Bakı-Sumqayıt yolunda metrobuslar fəaliyyət göstərə bilərmi? – AÇIQLAMA 

Hazırda oxunan: Bakı-Sumqayıt yolunda metrobuslar fəaliyyət göstərə bilərmi? – AÇIQLAMA 

182237

Milli Məclisin deputatı Müşfiq Cəfərov, dünən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmələrdə maraqlı təkliflə çıxış edib.

Deputat çıxışında, Bakı-Sumqayıt yolunda metrobuslardan istifadə edilə biləcəyini qeyd edib.

O, həm də qeyd edib ki, metrobusların fəaliyyəti metronun "Dərnəgül" və "Koroğlu" stansiyaları istiqamətində, eləcə də Bakının digər ərazilərində təşkil edilə bilər.

Bəs qeyd olunan istiqamətlərdə metrobusların çəkilməsi mümkündürmü? Bunun üçün hansı infrastruktur qurulmalıdır?

Bizim.Media-nın mövzu ilə bağlı suallarını cavablandıran nəqliyyat sahəsi üzrə ekspert Fərhad Eyyubov bu təklifin çox maraqlı olduğunu qeyd edib.

Onun sözlərinə görə, son dövrlərdə ictimai nəqliyyat sistemində mütəmadi təkmilləşdirmələr aparılır:

“Şəhərdaxili daşımalarda keyfiyyətli xidmət əməlli-başlı hiss olunur. Ancaq şəhərətrafı qəsəbələrə daşımalarla bağlı bunu demək mümkün deyil. Bakı-Sumqayıt xətti ciddi nəzarətə götürülməli və üzərində ciddi iş görülməlidir. Əvvəlcə ciddi araşdırma aparılmalı və hər iki istiqamətdə sərnişin axını, sonra isə xəttə neçə metrobusun buraxılması, onların vaxt intervalı və digər bütün problemlər müəyyən edilməlidir. Yalnız bunlardan sonra xəttin açılıb-açılmaması ilə bağlı qərara gəlinməlidir”.

Müsahibimiz, bu məsələnin iqtisadi cəhətdən əsaslandırılmasına ciddi ehtiyacın olduğunu da diqqətə çatdırdı:

“Ona görə ki, bu avtobusların xüsusi sahibkarlar, yaxud da hökumət tərəfindən gətirilməsi məsələsi müəyyən edilməlidir. Əvvəllər sərnişindaşıma hökumət tərəfindən həyata keçirilirdi. İndi isə bunu şirkətlər həyata keçirir. Əgər metrobusların gətirilməsi və deyilən istiqamətdə istifadəyə verilməsi sahibkarlara sərf etmirsə, belə bir addım atılmayacaq”. 

Onun sözlərinə görə, bu məsələ bir neçə dəfə gündəmə gətirilib və ciddi müzakirələr aparılıb:

“Əgər yenidən gündəmə gətirilirsə, ilk növbədə təhlükəsizlik məsələsi diqqətdə saxlanılmalıdır. Düzdür, bu istiqamətdə ayrıca zolaq nəzərdə tutulsa da, hələ də axıra qədər çəkilməyib. Əgər zolaq tam çəkildikdən sonra metrobuslar istifadəyə verilsə, effekti müsbət olacaq. Bu baxımdan da parlamentdə səsləndirilən təklif çox yaxşıdır. Bu istiqamətdə gediş birbaşa həyata keçirildiyi üçün dayanacaqların da sayı az olmalıdır”.

F.Eyyubov, metronun “Koroğlu” və “Dərnəgül” istiqamətlərində bu nəqliyyat növündən istifadənin hələlik çox çətin olduğunu vurğulayıb:

“Bu məsələ əvvəlcə aidiyyatı qurumlar tərəfindən analiz olunmalıdır. Ancaq hələlik digər avtobus xətlərində istifadə etməklə ehtiyacı ödəmək olur və sərnişindaşıma təmin edilir. Çünki metrobusların şəhərə gəlməsi, dövr və manevr etməsi, tıxaclarda qalması və vaxt itirməsi ciddi çətinliklər ortaya çıxarır. Əgər bu istiqamətdə də zolaqlar olarsa, o zaman onlardan istifadə edilə bilər”.

Ekspert bildirib ki, Bakı və Sumqayıt arasında sərnişindaşıma çox qarışıq bir kompleksdir: 

“Bu istiqamətdə isə müxtəlif avtobuslardan istifadə edərək sərnişindaşımanı həyata keçirirlər. Onlarla Sumqayıta və ya əksinə hərəkət edən sərnişinlər üçün bu qədər məsafəni ayaqüstə getmək çətinlik törədir. Buna görə də həmin avtobuslar xüsusi konstruksiyaya malik olmalı və oturacaqlar müvafiq qaydada yerləşdirilməlidir”. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO