Böyük Britaniyanın Avropa Avropa Qonşuluğu üzrə Dövlət Naziri hər il iki ölkə xarici işlər nazirlikləri arasında keçirilən Birləşmiş Krallıq-Azərbaycan Strateji Siyasi Məsləhətləşmələrin bu ilki iclasında iştirak etmək üçün Bakıda səfərdədir.
Bizim.Media olaraq səfərin əhəmiyyəti və gələcək perspektivləri barədə politoloq Yeganə Hacıyevanın fikirlərini öyrəndik. Politoloq səfərlə bağlı məsələləri şərh etməzdən öncə Böyük Britaniya və Azərbaycan münasibətləri haqqında danışdı:
MÖVZU İLƏ BAĞLI:
Britaniyalı nazir ilk görüşünü Bakıdan kənarda - Müşfiqdə keçirdi - FOTO
“Böyük Britaniya Azərbaycanın Avropada azsaylı dostlarının önündə gedən bir dövlətdir. Son 800 ilə dayanan dövlət tarixi ilə Böyük Britaniya dini, milli və irqi fərqliliyə hörmət edən güvənli tərəfdaşlardandır. Böyük Britaniya və Azərbaycan arasında tarixən güclü əlaqələr, çağdaş dövürdə isə güvənli strateji tərəfdaşlığa söykənən münasibətlər mövcuddur.
Fransa, Rusiya, ABŞ və bir çox Avropa ölkələrindən fərqli olaraq Böyük Britaniyanın Qarabağ münaqişəsinə baxışı həmişə Azərbaycanın mövqeyini əhatə edib.
Böyük Britaniya ilə Azərbaycan Arasında təhlükəsizlik, enerji və s. kimi münasibətlərdən əlavə həm də xalqların tarixi, mədəniyyət, təhsil sahəsində güclü əlaqələri mövcuddur.”
Yeganə Hacıyevanın fikrincə, səfərin proqramı Böyük Britaniya və Azərbaycan arasında bir sıra məsələləri əhatə edəcək.
“Bu məsələlər yaşıl enerjinin inkişafı, iqlim dəyişikliyinə qarşı tədbirlər, habelə qadın hüquqlarının müdafiəsi və gender əsaslı zorakılığa qarşı mübarizə sahələrində əməkdaşlığı əhatə edir".
"Səfərin əsas yükü isə əlbəttə ki, Dağlıq Qarabağda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün quruculuq və bərpa işlərində əməkdaşlıqdır. Bununla yanaşı müharibə sonrası Cənubi Qafqazda yeni reallıqların fonunda ümumi maraqlara xidmət edən vektorların dəqiqləşdirilməsi, müəyyənləşdirilməsi və yenilərinin cızılması üçün məsləhətləşmələr nəzərdə tutulur.”
MÖVZU İLƏ BAĞLI:
Britaniyalı nazir Milli Məclisin sədri ilə görüşdü
Cənubi Qafqaz regionunda insan haqları, sülh, sabitlik prosesləri və bu proseslər çərçivəsində qadınların iştirakı və s. kimi mövzuların müzakirəsi gözlənilir deyən Yeganə Hacıyeva əlavə etdi ki, Vendi Mortonla Prezident İlham Əliyev və Xarici İşlər naziri Ceyhun Bayramov arasında baş tutan görüşlərdə mövzu ilə əlaqədar məsləhətləşmələr olacaq.
“Vendi Morton 9 fevralda baş tutacaq Birləşmiş Krallıq - Azərbaycan Strateji Siyasi Məsləhətləşmələrin növbəti iclasında iştirak edəcək. Həmin iclada ətraf mühit, iqlim məsələlərində strateji tərəfdaşlığı genişləndirmək üçün iki ölkə arasında Anlaşma Memorandumu imzalanacaq.
Memorandum Azərbaycanda bərpa olunan enerji layihələrinin inkişafı və yaşıl əsaslarda quruculuq işləri ilə bağlı gələcək əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsini nəzərdə tutur.
"Daha öncə də qeyd etdiyim kimi, səfər həm də qadın hüquqlarının təşviqi sahəsində səylərin və məişət zorakılığına qarşı real mübarizədə aparıcı təsisatlara dəstək verilməsi üçün müzakirələr və görüşlər planlaşdırılır.”
Politoloqun fikrincə, Vendi Morton Azərbaycanın Ekologiya və Təbii Sərvətlər, habelə Energetika nazirləri ilə də görüşlər keçirəcək. Məqsəd bu ilin noyabrında Qlazqoda təşkil olunacaq “COP26” zirvə görüşündən əvvəl bərpa olunan enerjiyə keçid və istixana qazı emissiyalarının azaldılmasına nail olmaq üçün Azərbaycanla əməkdaşlığın inkişaf yollarını müzakirə etməkdir.
Anar Rəhimov, Bizim.Media