BİZİM TƏQVİM: 10 avqustda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 10 avqustda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 10 avqustda baş vermiş tarixi hadisələr

150148

10 avqust 1920-ci ildə Rusiya K(b)P-nin Qafqaz Bürosu Azərbaycan SSR-in razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək barədə qərar çıxarıb. Bolşevik Rusiyası Azərbaycan torpaqları hesabına Ermənistanı şirnikləndirmək və sovetləşdirmək siyasəti güdürdü. Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin sədri Nəriman Nərimanov buna qarşı çıxsa da, nəticəsi olmadı. 1920-ci ilin dekabrında Zəngəzur Ermənistana birləşdirildi.

Bəs, avqustun 10-da dünyada daha hansı hadisələr baş verib?

1. 1519-cu ilin 10 avqustunda portuqaliyalı səyyah Ferdinand Magellan 5 gəmi və 270 nəfərlik ekipajı ilə dünya turu üçün İspaniyanın Sevilya limanından yelkən açıb yola düşdü.

2. 1628-ci il 10 avqustda Stokholm limanından hakim sülalənin şərəfinə “Vaza” adlanan kral gəmisi özünün ilk və son səfərinə çıxdı. 6 min palıd ağacından hazırlanan və 64 topla təchiz edilən bu yaraşıqlı gəmi 1 kilometr məsafə qət etdikdən sonra suda əyilməyə başladı və tezliklə dənizin dibinə çökdü. 50 nəfərin ölümü ilə nəticələnən faciə gəmiqayıranların yanlış hesablamaları ucbatından baş veribmiş.

3. 1675-ci il avqustun 10-da Qrinviç rəsədxanasının bünövrəsi qoyuldu. Bu nadir qurğunun inşası İngiltərə kralı Karl II Stüartın təlimatı ilə həyata keçirilib.

4. 10 avqust 1787-ci ildə Türkiyə (Osmanlı) ilə Rusiya arasında Krım uğrunda müharibə başlayıb.

5. 1792-ci ilin 10 avqust tarixindən Fransada kral hakimiyyətinə son qoyuldu: XVI Lui  həbs olundu, Tüilri sarayı talan edildi.

6. 10 avqust Ekvador müstəqillik gününü qeyd edir.

7. 1913-cü ilin 10 avqustunda İkinci Balkan Müharibəsi sona çatdı: Bolqarıstan, Rumıniya, Serbiya, Çernoqoriya və Yunanıstan arasında Buxarest Müqaviləsi imzalandı.

8. 1914-cü il 10 avqustda Aralıq dənizindəki İngiltərə donanmasından qaçan "Goben" və "Breslau" adlı iki Almaniya zirehli gəmisi Osmanlı imperiyasına sığındı. Satın alındığı elan edilən döyüş gəmilərinə "Yavuz" və "Midilli" adları verildi. Bu iki gəmi sonralar Qaradənizə açılaraq Rusiya limanlarını bombardman etdi. Qarşılığında Rusiya Romanovlar çarlığı tərəfindən Osmanlı imperiyasına müharibə elan olundu.

9. Birinci Dünya Müharibəsi qurtardıqdan sonra 1920-ci ilin 10 avqustunda Osmanlı imperatorluğunun parçalanmasını nəzərdə tutan Sevr Müqaviləsi imzalandı. Müqaviləyə görə, Anadoluda yalnız kiçik bir bölgə türklərin ixtiyarına verilmişdi.

10. 10 avqust 1945-ci ildə Yaponiya təslim olduğunu elan etməsilə İkinci Dünya Müharibəsi Sakit Okean və Uzaq Şərqdə başa çatdı.

11. 1985-ci ilin bu günüdə məşhur müğənni Maykl Cekson əfsanəvi “Beatles” qrupunun bütün mahnılarının müəlliflik hüququnu 47,5 milyon dollara satın alıb.

12. 10 avqust 1990-cı ildə erməni hərbi-təxribatçı dəstələri Azərbaycana qarşı növbəti qanlı terror aksiyalarını həyata keçirib. Tbilisi-Ağdam marşrutu üzrə avtobusun partladılması nəticəsində 20 nəfər həlak olub. Həmin gün Şəmkir-Gəncə avtomobil yolunda, Xanlar (Göygöl) rayonunun Nadel kəndi yaxınlığında “LAZ” markalı avtobus partladılıb, 17 nəfər həlak olub.

13. 1994-cü ilin 10 avqustunda Türkiyənin peyki - "TÜRSAT 1-B" uğurla kosmosa buraxıldı. Bununla Türkiyə kosmosda peyki olan 18 ölkədən biri oldu.

14. 10 avqust 2003-cü ildə Rus kosmonavtı Yuri Malençenko kosmosda evlənən ilk insan olub. Y.Malençenko kosmosda olarkən rus əsilli ABŞ vətəndaşı Ekaterina Dmitrieva ilə evlənib

15. 2010-cu ilin bu günündə Dövlət Sərhəd Xidməti Akademiyasının açılışı olub.

16. 10 avqust 2014-cü ildə Türkiyə tarixində ilk dəfə birbaşa seçki yolu ilə prezident seçildi. Türkiyə Cümhuriyyətinin 12-ci başçısı prezident Rəcəb Tayyib Ərdoğan oldu.         

10 avqustda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Qazaxıstanın tanınmış maarifçisi və şairi Abay Kunanbayev 1845-ci ilin bu günü dünyaya gəlib. 

2. Azərbaycanın görkəmli hərbçisi Cəmşid Naxçıvanski 1895-ci il 10 avqustda anadan olub. Tiflisdə Yunkerlər, Ukraynanın Yelizavetqrad şəhərində isə qvardiya məktəblərində təhsil alıb. Birinci Dünya Müharibəsində müsəlman eskadrosunun komandiri olub. 26-36 yaşlarında (1921-1931) Birinci Azərbaycan Süvari Diviziyasına başçılıq edib. Frunze adına Hərbi Akademiyanı əla qiymətlərlə bitirdiyi üçün orada müəllim olaraq saxlanılıb, milli hərbi kadrların yetişdirilməsində böyük xidmətləri olub.

3. 10 avqust 1913-cü ildə Xalq Rəssamı, Dövlət mükafatı laureatı Kazım Kazımzadə anadan olub (1913-1992). Bakıda Səməd Vurğunun və Üzeyir Hacıbəylinin ev-muzeylərinin, Qazaxda Səməd Vurğun Poeziya evinin, Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin ilk bədii tərtibatını K.Kazımzadə verib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO