Müəllimin uşağa dəstəyi hər şeyi dəyişə bilir? - Münaqişəli ailələrdə böyüyən uşaqların PROBLEMİ

Müəllimin uşağa dəstəyi hər şeyi dəyişə bilir? - Münaqişəli ailələrdə böyüyən uşaqların PROBLEMİ

Hazırda oxunan: Müəllimin uşağa dəstəyi hər şeyi dəyişə bilir? - Münaqişəli ailələrdə böyüyən uşaqların PROBLEMİ

128395

Hər ailədə zaman-zaman münaqişələr, mübahisələr, fikir ayrılıqları baş verə bilir. Dava-dalaş davamlı hal alırsa və təsiri uşaqlara yönəldilirsə, vəziyyət daha da qəlizləşir. Ailədə yaşanan mübahisələr bəzən uşaqların inkişafına təsir edən ölçülərə çata bilir. 

Bəs, ailədəki münaqişələri uşaqlara əks etdirmədən necə həll etmək olar? 

Gərgin mühitdə böyüyən, ata ilə ananın dava-dalaşına şahid olan uşaqlarda daha çox hansı xüsusiyyətlər inkişaf etməyə başlayır?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Uşaq və gənclərin sosial reabilitasiya mərkəzinin psixoloqu  Asəf Kərimov vacib məqamlardan söz açıb.

Psixoloq bildirib ki, hər bir insanın şəxsiyyəti erkən yaşlarında böyüdüyü mühitdən əldə etdiyi informasiya əsasında formalaşır: 

“Bu informasiyanın nəticəsində onun psixikası, dərketməsi, reaksiyaları, özünümüdafiə mexanizmi, dəyərləri, maraq və meylləri sistem şəklinə düşür. Uşaq əgər daimi olaraq dava-dalaş içində, zorakılıq mühitində böyüyürsə, təbii ki, xarakterində daim təhlükə gözləmək formalaşır, istənilən hadisəyə qəfil müdafiə reaksiyası göstərir. 

O cümlədən, onun xarakterində zorakılığın normal dəyər kimi qəbul edilməsi baş verir. Eyni zamanda, belə uşaqlar təhlükə mühitində yaşadıqları üçün inamsız, problemlərin çözümünü münaqişə etməkdə görürlər. Onlarda mübahisəli vəziyyət yaratma meyli formalaşır, mübahisə yaradıcısı ola bilərlər. Belə şəxslərdə sonradan aqressivlik, gücünü özündən zəiflərə göstərməklə özünüaktuallaşdırma formalaşır”. 

Özünə inam duyğusunun aşağı olmasında bu amilin rolu nə qədərdir?

Müsahibimiz bildirib ki, uşağın özünə inam duyğusunun yaranması onun təhlükəsizliyinin valideynləri tərəfindən təmin olunmasından başlayır. Belə ki, əgər uşaq ailədə qayğı görürsə, onun fikri nəzərə alınırsa, ona şəxsiyyət kimi yanaşılırsa, valideynlərlə müsbət emosional bağlılıq varsa, uşağın özünə inamlı olması ehtimalı yüksək olur. 

Asəf Kərimov deyir ki, bu məsələdə birmənalı fikir də irəli sürmək olmaz:

“İnsan psixikasının maraqlı tərəfi ondadır ki, bəzən ən əlverişsiz mühitdə özünəməxsus iradə sayəsində, problemlərlə mübarizə apararaq təcrübə toplanması və iradi səy göstərilməsi ilə psixoloji problemlərini həll edə bilir. Demosfeni bir kiçik misal kimi göstərə bilərik”.
İmtahanlar ərəfəsindəyik. Evdə daimi münaqişənin olması uşaqların təhsil həyatına necə təsir edir?

Evdəki gərginliyin uşaqların təhsil həyatına təsir etməsinə gəlincə isə müsahibimiz bildirib ki, bu məsələdə insan psixikasının, sinir sisteminin tipindən asılı olaraq ümxtəlif yanaşmalar qeyd edə bilərik: 

“Güclü şəxsiyyət mübarizədə  formalaşır. İnsan ola bilsin ki, ailəsində problemlər yaşayır, təhsilinə fikir verilmir, ona diqqət yetirilmir, lakin bir müəllimin çalışqan uşağa dəstəyi belə, hər şeyi dəyişə bilir. Təbii ki, uşağın belə vəziyyətə düzgün qiymət verməsi və dəyərləri də olduqca önəmlidir”. 

Münasibətləri yerində olmayan valideynlər bu vəziyyəti uşağa hiss etdirməmək üçün nə etməlidirlər?

Psixoloq deyir ki, daim münaqişə vəziyyətində olan insanlar ilk olaraq uşağa görə deyil, özlərinə görə münaqişələrini həll etmək üçün mütəxəssisə müraciət etməlidirlər: 

“Belə hallarda ailə psixoloqu, psixoterapevti ailənin psixoterapiyasını həyata keçirməlidir. Həmçinin, münaqişənin səbəbləri ilə bağlı uşağın yaşına görə danışmaq lazımdır. Çalışmaq lazımdır ki, uşağın və özlərinin normal həyatı üçün düzgün qərar versinlər”.


QEYD: Material Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının - 6.3.19. uşaq və gənclərin fiziki və mənəvi inkişafı – bəndinə uyğun olaraq hazırlanıb.

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO