BP xəzərdə tarixinin ən böyük araşdırmasına başlayır - İlham Şabanın ŞƏRHİ

Hazırda oxunan: BP xəzərdə tarixinin ən böyük araşdırmasına başlayır - İlham Şabanın ŞƏRHİ

175327

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında

Əsil qış fəslini yaşayırıq, mülayimsiz filansız. Qar da yağır, xəzri də əsir, hətta aran bölgəsində şaxtalı havalar da müşahidə edilir.

Təbii ki, havalar soyuq olduğu zaman enerjiyə tələbat da artır. Çünki işlədiyin məkanda normal temperatur olmayanda insanın, yəni Karl Marksın deyimi ilə ifadə etsək, məhsuldar qüvvənin əmək məhsuldarlığı aşağı düşür, yaşadığın mənzildə insanın canı qızmadısa, bu daha arzuolunmaz fəsadlara yol aça bilər – məhsuldar dediyimiz o qüvvə xəstələnmək təhlükəsi ilə qarşılaşdığından bir müddət iqtisadiyyatın artımı üçün öz töhfəsini vermək imkanında olmaz.

Bu halda dövlətin izafi sosial xərcləri artmış olur. Ona görə də dayanıqlı enerji təminatı ilə insanların sağlamlığı və iqtisadi fəallıq arasında birbaşa əlaqə mövcuddur.

Qlobal bazarlar

Bu həftə qlobal bazarlarda da enerji daşıyıcılarının qiymətlərinin artımı müşahidə edildi.

London Əmtəə Birjasında Brent markalı neftin 1 barelinin qiyməti həftənin ilk iş günü 80 dollar həddini keçdi. Yanvarın 26-də isə qiymətlər son iki ayda ilk dəfə olaraq 82 dollardan baha satıldı. Avropada satılan qazın qiymətləri də həftə ərzində 304 dollardan 337 dollaradək artım nümayiş etdirdi. Qiymətlərin artımında isə qış havasının elə bir rolu yox idi.

Bu dəfə qiymətləri “qızdıran” faktorlardan biri bazar iştirakçılarını gərginlikdə saxlayan Qırmızı dənizdən yan keçən tankerlərin sayı idi. Bəli, hələ ki, Amerika hərbi dəniz qüvvələrinin husilərin Yəmən ərazisindəki bazalarına zərbələr endirməsi heç də gəmilərin maneəsiz və təhlükəsiz Süveyş kanalına doğru üzməsinə təminat vermir. Çünki ara-sıra yenə də ticarət gəmilərinə doğru atəşlər açılır. Nəticədə daha çox gəmi Afrikanı dolanaraq yükləri Avropadakı alıcılara çatdırmaq arzusuna düşür.

Elə bu həftə məlum oldu ki, göyərtəsində 1 milyon barel neft olan tankerin dolanbac yolla hərəkəti zamanı onun əlavə xərci hər bareldə 4,5 dollardan az olmur. İndi görürsünüzmü, bazarda hazırda bərqərar olan qiymət spekulyativ amillərdən deyil, real xərcləri qarşılamaqdan qaynaqlanır.

Azərbaycanın azalan nefti

Bu azalma nə dünən başlayıb, nə də srağagün. Elə azalmaya təsir edən bir səbəb də odur ki, hasilat daha intensiv şəkildə aparılır. Təsəvvür edin ki, 2010-cü ildə Azərbaycan hasilatının pik səviyyəsinə çatıb. O zamandan 2024-cü ilə qədər isə bilirsiniz nə qədər neft çıxarılıb? 13 ilə təqribən 504 milyon ton. Az həcm deyil.

Bu baxımdan Azərbaycan hökumətinin qarşıdakı illərdə ölkədə neft və kondensat hasilatı ilə bağlı verdiyi proqnozlar maraqlıdır. Baxmayaraq ki, cari ildə “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda yeni hasilat platforması istismara verilməsi gözlənilsə də, bu əlamətdar hadisə yaxın illərdə neft hasilatının azalmasını dayandırmağa kifayət edəcək təsirə malik olmayacaq.

Hökumətin neft proqnozları

2025-ci ildə təqribən 28,3 milyon ton neftin hasil edilməsi təxmin edilir. Bu isə 2024-cü ildə çıxarılması proqnoz edilən göstəricilərdən nə az, nə çox, 1,2 milyon tona yaxın azalma deməkdir. Bəs nədən hasilatn azalma tempi bu qədər yüksək olacaq?

Neft hasilatının azalması 2025-ci ildə “Azəri-Çıraq-Günəşli” yataqlarında müşahidə ediləcək. Amma bu, Azərbaycan üzrə neft hasilatının azalmasının qarşısını almağa yetərli olmayacaq. Yəni, daha dəqiq desək, AÇG və Şahdənizdə maye karbohidrogenlərin hasilatında stabilləşmə meylləri olsa da, Azərbaycan Dövlət Neft Şirkətinin uzun illərdən bəri istismar etdiyi yataqlarda vəziyyəti cilovlamaq heç də asan olmayacaq. Nəticədə onun ən iri neft yatağı olan “Dayazsulu Günəşli”də hasilatın hiss ediləcək səviyyədə azalmasını təxmin etmək olar.

Başqa bir tərəfdən də 1979-cu ildən kəşf edilmiş və 40 ildən artıqdır ki, istismarda olan yatağın neftverimliyinin əvvəlki dövrlərlə müqayisədə azalmasında hansısa təəccüblü bir şey də yoxdur.

İşlənməyən “Qarabağ” yatağı

Hökumətin proqnozlarından təxmin etmək olar ki, əgər 2028-ci ilə qədər hasilatın 3 milyon tonadək azalması planlaşdırılırsa, demək bu müddətdə müstəqillik illərində açılmış yeganə neft yatağı - “Qarabağ” yatağının istismara verilməsi məsələsi gündəmdə deyil.

Həqiqətən də, 2021-ci ilin martında planlaşdırılırdı ki, yataqda çıxarıla bilən neft ehtiyatları 21 milyon tondan çox, qaz ehtiyatları 13 milyard kubmetr həcmindədir. O zaman “Qarabağ” yatağında neft hasilatına 2022-ci ilin IV rübündə, qaz hasilatına 2023-cü ildə başlanılması planlaşdırılırdı.

Amma təəssüf ki, “Qarabağ” adını daşıyan yatağı indiyədək ram edə bilmədik. Nə tilsimdirsə, heç xaricilərlə əməkdaşlıqda da bunu edə bilmədik. Artıq Norveçin neft-qaz nəhəngi olan “Equinor” şirkəti Azərbaycandan getmək qərarını verib və “Qarabağ” yatağının gələcəyi ilə bağlı bütün yük qalıb SOCAR-ın çiyinlərində.
Görünür ki, yeni investor axtarışına ehtiyac duyulacaq. Çünki “Qarabağ” yatağı Xəzərin dərin hissəsində, geoloji baxımdan mürəkkəb şəraitdə yerləşən bir yataqdır. Dənizin o hissəsindən nefti çıxartmaq üçün kapitaldan əlavə, qabaqcıl texnoloji imkanlara da malik olmalısan.

BP şirkətinin axtarışı

Xəzərin birmənalı olaraq ən məhsuldar neft-qaz nəhəngi hesab edilən bp şirkəti isə nəyisə gözləmək fikrində deyil. Bu həftə şirkətin Bakı ofisindən açıqlanan məlumata görə, bp “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda yeni masştablı bir layihəyə start verib.

Söhbət dəyəri 370 mln dollar olan və qarşıdakı 5 il ərzində icra ediləcək yeni 4-ölçülü yüksək dəqiqlikli dənizdibi seysmik tədqiqat proqramının başlanmasından gedir. Tədqiqatın əhatə edəcəyi ərazi, aparılacaq işlərin ümumi dəyəri və müddəti baxımından bu layihə bp-nin dünyada indiyədək həyata keçirdiyi ən böyük seysmik məlumat toplama proqramı olacaq.

Məqsəd isə AÇG yatağının hazırkı məhsuldar layları olan Balaxanı və Fasilə laylarının daha dəqiq tədqiqidir. BP gözləyir ki, tətbiq edilən 4D texnologiyası yataq haqqında daha dərin məlumatlar əldə etməyimizə imkan verəcək ki, növbəti onilliklər ərzində yatağın neftvermə əmsalını maksimuma çatdırmaq üçün həll yolları müəyyənləşdirməyə kömək etsin.

Neft Fondunun gəlirləri

AÇG-nin gəlirlərinin isə Azərbaycan Dövlət Neft Fondunun gəlirlərinə böyük təsirləri var. Baxmayaraq ki, ötən illər ərzində bu təsirlər xeyli azalıb. 2011-ci ildə Neft Fondunun ümumi gəlirlərinin içərisində AÇG-nin payı 96% təşkil edirdisə, 2023-cü ildə bu göstərici 54%-dək azalıb.

Bəs nəyin hesabına Neft Fondu son 12 ildə gəlirlərini xeyli şaxələndirə bilib? Bu suala cavab verməzdən öncə Neft Fondunun ötən ilki büdcə gəlirlərinə baxmalıyıq.

Fondun büdcə gəlirləri ötən il təxminən 21,7 milyard manat, büdcə xərcləri isə 11,8 milyard manat təşkil edib. Hesabat dövründə 9,8 milyard manat həcmində profisit yaranıb.
2023-cü ildə aktivlərini 56 milyard dollara qədər artıran Neft Fondu fəaliyyəti dövründə ilk dəfə vəsaitlərin idarə edilməsindən 3 milyard 728 milyon dollar qazanmaqla “Azəri-Çıraq-Günəşli” yataqları üzrə hasilatın azalmasından gəlirlərin yarısını qarşılaya bilib.

Neft-qaz gəlirləri Fondun ümumi gəlirlərinin 67%-ni, bonuslar, tranzit və akr hesabı icarə yığımları isə 3,7%-ni təşkil edib. Neft Fondu əlində olan kapitalın idarə edilməsi hesabına isə ümumi gəlirlərdəki payının 29,3%-ni qazanıb.

"Avtomobil bumu"

Və burada diqqətimi ötən il ölkəmizə idxal edilən avtomobillərin statistikası çəkdi. Niyə? Çünki bunun birbaşa çox məsələlərə təsirləri var.

Beləliklə, Azərbaycana 2023-cü ildə 96 minə yaxın avtomobil gətirilib. 2020-ci ildən bu yana isə ölkəmizə 320 minə yaxın nəqliyyat vasitəsi idxal edilib. Sonra da hamımız təəccüblənirik – niyə yollarda tıxacdır? Hər gətirilən maşın sürülməsə belə, həyətdə-bacada qalsa belə, tıxaca təsir göstərən amil rolunda çıxış edir axı. Həm də daxili bazarda yanacaq istehlakını artırır.

Ötən ildə Azərbaycanda parakəndə satış vasitəsi ilə 3 milyard 63,4 milyon manatlıq avtomobil yanacağı satılıb ki, bu da 2022-ci illə müqayisədə 8,1% çoxdur. Özü də tıxaclar çoxaldıqca, izafi işlənən yanacaq da artır.
Bu cür “avtomobil bumu"nu bilirsinizmi nə zaman yaşamışdıq? 10 il əvvəl, ölkəyə sayı 100 mini aşan avtomobil gətiriləndə. Amma o zaman neftin gəlhagəl dövrü idi, ildə 18-19 milyard dollar təkcə bir Azəri-Çıraq-Günəşli layihəsindən əldə edilirdi və kapitalın rasional istifadəsi təcrübəsi də indiki qədər yox idi.

Bəs indi avtomobillərə olan yeni həvəs nədən qaynaqlanır? Məndə belə bir təəssürat var ki, insanlarımız daşınmaz əmlaka yeri gəldi-gəlmədi necə kapital yatırırlarsa (evdi də, qoy qalsın, xarab olmur ki...), daşınan əmlaka xərclədikləri kapital (avtomobil adətən ildən ilə qiymətini ititrir və onun istismar xərcləri artır) məsələsində daha irrasional (məntiqcə izah edilə bilinməyən) mülahizələrlə hərəkət edirlər.

“Yaşıl avto” sevgimiz

Ölkəyə gətirilən avtomobillərin çeşidinə nəzər yetirsək, görürük ki, gətirilən avtomobillərin 17 minindən çoxu hibrid və elektrik avtomobilləri olub. Bir ildə elektrik avtomobillərinin idxalı 6,38 dəfə artaraq 3 mini aşıb. Təbii ki, buna öz təsirini istehsal tarixi 3 ildən çox olmayan elektrik və hibrid avtomobillər üçün gömrük və idxal rüsumlarından azad olma ilə bağlı hökumətin atdığı addımlar göstərib. Hesab edirəm ki, bu proses cari ildə də davam edəcək və maşın bazarımızda bu kateqoriyadan olan avtomobillərin xüsusi çəkisi get-gedə artacaq.

Amma 1,6 milyonu aşan avtoparkımızda “yaşıl” avtomobillərin xüsusi çəkisi hələ xeyli azdır. İnkişaf etmiş ölkələrdə elektrik avtomobili bazarlara 2010-cu ildən çıxmağa başlayıbsa, bizdə bu proses təxminən 10 il ləngiyib. Xüsusi çəkinin isə ekoloji durum məsələsinə kifayət qədər təsiri var.
Avropada isə ötən 10 ilin təcrübəsini təhlil edərkən istehlakçılar üçün elektrik avtomobillərinin nə dərəcədə sərfəli olmasına diqqət edib və maraqlı faktlar ortaya çıxarıblar: elektrik avtomobilləri analoji daxili yanma mühərrikli avtomobillərdən daha baha olub, elektrik avtomobilləri daha ağırdır, nəticədə onların şinləri daha tez keyfiyyətini itirir, bu isə onların utulizasiyasının Yer kürəsinin hansı hissəsində həyata keçirilməsindən asılı olmayaraq yenidən atmosferə olan neqativ təsiri deməkdir.

Elektrik avtomobillərinin “yanacağı” bu günə qədər qeyri-stabildir, yəni bir sıra faktorlardan asılı olaraq kəskin azala bilər və onun əldə edilməsi “şarj infrastrukturunun” hətta inkişaf etmiş ölkələrdə belə lazımi səviyyədə olmaması səbəbindən istehlakçı üçün diskomfort yaşadan səbəb olaraq qalır.

Yəni bu deyilənlərdən o nəticəyə gəlmək olar ki, elektromobillər səssiz-qoxusuz olsalar da, heç də hələ ki, reklam olunduqları qədər də qayğısız və qorxusuz deyillər. Ona görə də dünya çıxdığı yaşıl yolun hələ astanasındadır, magistrala çıxacağı gün isə tərəqqinin sürətindən və dünyanın əmin amanlığından asılı olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO