Taksilərlə bağlı BİLDİRİŞ: 2000-2008-ci illərin avtomobilləri də fəaliyyət göstərə biləcək? – FOTO 

Hazırda oxunan: Taksilərlə bağlı BİLDİRİŞ: 2000-2008-ci illərin avtomobilləri də fəaliyyət göstərə biləcək? – FOTO 

187477

Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin yeni qərarına əsasən iyulun 1-dən Azərbaycanda istehsal tarixi 15 ildən çox olan avtomobillər taksi fəaliyyəti göstərə bilməyəcəklər. Bununla bərabər, həmin tarixdən etibarən taksi fəaliyyətinə başlamaq istəyənlərin avtomobillərinin istehsal tarixi 8 ildən çox olmamalıdır.

Qərarın tarixi iyulun 1-i nəzərdə tutulsa da, 15 apreldən etibarən bəzi taksi şirkətləri sürücülərə bildirişlər göndərməyə başlayıb. Bundan əlavə, ismarıcda 2000-ci ildən köhnə istehsal olunmuş avtomobillər nəzərdə tutulub, bu məsələnin özü də çaşğınlıq yaradıb.

Sürücülər bu məsələ ilə bağlı Bizim.Media-ya müraciət ediblər.
 

MÖVZU İLƏ BAĞLI:

Taksi qiymətləri yenidən bahalaşıb? - Müştərilər şikayətçidirlər


Bildirişdə qeyd olunur:

“Hörmətli sürücülər, 15 aprel 2024-cü il saat 18:30-dan etibarən 2000-ci ildən köhnə istehsal olunmuş avtomobillərin işini dayandırmaq məcburiyyətindəyik.

Əməyinizə görə təşəkkür edirik və hamınıza uğurlar arzulayırıq!”

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, bu məlumat AYNA tərəfindən yayılmayıb və qurumla əlaqəsi yoxdur:

“Yeni qaydalara əsasən, taksi minik avtomobili vasitəsilə sərnişindaşımalarla məşğul olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar müvafiq icazələr əsasında fəaliyyət göstərməlidirlər. Bunun üçün buraxılış vəsiqəsi və buraxılış kartı alınmalıdır. 

Taksi sifarişi operatorları sözügedən icazəsi olmayan taksi minik avtomobilinin sürücüsünə sifariş ötürə bilməzlər. Bunu edən taksi operatorları İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimələnəcəklər.

İstehsal tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri kimi istifadə edilə bilməz. Bu, qanunvericilikdə əvvəl də var idi, indi də dəyişməyib. Taksi fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq tələbləri ödəyən sürücülər 2024-cü ilin iyul ayının 1-nə qədər AYNA-ya müraciət edərək buraxılış ilindən 15 il keçməyən nəqliyyat vasitələrinə buraxılış kartı ala bilərlər. 

Məsələn, avtomobilin yaşı 14 ildirsə, 1 il fəaliyyət göstərə biləcək, daha sonra onun fəaliyyətinə qanunla icazə verilməyəcək. Əgər iyul ayın 1-ə qədər müraciət etməsələr, daha sonrakı tarixdə bu kartları ala bilməyəcəklər. 

2024-cü ilin iyul ayının 1-dən sonra buraxılış kartı almaq üçün təqdim edilən avtomobillər - buraxılış ilindən 8 il keçməyən avtomobillər olmalıdır. 

İyulun 1-dən sonra isə yaşı 8-dən yuxarı olmayanlar buraxılış kartı üçün müraciət edə bilməyəcəklər. Yəni 9, 10 və daha çox yaşı olanların müraciəti mümkün olmayacaq. 

Rəng məsələsi isə iyulun 1-dən etibarən ölkəyə gətirilən və ölkədə istehsal olunan maşınlara şamil olunur. Bu zaman taksilərin rənginin ağ və qırmızı olması şərtdir”.



Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO