Feminizm qadınların azadlığı uğrunda hərəkatın əsasında duran cinslərin bərabərliyi nəzəriyyəsi kimi anlaşılır. Lakin Azərbaycan feministləri keçirdikləri etiraz aksiyalarında, çıxışlarında kişiləri alçaldır və onları təhqir edirlər.
Feminizm həqiqətən də kişilərin alçaldılmasımı deməkdir, yoxsa bu anlayış ölkəmizdə yalnış qavranılıb?
MÖVZU İLƏ BAĞLI:
"Feminizm kriminallaşdırılır” – Tezliklə bölgələrdə yeni hadisələr olacaq
Psixoloq Elmir Əkbər Bizim.Media-ya bildirib ki, çox təəssüf ki, Azərbaycanda bir çox anlayışlar xalqa yalnış təqdim olunur:
“Bəzi namussuz, əxlaqsız, ağıldankəm, fırıldaqçı adamları özünü psixoloq kimi təqdim edirlər, anormal videolar çəkirlər, Psixologiyanı gözdən salırlar. Eynən belələri demokratiya, Qərb dəyərləri haqqında danışırlar. Eləcə də feminizmdən danışanların bu anlayışdan xəbərləri yoxdur.
Mən hesab edirəm ki, Şərqdə hələ qadınların qorunmağa çox ehtiyacları var. Müəyyən nailiyyətlər əldə etmiş xanımlar cəmiyyətimizdə azlıq təşkil edirlər. Görün nə qədər qız təhsildən uzaqlaşdırılır, erkən nikaha məcbur edilirlər. Buna görə mən də çox vaxt bu mövzuda sərt danışıram və deyirəm ki, bakalavr imtahanları qızlar üçün ləğv olunsun, qadınların hər mənada hüquqları qorunsun. Lakin çox təəssüf ki, bəzi videolara rastlamışam ki, onlar məqsədyönlü şəkildə qadınların hüquqlarını sındırmaq üçündür.
O videolara baxanlar da deyir ki, “qadın hüququnun qorunması budurmu?!”
Mən hətta deyərdim ki, bu kimi şəxslərin arxasında radikal konservativ, terrorist düşüncəli xarici təşkilatlar durur ki, Azərbaycanda belə videolar çəkilsin və ona baxanlar da desin ki, heç qadına hüquq verməyək. Ona görə də cəmiyyətimizi belə saxtakarlardan, yalançılardan, anormal fikirli şəxslərdən qorumaq lazımdır. Qadın hüquqları haqqında daha sağlam düşüncəli şəxslər danışmalıdır”.
“Feminizm bir neçə dəfə təhrif olundu”
Psixoloq Ülviyyə Murtuzova isə qeyd edib ki, bəzən gördüklərimizi yalnış anlayıb yola çıxmaq də bizi səhv yerə aparır:
Feminizm bir neçə dəfə təhrif olundu, hər kəs bu anlayışa öz düşündüyü kimi yanaşdı. Əslində feminizm cəmiyyətdəki haqlar toplumudur və bu anlayış bir müdafiə metodu kimi önə çıxarıldı. Lakin bu o demək deyil ki, əzilən hansısa qadın cəmiyyətə etalon kimi göstərilməli və bütün kişilər buna görə təhqir edilməlidir.
Bir fərdin yaşadığı hadisə, bütövlükdə həmin cinsiyyəti daşıyan şəxslərə aid edilə bilməz. Bir şey haqqında əgər biz nəsə çaba göstəririksə, öncə o məsələnin anlamını dərk etməliyik. Həmin anlayış nədən danışırsa, onu bilməli və kökünə varmalıyıq. Əks təqdirdə, insanların danışdığına söykənərək hərəkət etmək cahillikdir”.
Nuranə Daxilqızı, Bizim.Media