“Ana dilimizə konservativ münasibət bizim xeyrimizə deyil” - QİSMƏT 

“Ana dilimizə konservativ münasibət bizim xeyrimizə deyil” - QİSMƏT 

Hazırda oxunan: “Ana dilimizə konservativ münasibət bizim xeyrimizə deyil” - QİSMƏT 

121758

“Biz dilimizlə bağlı problemləri qloballaşan, balaca bir smartfonun ekranın yerləşən çağdaş reallıqları nəzərə almadan həll edə bilmərik. Dilimizin imkanlarını, potensialını ifadə etmək üçün indiyə qədər adətən bir yola baş vururduq, sadələşdirib desəm, folklora, dədə-babalarımızın mirasına istinad etmək. Ancaq artıq bu kifayət etmir. Çünki yeni dövrün sürəti başqadır”.

Beynəlxal Ana Dili Günü ilə bağlı sözlük halımıza münasibət bildirən tanınmış şair, tərcüməçi, esseist Qismət Rüstəmov Bizim.Media-ya danışarkən belə deyib.

Qismət bildirib ki, sözlərin yaddaşı var və bu yaddaş onların doğulduğu, işləndiyi əsrin təcilini, sürətini, tempini də özündə əks etdirir:

“Sənayə öncəsi, yaxud Birinci sənaye inqilabı zamanında aktiv olan hər hansı texniki sözün qarşı tərəfə çatma təcili ilə indiki gerçəkliyin tələbləri bir-birinə düz gəlmir. Mən ana dilimizə konservativ münasibətin indiki əsrdə bizim xeyrimizə olmadığını düşünürəm.

Artıq google kimi axtarış sistemlərinin belə öz yerini yavaş-yavaş Chatgpt, yeni nəsil söhbət robotlarına verdiyi əsrdə, tutalım, bolt, qayka sözlərə ana dilində qarşılıq axtarmaq, sonra onları ictimai dövriyəyə buraxmaq, nəticəsini gözləmək əbəs işdir.

Bunun əvəzinə biz elə həmin sözlərə vətəndaşlıq verməliyik, pasport təqdim etməliyik, qoy polis kimi, televizor kimi, həmin sözlər həm də bizim dilin vətəndaşı olsun. İndiyə qədər biz daha çox dildən nəyi təmizləməliyik, nəyi atmalıyıq, nəyi saxlamalıyıq, nəyi yaxına buraxmalıyıq pozisiyasında olmuşuq, ancaq indiki əsrin reallığı budur ki, nəyi qəbul etməliyik, hansı sözlərə vətəndaşlıq verməliyik də eyni dərəcədə vacib məsələdir”.

-  Dilin gücü yazılı ədəbiyyatda və tərcümə sənətində özünü biruzə verir. Sizcə indi bizdə bunun təbii tənzimləmə mexanizmi çalışırmı?

-  Bizim nəşriyyatlar Azərbaycan müəlliflərinə, tərcüməçilərinə, xüsusilə də redaktorlarına hörmət etmirlər. Səhifəsi 80 qəpikdən, tanışlıqla 1 manatdan redaktə təklif edilir. Azərbaycanda tərcümənin qiyməti əslində redaktənin qiymətidir, yəni səhifəsi 6-7 manatdan əslində redaktə qiyməti olmalıdır, tərcümənin qiyməti daha yuxarı olmalıdır.

Redaktorluğa bunca hörmətsiz, lazımsız iş kimi baxanda, dilin başına hər şey gələ bilər. Şahbaz Xuduoğlu mənim dostumdur, xətrini istədiyim adamdır, ancaq gərək bir həqiqəti deyək:

dünyanın heç bir yerində naşir öz kitablarından məşhur olmur, nəşriyyatın prestiji kitabların imiciylə ölçülür. Və bu məqamda gəlirik ki, əsas məsələyə:iqtisadi amilə. İndi gənclərin daha çox türkcə oxumasının əsas səbəblərindən biri kitabların qiymətidir.

Deyirlər ki, mənəviyyat əldən getdi, zəmanə pozulub, cavanlar rus ədəbiyyatını rusca oxuyur. Burada diqqət etmədiyimiz bir məqam var: məsələn, mən ötən aylarda Henry Jenkinsin "Cəsur yeni media" adlı kitabının türkcə nəşrini bizim kitablar dükanlarında gördüm, təxminən, 25 manat idi.

Kitabı onlayn sifariş etsəm, mənə təxminən 10 manata başa gəlir, yəni az qala buradakı bir kitabın qiymətinə oradan bir neçə kitab ala bilərəm, üstəlik, dizaynı, səliqə-səhmanı, bütün əlavə izahları yerli-yerində. Bu, düşünməli olduğumuz məsələdir.

- Dilin qorunmasında digər mədəniyyətlər tərəfindən etiraf ediməsinin də rolu var, yəni, əriməmək üçün əritməyi də bacarmalısan…

- Əlbbəttə, bir digər məsələ eksport məsələsidir. Bir dili və o dildə yaranan ədəbiyyatı, yazan müəllifləri hörmətli edən, gələcəkdə sıradan çıxmaqdan qoruyan məsələ, xariclə də bağlı məsələdir.

Norveç "Norla", Türkiyə "Teda" kimi (nümunələr çoxdur) müvafiq fondlar öz ədəbiyyatlarının dünya dillərinə tərcüməsinə külli miqdarda vəsait ayırırlar, əgər orijinaldan tərcümə edirsənsə, daha çox qonorar təklif edirlər, ingilis dilindən edirsənsə, nisbətən az.
Bu yolla təşviq edirlər ki, gəl, mənim dilimi, mədəniyyətimi öyrən, daha çox qazan. Biz isə işin fədakarlıq mərhələsində ilişib qalmışıq.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO