Dövlət qulluqçularının peşə bayramı Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə ilə hər il qeyd edilir. Qeyd edək ki, BMT Baş Assambleyasının 2003-cü il 7 mart tarixli qərarı ilə 23 iyun Dünya Dövlət Qulluğu Günüdür. Bu bayram dövlət qulluqçularının işinin qiymətləndirilməsi və gənclərin bu vacib sahədə karyera qurmağa maraqlandırılmasının təbliğini nəzərdə tutur.
Bəs, iyunun 23-də dünyada daha hansı hadisələr baş verib?
1. 1888-ci ilin bu günü Fransanın Lill şəhərində yerli fəhlə-sosialistlər xor bayram mərasimində ilk dəfə “İnternacional” (Beynəlmiləl) marşını oxudular. Marşın bəstəkarı Pyer Degeyter, sözlərin müəllifi isə Ejen Pokyedir.
2. 1894-cü il 23 iyunda Parisdə keçirilən Beynəlxalq İdman Konqresində Fransanın ictimai xadimi Pyer de Kubertenin təşəbbüsü ilə müasir olimpiya hərəkatının rəhbər orqanı – Beynəlxalq Olimpiya Komitəsi yaradıldı. Elə həmin vaxt Beynəlxalq Olimpiya Komitəsi qərargahın İsveçrənin Lozanna şəhərində yerləşməsi barədə qərar qəbul etdi.
3. 23 iyun Ümumdünya Olimpiya Günüdür. 1967-ci ildən Beynəlxalq Olimpiya Komitəsinin qərarı ilə hər ilin bu günü Olimpiya Günü kimi qeyd edilir.
4. 1918-ci il iyunun 23-də Azərbaycanda yaranmış gərgin vəziyyəti nəzərə alaraq Fətəli xan Xoyskinin rəhbərlik etdiyi İkinci Hökumət ölkədə Hərbi Vəziyyət elan etdi. Yenicə yaradılmış Qafqaz İslam Ordusuna tapşırıldı ki, Hərbi Vəziyyətə uyğun olaraq Daxili İşlər Nazirliyinin rəhbərliyi altında fəaliyyət planı hazırlasın.
O zaman Qafqaz İslam Ordusu Osmanlının 5-ci diviziyası və general Əliağa Şıxlinskinin başçılıq etdiyi müsəlman milli korpusu əsasında təşkil edilmişdi. Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusunda 18 minədək əsgər və zabit vardı ki, bunun 6000-i Osmanlı nizami ordusundan, 12 minə qədəri isə Azərbaycan hərbi hissələrindən ibarət idi.
5. 23 iyun 1920–ci ildə Təbrizdə Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə Azərbaycan Milli Hökuməti qurulub. Cənubi Azərbaycan Milli Hökuməti 1920-ci ilin sentyabrında Şeyx Məhəmməd Xiyabaninin qətlə yetirilməsi ilə süqut edib.
6. 23 iyun 1941-ci ildə Türkiyə "Refah Şilebi faciəsi”lə sarsıldı. II Dünya Müharibəsindən əvvəl İngiltərədən sifariş verilən sualtı qayıq və qırıcı təyyarələri almaq üçün göndərilən heyəti aparan “Refah Şilebi” gəmisi Kiprdən naməlum sualtı qayıq tərəfindən batırıldı, 32 nəfər xilas edilsə də, 168 adam həyatını itirdi.
7. 2016-cı il 23 iyunda İngiltərədə keçirilən "Brexit" referendumunda seçicilərin 52 faizi Birləşmiş Krallığın Avropa İttifaqını tərk etməsi üçün səs verdi.
23 iyunda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:
1. Osmanlı imperiyasının böyük türk dənizçisi Turqut Rəis Malta mühasirəsi zamanı – 1565-ci ilin bu günü həlak olub (1485-1565).
2. Tanınmış rus şairəsi Anna Axmatova 1889-cu il 23 iyunda dünyaya gəlib. Ədəbi fəaliyyətinin ilk dövründə akmeizmə meyl edib. Böyük Oktyabr İnqilabını qəbul etməyib. Müharibə illərində vətənpərvərlik ruhunda şeirlər yazıb. Onun şeirləri forma kamilliyi, ahəngdarlığı və dərin lirizmi ilə seçilir. “Qəhrəmansız poema” Anna Axmatova yaradıcılığının zirvəsi sayılır (1889-1966).
3. Türkiyəli şair Əhməd Həmdi Tanpınar 23 iyun 1901-ci ildə dünyaya gəlib.
4. Azərbaycanlı şairə, tərcüməçi, Əməkdar mədəniyyət işçisi, Xalq şairi Nigar Rəfibəyli 23 iyun 1913-cü ildə anadan olub. Nigar Rəfibəyli Xalq şairi Rəsul Rzanın həyat yoldaşı və Xalq yazıçısı Anarın anasıdır.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:00 / 23.06.2023
BİZİM TƏQVİM: 23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günüdür
Hazırda oxunan: BİZİM TƏQVİM: 23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günüdür
Hazırda oxunan: BİZİM TƏQVİM: 23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günüdür
142781
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.