Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.
Partiyanın mətbuat xidmətindən musavat.com-a verilən məlumata görə, İclasda qərarların icrası və görülən işlər barədə məlumat verilib.
Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Leyla Yunusun bu günə təyin olunan məhkəməsi haqqında məlumat verərək məhkəmənin iyulun 15-i saat 10.00-a təxirə salındığını bildirib.
Partiya rəhbərliyinə vətəndaş cəmiyyəti nümayəndələrinin yaxınlaşan məhkəmələrində aktiv iştirak etmək tapşırılıb.
Məclisin sədri Nüşabə Sadıxlı faciəli şəkildə vəfat edən gənc müsavatçı Oruc Novruzovun İsmayıllının Lahic kəndində keçirilən 40 mərasimində partiya rəhbərliyinin iştirakı haqqında məlumat verib.
Başqan müavini Elman Fəttahın Müsavat Partiyasının Şəki rayon təşkilatının rəhbərliyi ilə görüşü haqqında məlumatı dinlənilib.
Divan üzvü Rafiq İmayıl Xəzər dənizinin Bakı sahil zolağının hasarlanma işlərinin artıq dənizin içərisinə doğru tikililərlə müşayiət olunduğu, sahil çimərliklərinin oliqarx məmurların tam nəzarəti altına keçməsinin əhalidə ciddi hiddət doğurduğu haqda məlumat verib.
Divan siyasi sifarişlə həbs olunan vətəndaş cəmiyyəti nümayəndələrinin, siyasi fəalların fədakar müdafiəçiləri, vəkillər ”“ Xalid Bağırovun və Əlayıf Həsənovun hökumətin sifarişinə əsasən qanunsuz məhkəmə qərarları ilə Vəkillər Kollegiyasından xaric edilmələrini siyasi məhbusların müdafiəsini çətinləşdirmək məqsədi daşıdığını, mövcud rejimin repressiv siyasətinin davamı olduğunu, müstəqil vəkillər institutunun məhv edilməsi yönündə atılan növbəti addım kimi dəyərləndirib. İcitmai-siyasi təşkilatları, beynəlxalq insan haqları təşkilatlarını bu məsələyə prinsipial münasibət bildirməyə çağırıb.
Divan son zamanlar Avropa strukturlarının və ölkələrinin ardıcıl olaraq Azərbaycanın ərazi bütövlüyünü qətiyyətlə müdafiə edən bir neçə qətnamə və qərarlar qəbul etməsini əhəmiyyətli hadisə kimi dəyərləndirib. Belə bir dövrdə rəsmi Bakının Moskvayla sinxron şəkildə anti-Qərb ritorikasını intevsilləşdirməsini ölkənin milli maraqlarına zərbə kimi qiymətləndirib.
Müsavat Partiyasının israrla vurguladığı Avrointeqrasiya xəttinin Azərbaycanın milli təhlükəsizliyi baxımından alternativinin olmamasını bir daha ölkə ictimaiyyətinin və hakimiyyətin diqqətinə çatdırır.
Bakı-Supsa kəmərinin bir hissəsinin Gürcüstan ərazisində Rusiyanın nəzarətinə keçməsi ilə bağlı məlumatlar müzakirə edilib, mövzunun ciddi şəkildə araşdırılıb partiya rəhbərliyinə detallı arayış təqdim edilməsi başqan müavini Səxavət Soltanlıya tapşırılıb.
Sonda cari məsələlərə baxılıb.


























































































