Oruc tutan adamlar qida rasionuna diqqət etməli, ilk növbədə imsak zamanı duzlu yeməklərdən uzaq durmalıdırlar. Nəzərə alsaq ki, bütün gün susuz qalırıq, duzlu məhsulları istehlak etdiyimiz zaman daha çox susayırıq. Duzlu pendirlər, konservləşdirilmiş məhsullar, turşular və s. bu tip qidalar sırasına daxildir. Dinizmizdə də bu məsələ ilə bağlı bir çox hədislər var.
Bəs, Ramazan ayında insanlar necə qidalanmalıdır?
Bizim.Media həm dini, həm də tibbi cəhətdən bu suala cavab axtarıb.
Mövzu ilə bağlı fikirlərini bölüşən ilahiyyatçı alim Abbas Qurbanov oruc və imsak zamanı qəbul etdiyimiz qidalarla bağlı islami cəhətdən nələrə diqqət edilməli olduğunu bildirib:
“Bəzi insanlar deyirlər ki, “imsaka durmayım”. Sırf imsaka durmağı özünə əziyyət bilən insanlar imsaka durmadan oruc tuturlar. Amma İslam dini deyir ki, imsak varsa, insanlara həmin vaxt yuxudan oyanmalı, iftar varsa, iftarını da normal bir şəkildə etməlidir.
İmsakda diqqət olunması xüsuslardan biri də insanların “bütün günü ac qalacam, ona görə də imsakda çoxlu yemək yeyim və ya çoxlu su qəbul edim, mədəmi doldurum” kimi fikirləridir. Bu islam dinində bəyənilməyən haldır.
İftar zamanı gəldikdə isə insanlarda “mən imsaka qədər yemək yeyə bilərəm” düşüncəsi ilə məsələyə yanaşmamalıdırlar. İslam dininin buradakı məqsədi müsəlmanın imsaka da, iftara da ibadət məqsədi ilə qalxması, buna hazırlıq görməsi, yeməyini, içməyini hazırlaması və bunlara barmaq arası baxmamasını təmin etməkdir”.
İlahiyyatçı alim oruc tutan şəxslərin qida rasionu ilə bağlı da fikirlərini bölüşüb:
“İnsanlar gün ərzində ac və susuz qaldıqlarını nəzərə alaraq, onu çox susatmayacaq yeməyləri, qidaları qəbul etməlidir. Eyni zamanda, insanın ac qaldığı zaman şəkərinin düşməsini nəzərə alsaq, bununla bağlı da şəkərini stabil saxlayacaq qidalardan istifadə etməlidir.
İftarda isə insanlar qida qəbul edərkən mədələrini gücə salmamağa diqqət etməlidirlər. Allah bu ayda verdiyi nemətlərə görə şükür edilməsini və onlardan israf etməyəcək dərəcədə istifadə edə bilmələrini bildirir. Məqsəd mədənin və həzmlə bağlı digər orqanların 1 aylıq tətil etməsi, özünü yeniləməsi və yenidən bərpa eləməsidir.
Amma bəzi insanlar var ki, mədəni imsakda da, iftarda da doldurur, mədənin “evini yıxır” və sonda da deyir ki, “mən oruc tutdum, allaha ibadət elədim, savab iş gördüm”. Lakin bu düşüncə olduqca yanlışdır. Ona görə iftarda bolca su qəbul etməlidirlər. Çünki gün ərzində susuz qalırlar və enerji itirirlər. Bol maye qəbul edərək itirdikləri enerjiləri bərpa etməlidirlər.
Dində sünnət olaraq iftarı su və xurma ilə açmaq daha məqsədə uyğundur. Amma bəzi insanlar xurma ilə iftarlarını açır və namazlarını qılaraq yeməyə başlayırlar. Ramazan ayında daha bir xüsusa diqqət olunmalıdır: İstər-istəməz gün ərzində ac qaldığımıza görə mədə kiçilir və bir şeydən çox yeməkdənsə, 1 növ sulu və quru yemək, yaxud da, qidalanmanı uzun müddətə yaymaq lazımdır. Ümumiyyətlə, insanlar buna diqqət etsələr daha yaxşı olar."
Qida mütəxəssisi Məshəti Hüseynova isə bildirib ki, Ramazan ayında insanların oruc tutması birinci olaraq bu dinimizə görə ən çox lazım olan, etməli olduğumuz borclardan biridir:
“Ancaq bir çox insanlar bunu çəki vermək üçün və yaxud arıqlamaq üçün edirlər. Amma insanlar bunu da bilməlidirlər ki, bu yolverilməzdir. Bu insanlar birinci növbədə baş ağrısından şikayət edirlər ki, bu da orqanizmin yetəri qədər maye qəbulunun olmamasından qaynaqlanır. Yaxşı olar ki, oruc tutan insan mütləq bu məqamı nəzərə alsın və oruc tutarkən hər bir kiloqram bədən çəkisinə görə 30 mq su qəbul etsin.
İftar və imsak vaxtları arasında bu miqdarı bölüb mütləq şəkildə su qəbul etmək lazımdır. Əks halda orucluqdan sonra orqanizmdə toksinlərin yığılması ilə birlikdə xoşagəlməz prosseslər baş verəcək. Mütləq şəkildə su qəbulunu unutmamalıyıq. Çünki orqanizmdə bütün proseslər qəbul etdiyimiz mayenin hesabına gedir. Qidaların tərkibindəki faydalı elementlərdə mayenin hesabına həll olur və orqanizmə keçir. Eyni zamanda, orqanizmdə yığılan toksik maddələr də suyun hesabına xaric olur.
Ramazan ayında bəzən orqanizm 16, bəzən də 18 saat ac qalır. Ona görə də qəbul edilən qidaların balanslaşdırılmasına diqqət yetirilməlidir.
Orqanizmin sağlamlığı da qorunmalıdır. Bunun üçün orqanizmdə qəbul edilən qidaların çeşidliliyini təmin etməliyik. Ümumiyyətlə, yaxşı olar ki, yerli və mövsümi meyvələrdən, tərəvəzlərdən mütləq şəkildə istifadə olunsun. Daha çox evdə hazırlanmış yeməklərdən istifadə olunsun. Mütləq şəkildə qida rasionuna ağartı məhsulları, süd, pendir və kəsmik daxil edilsin. İftar süfrəsində isə mütləq şəkildə ən azı bir növ şorba olmalıdır. Çünki şorba mədənin yumşalmasını təmin edir”.
Ziya Yaqubzadə, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:30 / 30.03.2023
Oruc tutanlar bu qidalara DİQQƏT ETMƏLİDİR – Alim və mütəxəssisdən TÖVSİYƏLƏR
Hazırda oxunan: Oruc tutanlar bu qidalara DİQQƏT ETMƏLİDİR – Alim və mütəxəssisdən TÖVSİYƏLƏR
Hazırda oxunan: Oruc tutanlar bu qidalara DİQQƏT ETMƏLİDİR – Alim və mütəxəssisdən TÖVSİYƏLƏR
127846
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.