Müqəddəs Qurban bayramına sayılı günlər qalıb. Hər bir müsəlman bu günə həvəslə hazırlaşır, gücü çatdığı qədər bayram tədarükü görür.
Bəs, islamda kimlər üçün bu bayramda qurban kəsmək vacib sayılır?
Suala ilahiyyatçı Tural İrfan aydınlıq gətirib.
O, Bizim.Media-ya açıqlamasında bildirib ki, qurban kəsmək Həcc ziyarətində olan hər kəsə vacibdir:
MÖVZU İLƏ BAĞLI:
Qurban bayramı ilə əlaqədar heyvanların satış məntəqəsi təşkil olunacaq? – Rəsmi AÇIQLAMA
“Ziyarət əsnasında gərək qurban kəsilsin. Lakin maddi imkanı olub, Həcc ziyarətində olmayan şəxslər də qurban kəsməlidir. Maddi durumu kifayət qədər normal olan hər bir müsəlmanın qurban kəsərək müqəddəs ibadəti icra etməsi müstəhəbdir, savabdır. Çünki qurban kəsmək insanların sosial cəhətdən bir - birinə dəstək olması ilə yanaşı böyük bir ibadətdir. Bununla yanaşı, niyyət qurbanı ilə bayram qurbanı qarışdırılmamalıdır. Kimin niyyət, əhd qurbanı varsa, onu qurban bayramından ya əvvəl, ya da sonra kəsməlidir”.
Hansı heyvanlardan qurban kəsilə bilər?
İlahiyyatçı bunu belə izah edib:
“İsmail qurbanı dəvədən, camışdan, inəkdən, qoyun və keçidən olur. Gərək heyvan sağlam olsun. Xırda heyvanlar 6 aylığını keçəndən sonra, iri buynuzlular isə 1 yaşını keçəndən sonra kəsilə bilər. Qurban bayramı günü və ondan iki gün sonra da qurban kəsilə bilər. Qurbanı kəsən şəxs hökmən müsəlman olmalıdır, Allahın adı ilə heyvan üzü qibləyə çevirib kəsməlidir. Ətini isə üç hissəyə bölüb birinci hissəsini özü və ailəsi üçün, ikinci hissəni qonşu və qohumlar üçün, üçüncü hissəni isə digər imkansız insanlar üçün paylasa İslam ənənəsinə uyğun olmuş olar. Lakin hamısını özünə götürsə belə günahı yoxdur, sadəcə savabı azdır”.
Şərikli qurban kəsilə bilərmi?
Turan İrfan bildirib ki, maddi imkanı zəif olanlar bir neçə nəfər birləşib böyük başlı heyvanı şərikli kəsə bilərlər:
“Böyük heyvan ona görə ki, hər adam üçün əvvəldə qeyd etdiyimiz üç hissəyə bölmə imkanı olsun. 7 nəfərdən çox olmaması daha uyğundur. Lakin qoyun və keçini şərikli kəsmək olmaz. Qurban ətini pulla satmaq isə günahdır”.
Kimlər qurban kəsməyə bilər?
İlahiyyatçı qeyd edib ki, maddi imkanı olmayan şəxslər qurban kəsməyə bilər:
“Borcla, kreditlə, sələm alaraq, haram pulla qurban kəsmək məqbul deyil. Allaha edilən ibadətdə minnət olmamalı, reklam xarakteri daşımamalıdır. Bu bayram günündə heyvanların iç orqanlarını, kəllə - parçalarını yollara atmaq, zibilliklərdə itlərə yem etmək doğru deyil. İçalat, sümük və digər yararsız hissələri basdırmaq lazımdır. Yaxud ev heyvanlarına vermək olar. Lakin küçələri zibilləmək, hara gəldi atmaq günahdır.
Allah üçün edilən ibadəti qarın üçün edilən qurban vermək olmaz. Qurban bayramını kef məclisinə də çevirmək olmaz. Bu bayram insanlara yardım etmək, sosial cəhətdən dəstək olmaq bayramıdır. Qurbanlıq qoyunlara gəlinlik paltarı geyindirib şəkillərini sosial şəbəkələrdə paylaşırlar. Sanki insanların yox, qoyunların bayramıdır. Bu da doğru deyil.
Diqqəti Allahdan, Bayramın əsl mahiyyətindən yayındırıb bəzəkli qoyunlara yönəltmək olmaz. Bu ibadətin və bu bayramın mahiyyəti Allaha yaxınlaşmaq və kasıb insanlara yardım etməkdir”.
Surxay Atakişiyev, Bizim.Media