Keçmiş məmur-oliqarxların “səfərbərliyi” elan olunsun – “Ya Qarabağ, ya həbs”

Keçmiş məmur-oliqarxların “səfərbərliyi” elan olunsun – “Ya Qarabağ, ya həbs”

Hazırda oxunan: Keçmiş məmur-oliqarxların “səfərbərliyi” elan olunsun – “Ya Qarabağ, ya həbs”

11967

Hər kəsi düşündürən məsələlərdən biri işğaldan azad olunan torpaqların yenidən qurulması və bu yolda xərclənəcək vəsaitdir. Çünki Azərbaycan vətəndaşları 44 günlük savaş və sülhdən sonrakı qədər heç vaxt həmrəy olmayıb. 

Bizim.Media-nın apardığı sorğular göstərir ki, xalq dövlətin yanındadır və əldə olunan qələbədə istifadə olunan itkiləri nəzərə alır. Qarabağın dirçəlməsi üçün on minlərlə sadə vətəndaş yeri gələrsə, öz mal-mülkündən kəsib yardım etməyə, canı-qanı ilə o quruculuqda iştirak etməyə hazırdır.

 

Amma ortya belə bir sual çıxır, bəs ölkənin dinclik vaxtında, gəlirlərin su kimi axıb gələn zamanların, birə-beş qaz vurub, qazan dolduran keçmiş məmur-oliqarxları  niyə dinmir? Onlar bu xalq, ölkə əhəmiyyətli quruculuq işlərində niyə yoxdular, səsləri niyə çıxmır? 


Bu səbəbdən də insanlar Qarabağın həyata qaytarılması üçün vəsaitin büdcədən yox, ölkəni talayan “eks”lərin cibindən çıxmasını istəyir. Çünki Azərbaycanda bir çox sabiq məmurlar dövlət başçısının onlara göstərdiyi etimada yeyinti ilə cavab verib. 

 

MÖVZU İLƏ BAĞLI:

Keçmiş nazir Səlim Müslümov və Heydər Əsədovdan danışdı: "Tamahları öz boylarından böyük idi"


Elementar məntiqə sahib olmaq lazımdır ki, azad olunan ərazilərdə normal yaşayışı təmin etmək üçün milyardlarla maliyyə vəsaitin gərəkli olduğunu anlayasan. Bununla paraleldə qazi, şəhid ailələrinə göstərilən və davamlı olacaq dövlət qayğısını da unutmaq olmaz.

Prezident İlham Əliyevin başçılığı ilə Azərbaycanın bütün sınaqlardan üzüağ çıxdığını bilirik və buna inanırıq. Lakin pandemiya və neftin ucuzlaşmasının da iqtisadiyyata etdiyi mənfi təsirləri unutmaq olmaz. 

Etiraf edək ki, rüşvətxor məmurlar və monopolist oliqarxlar iqtisadiyyatımıza virus və savaşlardan daha çox ziyan vurur. Bədbəxtçilik orasındadır ki, monopolist oliqarxların da çoxu elə bir vaxtlar rüşvətə görə işdən azad olunan məmurlar olub. 

 

Vətəndaşlar ölkə başçısının kadr islahatları və DTX-nin əməliyyatları ilə korrupsiyanın finişinə ümidlənsələr də, qəbul etmək lazımdır ki, hələ də “görüm-baxım”la məşğul olan vəzifəlilər kreslolarında oturublar.


Yəni vəzifədədirlər. Xalqı və dövlət büdcəsini soyğuna məruz qoyanların həm ölkə xaricində, həm də daxildə bank hesabları və müxtəlif biznesləri var.

Sürgünə layiq oğrular arasında Ziya Məmmədov, Fazil Məmmədov, Abid Şərifov, Əli Həsənovlar, Oqtay Əsədov, Eldar Mahmudov, İsmət Abbasov, Hacıbala Abutalıbov, Səfər Əbiyev, Zakir Qaralov, Rüstəm Usubov, Nəcməddin Sadıkov, Əli Abbasov, Heydər Əsədov, Elmar Məmmədyarov, Əbülfəs Qarayev, Misir Mərdanov, Etibar Pirverdiyev, Tağı Əhmədov, Füzuli Ələkbərov, Heydər Babayev və neçə icra başçıları, idarə müdirləri var. Hər halda rüşvətxorların bu siyahısı internetdə korrupsiya axtarışı edən heç kəsə yad deyil. 

Rüşvətxor məmurlardan bəziləri isə, nəinki Qarabağa dəstək, hətta oranı da Abşeron kimi sümürməkdən ötrü hücuma hazırlaşır. Bunu da sezən uzaqgörən Prezident İlham Əliyev məhz onları xəbərdar etdi ki, “Məmurlar öz yerini, yerlərini bilsinlər, öz işləri ilə məşğul olsunlar".

"Bir də mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm. Ona görə hərə otursun yerində, öz işi ilə məşğul olsun, məni də əsəbləşdirməsin.”

 

MÖVZU İLƏ BAĞLI:

"Mən Şuşanı məmurlar paytaxtı elan etməmişəm" - Prezident hansı məmurları tənqid etdi?


Əslində azərbaycanlı korrupsionerlərin dövlətdən oğurladığı pulları toplasaq, mənim kasıb riyaziyyatımla təxminən 50-100 milyard AZN civarında maliyə vəsaiti yığılır. Dövlət büdcəmizdən qat-qat böyük rəqəm alınır.

Bu hətta Ermənistanın 30 il ərzində Qarabağa vurduğu maddi ziyandan bir qədər az məbləğdir. Həmin oğruları Qarabağa sürgün etmək lazımdır. Daha doğrusu, sabiqlərin əyri yollarla yığdığı çirkli pulları Qarabağa yönəldib, təmizləmək lazımdır. 

Deyəsən, son günlər S.Müslümovun həbsi, Z.Məmmədovun istintaqa çağırılması bu plana eyhamdır. Bu iki ad ümumi siyahının yanında Qarabağa xırda investisiyalardır. 

 

Yazının əvvəlində qeyd etdiyimiz sorğudakı cavablar rüşvətxor varidatının Qarabağın yenidən qurulmasına istiqamətlənməsinin tərəfdarıdır. Camaatın bununla maraqlanmağına səbəb həm işğaldan azad olunan torpaqlara yeni nəfəs vermək, həm də Tarif Şurasının elan etdiyi yükün altından çıxmaqdır. 


İnsanlar deyir ki, “Qarabağa xərclənəcək pulu vergi və cərimələri artırmaqla bizə ödətdirməyin. Həmin pulu işğalın yaşı qədər – 30 il bu dövləti talan edən məmurlardan tələb edək”.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO