Təxminən gecə saat 2 radələrində Füzulinin Alxanlı postundan yola düşürük. Yol boyu nəzərə çarpan xarabalıqların, dağıdılmış qəbiristanlıqların yaratdığı üzüntünü yol kənarında asılmış istiqamət lövhələri yumşaldır. Şuşaya, Laçına və digər azad edilmiş, daim qədim torpaqlara istiqamət göstərən lövhələr maşın “fara”sının işığını əks etdirib günəş kimi göz qamaşdırır.
Üstəlik bu işığın mayaq olduğu yolda növbəti işıqlar ölkəmizin nurlu gələcəyindən xəbər verir sanki... Füzuli şəhərini nəzərdə tuturam...
Bəli, Şuşa yolunun üzərində yerləşən şəhərə köçürülmüş sakinlərin pəncərələrində sayrışan işıqlar can üstə olan çətin günlərimizin gözünü çıxarır. Yurd həsrətinin bitdiyini çox aydın şəkildə anladır.
Zəfər şəhərinin hənirtisi hiss olunur...
Yolçu yolda gərək, deyib, Zəfər Yolu ilə davam edirik. Ünvanımız yolumuzun adından bəllidir - Şuşaya gedirik... Tez-tez rastlaşdığımız tikinti texnikaları, polis maşınları və bu ərazilərdə işləyən insanları daşıyan mikroavtobuslar tikinti işlərinin sürətindən şad xəbər verir. Düzən ərazilərdən dağ ətəyinə doğru burulan hamar yollar bizi Çanaqçı kəndinə çıxardı. Daha Şuşaya bir şey qalmayıb. Meşəli, quzeylərində qar qalmış yolları enib qalxdıqca zəfər şəhərinin hənirtisi hiss olunur.
Hələ üstəlik Daşaltıdan bu torpaqları azad edən Azərbaycan əsgərinin izi ilə gedib mirvari kimi şəhərin boynuna dolanan yolu görməyin həyəcanı bir başqadır. İlk dəfə qanad açmış qartal balası yorulub zirvədəki yuvasına qonmaq istəyir elə bil...
Qarabağlılar demiş, "gecənin oğlan çağıdır". Biz Şuşadayıq. Adamın qoynuna dolan buz kimi küləkdən heç narahat deyiləm. Fərahlıq gətirir, hüzur verir, qürurlandırır. Lap elə isidir adamı... Çünki, bu, Parisin, Vaşinqtonun, Dehlinin yox, əziz və azad Şuşanın küləyidir. Doğmadır, özünündür...
Heydər Əliyev ilində bu azanın sədaları...
Yatmağa çalışıram. Gözümə yuxu getmir. Vurğun vurmuşlar kimi yataqda qıvrılıram. Fürsətdən istifadə edib sabahkı işlərimi nəzərdən keçirəndə gözlərim mürgünün ağuşunda xumarlanırdı ki, Aşağı Gövhər Ağa məscidinin minarəsindən ucalan azan səsi sanki ana nəfəsi kimi yanağımda, alnımda gəzişib məni oyatdı.
Qəhərlənməmək mümkünsüzdür. İllərlə gözünün önündəki işıqlı minarələrdən azan oxunmadı. 2020-ci ildən sonra isə oxunan azanı yaxın yaşayış məntəqələrində qanunsuz məskunlaşan ermənilər eşitdi. Sonda isə haqq-ədalət öz yerini tapdı. Məhz Heydər Əliyev ilində bu azanın sədaları Xankəndidə, Xocalıda, Əsgaranda, Xocavənddə əsl sahiblərinin qulağına çatıb imanını cilalandırdı.
Səkkiz radələrində ilk ziyarət etdiyim yer də elə Gövhər Ağa məscidi oldu. Ziyarətə gələn insanlar qohumlarına, əzizlərinə görüntülü zəng edib abadlaşan Şuşanı göstərir. Bir yandan da yenicə işə başlayan texnikaların səsi şəhərin ümumi küyünün ahəngini təşkil edir.
Danışan orta yaşlı adam qışqıra-qışqıra: "Ana, bura karvansaraydı, bax-bax burda da otel tikirlər", deyir. Telefondan hıçqırıq səsi aydın şəkildə eşidilir. O soruşur:
- Bəs yaşayış binaları?
- Ana, 23 bina yenidən tikilib, tamamlanır. Çox gözəl tikilib. Oranı da göstərəcəm.
- Allah şəhidlərimizə rəhmət eləsin, bala, Allah Prezidentimizə ömür versin.
Kənarlaşıb ərazidə aparılan tikinti işlərinə, tamamlanan yaraşıqlı binalara nəzər salıram. Mənimlə bərabər baxan hər kəsin üzündə təbəssüm yaranır.
Cıdır düzünə doğru hərəkət edir, bura gələn insanlarla həmsöhbət oluruq. Hər kəsin təəssüratı eynidir: Biz qalibik...
Köçkünlük illərinin çətinliklərinə əyilməyən kəlbəcərli müəllim...
Şəhərin ziyarətinə Mingəçevir şəhərindən gələn yol yoldaşım Türkan Əkbərova əslən Kəlbəcər rayonundandır.
Doğma şəhəri işğal altına düşəndə onun heç 3 yaşı tamam olmayıb. Köçkünlük illərinin çətinliklərinə əyilməyən mübariz gənclərdən hesab etmək olar onu...
Təhsil alıb müəllimə işləyir. Deyir ki, şagirdlərinə Vətən müharibəsindən, onun simalarına çevrilən şəhid və qazilərdən danışır ki, gələcək nəsillər bu torpaqları daha möhkəm sevib qorusun:
"Cıdır düzündə olmaq zəfərin zirvəsindən ölkəmizin geridə qoyduğu çətin günlərə qürurla baxmaq deməkdir. Özümü dünyanın ən xoşbəxt insanı hesab edirəm. Buradan hər şey çox aydın görünür. Bu günləri bizə yaşadan hər kəsə bir ömür ehtiram borcluyuq", - deyir, Türkan Əkbərova
Şuşanı yenidən qurmaq üçün tələsənlər...
Doğurdan da Cıdır düzünün heyrətamiz mənzərəsi insanın ruhunu götürüb nağıllar aləminə qaçırır. Buradan Xankəndi, bir az o yanda Xocalı, ondan sonra Əsgəran və lap dərinliyə diqqətlə baxsaq, Ağdam və Tərtər də görünür. Üstəlik keçmiş təmas xətti, döyüş postu da yoxdur. Sitatlaşdırsaq, separatçıların qondarma hakimiyyəti kimi gorbagor olub cəhənnəmə getdi...
Əlbəttə, bir qarış torpaq belə düşmənə qalmadı.
Fikrimin dərinliyində Ulu Öndər Heydər Əliyevin Köçəryanla görüş sonrası dediyi sözlər canlanır. O, qarşı tərəfə söz vermişdi ki, Azərbaycanın bir qarış torpağını belə işğalda qoymayacaq. Bütün bunların Heydər Əliyev ilinə təsadüf etməsi isə məsuliyyətin və ehtiramın təcəssümüdür.
Hər tərəfdən Vətənin qarlı dağları gözəlliyinə tamaşa edərmiş kimi boylanan Şuşanı məhəllə-məhəllə dolaşır, diqqət çəkən hər detala xüsusi fikir verirəm. Ümumiyyətlə, burada insanların vəhdətini görməmək üçün kor olmaq lazımdır. Qəhrəman Azərbaycan əsgəri Ali Baş Komandanın bir əmri ilə birləşib buranı canı bahasına azad etmişdisə, indi həmin birliyi inşaat sahəsində görmək olar. Yüzlərlə, bəlkə də minlərlə insan Şuşanı yenidən qurmaq üçün tikinti sahələrinə tələsir. Sanki dünya mühəndislərinin, inşaat işçilərinin paradı keçirilir burada...
Növbəti həmsöhbətimiz də körpə yaşlarında Qarabağdan köçkün düşmüş, lakin hazırda Qarabağda mühəndis kimi bərpa işləri ilə məşğul olanlardandır. Mirəli Abbasov da qürur hissini gizlədə bilmir:
"Vətən müharibəsindən öncə ölkənin müxtəlif bölgələrində çalışmışam. Ən böyük arzum isə işğalda olan torpaqları azad görüb, burada peşə fəaliyyəti ilə məşğul olmaq idi. Bir mühəndis üçün bundan xoşbəxt heç nə ola bilməz", - deyir, Mirəli Abbasov...
Vandalizmə diz çökməyən Şuşa türməsi...
Heç kimə sirr deyil ki, şəhərin 17 məhəlləsi, hər məhəllənin öz məscidi, hamamı, bulağı olub. Bir də faytonların rahat hərəkət etməsi üçün salınan daş döşəməli yolları... Dar küçələrlə kənddən şəhərə gedən uşaq kimi xaraba qoyulmuş bəy evlərinə baxıram. Tikililərin memarlıq üslubu sanki vandalizmə inad olaraq diz çökməyib. Necə deyərlər, öz əzəmətini sahiblərinə xatir qoruyub saxlayır. Qarşıma Vətən müharibəsindən sonra bərpa edilən həmin evlərdən biri çıxır.
Tikilinin göz oxşayan görüntüsü bizim keçmiş və indiki zənginliyimizdən xəbər verir. Şəhəri dolaşan yollar yolumuzu Şuşa türməsinə salır. O türmə ki, burada mayası oğurluq, qazancı qarət, xisləti qəddarlıq olan ermənilər neçə-neçə azərbaycanlıya amansız işgəncələr verib, ölümü onlara müjdə ediblər.
Hər divarı ağır işgəncələrə şahid olan Şuşa türməsi də azaddır. Lap obrazlı desək, heç bir ölkədə olmayan kimi buranın qapıları taybatay açıq qalıb. Xoşbəxtlik və firavanlıq buradakı zülmün bütün zəncirlərini qırıb keçmiş zamanın tunelinə atıb. Daha buz kimi divarlar dustaqları, əsirləri vahimələndirmir. Tarixi abidə kimi bura baş çəkənləri düşündürür...
“Dədə-babalarımızın içdiyi saf sudan dadıram”
Bizə yoldaşlıq edən sürücü İsa bulağına tələsməyi təklif edir. Düzünü deyim ki, təklif ürəyimcə oldu. Çünki İsa bulağı deyəndə Şuşa - Şuşa deyəndə də İsa bulağı yada düşür. Oranı ziyarət etmək Şuşa səfərinin ən vacib mərhələlərindən biridir. Maşınımız mənzil başına doğru şütüdükcə Xəlifəli dərəsinə baxıram. Buradakı kəndlərimiz də darmadağın edilib. Şübhəsiz ki, bu günə qədər bayquşlar ulayan bu kəndlərə ağalılar, laçınlılar, füzulililər və zabuxlular doğma sakin qədəmi qoyulacaq.
İsa bulağına çatırıq. Meşəli dağlar öz qoynunda yerləşən bulaqdan, mürəkkəb çuxurlardan süzdüyü suyu bir müqəddəs nemət kimi ziyarətçilərə bəxşiş verir.
Əsirlərlə dədə-babalarımızın içdiyi bu saf sudan mən də içib şəhərə geri dönürəm.
Qayıdanda artıq günəş batmışdı. Qürubun bütün üfüqlərinin yaratdığı qırmızımtıl işıq cəbhəsi dağların zirvəsindən Şuşaya xoşbəxt nəzərlərlə boylanır. Sanki bütün batan günəş Şuşanı azad etmək əmri verən komandana və onun igid əsgərinə minnətdarlıq ehtiva edir...
Artıq küçələrdə işıqlar yol göstərir. Sayrışan siqnal işıqları ilə dolaşan Şuşa polisinin maşınları insanı daha asudə buraxır. İşdən qayıdan hər kəs marketlərdə sabaha olan tələbatını tədarük edir. Xoşbəxt mənzərədir... Marketlərdə növbə var. Küçədə qarşından keçən hər kəs deyib-gülə hərəkət edir.
Xumarlı gözlərin işıltısı ilə işıqlı sabahlara...
Otağıma çıxıb Qarabağ quzusundan hazırlanmış təama baxıram. Lap yerinəməxsus süfrədir... Hər şey çox gözəldir və sehirli gecənin verəcəyi böyük bəxtiyarlıqlardan biridir. Şuşada bir gecə qonaq qalıb, muğamdan, tardan, sazdan, mədəniyyət paytaxtına xas olan milli sərvətlərdən söhbət açasan... Sehirli deyilmi?
Sabah ayrılacağımı anlayır, eyvana çıxıb havasını ciyərlərimə çəkmək istəyirəm. Eyvanda dayanmışam, ulduzlar Xan əmi dediyi kimi yanır səmada... Vaqifin gözəlinin dolaşdığı buralarda Natavan qəzəlinin ilhamladırılmaması mümkün deyil... Xumarlı gözlərin ışıltısı hər yana işıq saçır elə bil.
Səhəri oyananda günəş dan yeri cəbhəsində - qarlı dağların zirvəsindən Şuşaya nur saçırdı. Şəhərin tarixi Gəncə qapısı tərəfində olan qalanın qarşısına gəlib xatirə şəkilləri çəkdiririk.
Şuşa Dövlət Qoruğu idarəsinin əməkdaşları sübhün o başından təmizlik işlərinə başlayıb. İnsanlar isə bura acgözlüklə tökülüb gəlir.
Gəncə qapısından İrəvan qapısına doğru getməklə şəhəri tərk elədik. Yol boyu qarşıma çıxan yeni yollar, tunellər məni əmin etdi ki, Şuşanın daha qaranlıq gecəsi qalmayıb. Gecəsi də, gündüzü də işıqlı sabahdır. Ümumiyyətlə demək olar ki, Şuşa Azərbaycanın gözüdür. Təsəvvür edirsinizmi, bütöv bədənin gözündə ancaq işıqlı sabah görünür...
Növbəti, Xankəndi səfərinədək...
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu
- A-
- A
- A+
Cəmiyyət
17:00 / 12.01.2024
Zəfərin zirvəsindən görünən qürurlu ŞUŞA - REPORTAJ/FOTO
Hazırda oxunan: Zəfərin zirvəsindən görünən qürurlu ŞUŞA - REPORTAJ/FOTO
Hazırda oxunan: Zəfərin zirvəsindən görünən qürurlu ŞUŞA - REPORTAJ/FOTO
173092
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.