“İnsanlar getdikcə dəli olacaqlar” – Artan aqressivliyin SƏBƏBLƏRİ 

“İnsanlar getdikcə dəli olacaqlar” – Artan aqressivliyin SƏBƏBLƏRİ 

Hazırda oxunan: “İnsanlar getdikcə dəli olacaqlar” – Artan aqressivliyin SƏBƏBLƏRİ 

116652

İnsanlar getdikcə daha çox aqressiv olur. Əvvəlki nəzakəti, əvvəlki nəvazişi indi çox nadir hallarda görürük. Məsələn, əvvəllər kimdənsə hansısa ünvanı soruşanda həmin adam çox böyük həvəs və nəzakətlə həmin ünvana getməyin ən asan yolunu bizə izah edirdi. Amma indi insanlar daha çox bədən hərəkəti ilə səni yola verir. Bəziləri isə “bilmirəm” deməklə “canını qurtarır”. Bundan əlavə ictimai yerlərdə insanların sifətindən sanki “zəhər tökülür”. Sifətlərdə təbəssüm qeybə çəkilib.

Bəs, bütün bunların səbəbi nədir?

İlkin olaraq məsələyə psixoloq Gülnar Orucovanın münasibətini öyrəndik. Bizim.Media-ya açıqlamasında o bildirdi ki, insanları aqressivləşdirən başlıca səbəb sevgisizlikdir:

“Sevgi insan üçün relaks-taymdır. Həyatında sevgi olan insan digər problemləri arxa plana atır. Ailədə qadınlar kişidən çox şey- sevgi, maddiyat, diqqət və digər şeylər istəyir. Kişilərsə daha çox sakitlik istəyirlər. Qadın və kişi ailədə bu istəklərinə cavab ala bilməyəndə aqressiv olur. Bu aqressivliyini də təbii ki, cəmiyyətə yönəldir. Doğrudur bəzən sevgi özü də aqressivlik yaradır. Məsələn, insan birini sevir və onu ətrafdakılara qısqanır. Bu qısqanclıqsa bir çox hallarda aqressiv şəkildə biruzə verilir”.

Psixoloq onu da əlavə etdi ki, insanın yaşadığı cəmiyyətə sevgisi olmayanda da aqressiv olur:

“Bu aqressivlik də daha çox maddiyatla bağlı olur. İnsanlar öz öhdəliklərini və ailə qarşısında borcunu ödəyə bilməyəndə əsəbləşir, aqressiv olur. Bəzən, küçədə və yaxud nəqliyyatda gedərkən gülüb-danışan insanlara çox qəribə münasibət görürük. İnsanlar öz aqressivliklərini bədən dili ilə danışıb-gülən insanlara bildirirlər. Sanki “hansı gününə gülürsən”- deyirlər”.

Gülnar Orucova insanlardakı aqressivliyin digər səbəbini informasiya bolluğunda görür:

“İnsan nə qədər az informasiya alsa o qədər rahat olur. Çünki, çox informasiya həm də psixoloji yük yaradır. İnsanın aldığı informasiyanın yaratdığı mənfi assosasiya istər-istəməz cəmiyyətə sirayət edir. Bəzən deyirlər ki, Sovetlər vaxtı insanlar daha şən və gülərüz idi. Əminliklə deyə bilərəm ki, bunun birinci səbəbi informasiya azlığının yaratdığı ovqat idi. İnsan istənilən informasiyaya reaksiya vermək zorundadır. Bu isə istər-istəməz insana əlavə yük deməkdir, getdikcə lap dəli olma həddinə çatmaq olar”.

Sosioloq Lalə Mehralınınsa məsələyə münasibəti belə oldu:

“İnsanların gündəlik yaşadıqları proseslər ilk növbədə sifətdə təzahür edir.İnsanın günü yaxşı keçsə, heç bir maddi və mənəvi sıxıntısı olmasa üzündəki ifadə də mülayim və xoşagələn olar. Bu da dolayısı ilə o deməkdir ki, insanların sifətindəki ifadə onların yaşadığı həyatın göstəricisidir. Küçədə gedərkən qarşımıza çıxan insanın sifətinə baxmaqla onun necə həyat yaşadığını çox asanlıqla müəyyən edə bilirik.İnsan daxili təlatümünü nə qədər gizlətməyə çalışsa da bu onun sifətinə sirayət edir. Çox təəssüf ki, bu gün problemsiz insan yoxdur. Ona görə də insanlarımızın çoxunda aqressiya görürük”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO