Müxtəlif dövrlərdə insanın istifadə etdiyi əşyalar onun sosial statusunu göstərib. Dövrə görə bu, qızıl-zinət əşyaları, silahlardan bahalı telefona, avtomobilə qədər dəyişib. Son dövrlər isə sosial statusdan asılı olmayaraq hamı daha dəbdəbəli, zəngin həyat arzusundadır. İndi azərbaycanlı ailəsində xırda bir əlamətdar gün yüksək təntənə ilə qeyd olunur. İnsanlar ən son pulunu xınayaxdı, toy, son marka avtomobilə xərcləməyə hazırdır.
İnsanlarda şan-şöhrət hərisliyinin səbəbi nədir? Mənəvi zövq, daxili aləm niyə ikinci plana keçib?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Tibb Universitetinin dosenti Rəşid Mahmudov insanların psixologiyasının pozulduğunu deyib:
MÖVZU İLƏ BAĞLI:
“Kişi xanımına 3 minlik telefonu almırsa, qadın boşanmalıdır” deyən psixoloqdan daha bir QALMAQALLI AÇIQLAMA
“Bizim ölkədə kim şan-şöhrətlidirsə, ona qiymət verirlər. Ona görə də insanlar dəbdəbəli həyat sürməyə meyl edirlər. İnsan öz “mən”ini, özünü göstərir, maşının böyüyünü alır, evin yekəsini tikdirir. Özünü başqa cür göstərə bilmir və bunun üçün qabiliyyəti yoxdur. Bu, özünü böyütmək ideyalarıdır və insanın psixikasının pozulmasıdır”.
O, həmçinin, bu məsələdə sosial şəbəkə və televiziya verilişlərinin də rolu olduğunu qeyd edib:
“İzləyicilər görür ki, dəbdəbəli həyat sürən insanları televizorda çox göstərirlər, sosial şəbəkədə də ancaq onlardır. İnsan dünyaya gəlib ki, öz mənini göstərsin. Yəni bu dünyada mən varam, hər şeyi mən edirəm. Amma özünün qabiliyyəti onu başqa cür göstərməyə çatmır”.
Psixoloq Gülnar Orucova isə hesab edir ki, dəbdəbəli həyata daha çox kasıb ailədə böyüyənlər meyl edirlər:
“Son zamanlar insanlarımız maddiyyata daha çox önəm verirlər. Pul hər şeydir deyən insanlar bizim özümüzü pula satarlar. Bütün dünya sadə yaşamağa alışmışkən bizim insanlar buna alışqan deyil. İnsanlar bahalı telefonu, geyimi, avtomobili özləri üçün deyil, göstəriş üçün alırlar. Bu da nədən qaynaqlanır? Bunu aşağı yaşlarda, kasıb ailədən çıxan, yoxsulluğun dibinə vuran uşaqların sonradan görmüşlüyü bu hala çatdırır.
Bu, hamıya aid deyil.
Var-dövləti, pulu sonradan görmüş insanlar özlərini bu cür aparmağa başlayırlar. Bu, insanların acizliyi, özgüvənsizliyi, keçmiş dəyərini ayaqlamaqdır. Son dönəmlərdə plastik əməliyyatların, göstərişli həyatın sayının daha çox artması cılızlaşmanın göstəricisidir”.
Psixoloq dəbdəbəli həyat yaşamaq istəyində xarici serialların rolunu da vurğulayıb. Onun sözlərinə görə, qadınlar buna daha çox həvəslidirlər:
“Xarici ölkələrin seriallarında təqdim olunan həyatı qadınlar öz həyatlarında görmək arzusundadırlar. Qadınlarımız hansı yaşda olmasından asılı olmayaraq sevgi arxasınca qaçmaq, nəyin hesabına olur olsun varlanmaq, başqa insanları əzmək kimi gücə sahib olmaq istəyirlər. İstənilən halda mənəvi baxımdan kasıb olan insanlar hər zaman özlərini maddi olaraq təsdiqləməyə çalışırlar.
Günay Şahmar, Bizim.Media