb. 

Hazırda ölkəmizin bəzi regionlarının enerji təminatı alternativ enerji mənbələri hesabına ödənilir. Amma Azərbaycan hökumətinin məqsədi təkcə ölkənin enerjiyə olan ehtiyacını yaşıl enerji hesabına ödəmək deyil. Əsas hədəf Azərbaycanı dünyanın aparıcı yaşıl enerji istehsalçısına çevirməkdir. 

“Sapı özümüzdən olan baltalar” 

Çox təəssüf ki, bəzi işbazlar və məmurlar bu müqəddəs missiyaya kölgə salır, korporativ maraqlar üçün ölkənin meşə örtüyünə və ətraf mühitə ciddi zərbələr vurur. Məsələn, ətraf mühitin mühafizəsi sahəsində təkcə 2022-ci il ərzində hüquqi, vəzifəli və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə ümumilikdə 10 min 83 akt, 2 min 122 protokol tərtib olunub. 

Aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 680 ədəd müddətli məcburi göstəriş verilmişdir. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına 712 iş, icra şöbələrinə 1 256 iş və məhkəmələrə ümumlikdə 436 iş göndərilib.

Təəssüf ki, bu təşəbbüslərdən və mesajlardan nəticə çıxartmayan məmurlar var. Xəbər verdiyimiz kimi, bu günlərdə Qusar rayonunda meşədə ağacların qanunsuz kəsilməsinə görə cinayət işi başlanıb. 

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, aparılan araşdırmalar nəticəsində, vəzifəli şəxslər tərəfindən səlahiyyətlərindən sui-istifadə edilərək çoxillik ağaclarla əhatə olunmuş meşə fonduna aid 22,3 hektar (ha) torpaq sahəsinin təyinatının əsassız şəkildə dəyişdirilib yaşayış məntəqələrinin torpaqları kimi Qusar şəhər bələdiyyəsinin balansına verilməsinə, meşə fondunun ziyan və itkisinin natamam və qeyri-dəqiq hesablanmasına, vəzifə saxtakarlığına yol verilərək torpaq sahəsinin qanunsuz olaraq müxtəlif vətəndaşlara satılmasına, habelə torpaq sahələrində müxtəlif diametrli və cinsli ağacların qanunsuz kəsilməsi nəticəsində təbiətə külli miqdarda ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış material əsasında Cinayət Məcəlləsinin 259.2.4 (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı) və 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işinin başlanıb və ibtidai istintaqın aparılması Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə tapşırılıb.
Nəzərə alaq ki, adı çəkilən ərazilər xüsusi qiymətli meşə massivləridir. Həmin ərazilərdə tərkibində relikt və endemik ağac və kol cinsləri olan , məhsuldarlığı və genetik keyfiyyəti ilə fərqlənən, habelə estetik cəhətdən nadir mənzərəli meşə sahələridir.

Görünən odur ki, bir qrup adam təkcə meşə örtüklərininin qəsdinə durmayıb. Onlar həm də ölkənin imicinə xələl gətirməklə məşğuldur.

Məlumdur ki, Azərbaycan bu ilin noyabrında dünyanın ən böyük ekoloji tədbiri olan COP29-a hazırlaşır. Buna görə də hazırda bütün dünya ölkələrinin rəsmi qurumlarının və beynəlxalq ekofəalların nəzəri üzərimizdədir. Belə bir həssas dönəmdə korporativ maraq üçün meşə örtüyünü yaşayış massivinə çevirənlər isə təbii ki, ən ağır cəzaya layiqdir. 

Əminik ki, müvafiq orqanlar bu cür şəxsləri layiqli şəkildə cəzalandıracaqlar. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO