Çimərlikdə namaz qılan TƏNQİD OLUNDU – “Bir adam görmədim ki, gizli ibadət etsin”

Çimərlikdə namaz qılan TƏNQİD OLUNDU – “Bir adam görmədim ki, gizli ibadət etsin”

Hazırda oxunan: Çimərlikdə namaz qılan TƏNQİD OLUNDU – “Bir adam görmədim ki, gizli ibadət etsin”

149996

İslam dininin bizə buyurduğu 5 şərtdən biri də namazdır. Namaz hər gün 5 vaxtda Allahın hüzurunda dayanıb rükut və səcdə ilə ibadət etməkdir.

Ancaq ibadət edən insanlar namazın vaxtını keçirməmək üçün bəzən yolda, küçədə, mağazada, avtobusda, hətta çimərlikdə olarkən namaz qılırlar.  Azərbaycanda da bəzən insanların parkda və küçədə namaz qıldığının şahidi oluruq. 

Bu günlərdə isə bir nəfərin çimərlikdə namaz qılması ciddi müzakirələrə yol açıb. Hadisə qardaş Türkiyədə baş verib və bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. İbadət edən şəxsin görüntüləri ictimaiyyətdə səs-küy yaradıb. 

Maraqlıdır, harada gəldi namaz qılmaq doğrudurmu? 

İlahiyyatçı Tural İrfan Bizim.Media-ya açıqlamasında bildirib ki, namaz qılmaq üçün İslam dinində xüsusi məbədgah və ibadətgahlar nəzərdə tutulmur. Əsas odur ki, təmiz və pak, oğurluq olmayan yerlərdə ibadət edəsən:

“Məsciddə belə namaz qılmaq vacib deyil. Məscid sadəcə cəm və kollektiv namaz qılmaq üçündür. Ona görə də İslam dinində mümkün, uyğun və təmiz olan bütün yerlərdə, başqalarına maneçilik törətməmək şərtilə namaz qılmağın bir problemi yoxdur.

Yolun otasında, dənizin sahilində və ya küçədə kimsə namaz qılırsa, o adam ya xəstədir, ya da son dərəcə riyakarlıq edir. Dənizdə ibadəti göstərməyə lüzum yoxdur. 

Hədislərdə buyurulur ki, 7-yə yaxın yer var ki, orada namaz qılmaq olmaz. Qəbiristanlıqda - məzarların arasında, heyvan saxlanılan yerdə (tövlədə və s.),  yolların kəsişməsində (yol qovşağında), hamamda, qəssabxanada, yaşayış sahəsinin qadına aid hissəsinin yarısında və Müqəddəs Kəbənin damında namaz qılmaq olmaz. Ona görə olmaz ki, başqalarına ən azı maneçilik törətməyəsən və ibadəti hörmətdən salmayasan”. 

İlahiyyatçı əlavə edib ki, camaatın çılpaq şəkildə istirahət etdiyi məkanda ibadət etmək ya göstəriş xarakteri daşıyır, ya da o şəxs məqsədyönlü təxribat üçün göndərilib:  

“Müqayisə etsək, dəniz sahilində namaz qılmaq bir növ hamamda namaz qılmaqla eyni tutulur. İnsanlar ora çimməyə gedirlər, ora namaz qılmaq yeri deyil. Hər şeyin öz yeri var və əlbəttə ki, bu, doğru deyil. Baxırsan ki, yolun ortasında kimsə namaz qılır. Bu, ancaq göstəriş üçündür. 

Zəncir vuranlar və sinə döyənlər var. Çıxırlar məscidlərin qarşısına, bəziləri hətta qurşağa kimi soyunur və özlərini vururlar. Əgər bu, ibadətdirsə, get gizlində elə, savabın da çox olsun. Bir adam görmədim ki, gedib zirzəmidə otursun və İmam Hüseyndən ötrü başına, gözünə döysün.
Bunu camaata göstərmək üçün edirlər. Demək bu ibadət deyil, riyakarlıqdır. Əksinə gizli ibadətin savabı daha çoxdur. Adi sədəqənin özünü gizli vermək daha çox savab gətirir”. 

Alçina Amilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO