Ermənistan üçün TARİXİ ŞANS: “Ya dövlətini xilas edəcək, ya da...” – Asim Mollazadə 

Ermənistan üçün TARİXİ ŞANS: “Ya dövlətini xilas edəcək, ya da...” – Asim Mollazadə 

Hazırda oxunan: Ermənistan üçün TARİXİ ŞANS: “Ya dövlətini xilas edəcək, ya da...” – Asim Mollazadə 

68679

Xəbər verdiyimiz kimi, aprelin 7-də Azərbaycan Prezidenti İlham Əliyevlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub. Müzakirələr zamanı Dövlət başçısı aprelin 6-da Brüsseldə baş tutan görüşlə bağlı məlumat verərkən, sülh prosesinin gələcəyi ilə bağlı önəmli fikirlər səsləndirib.

Belə ki, İlham Əliyev sülh danışıqlarının tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıması prinsipi rəhbər tutularaq aparılacağını bildirib. 

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən Ermənsitana ünvanlanan sülh üçün 5 təməl prinsipin siyahısında da ilk yerdə məhz sözügedən məsələ öz əksini tapmışdı. Əksər ekspertlərin ortaq qənaəti isə məhz bu yöndədir ki, ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması məsələsi öz həllini taparsa, digər müddəaların həllinə nail olmaq daha asan ola bilər.

Bu da 44 günlük müharibənin başa çatmasından sonrakı dövrdə sülh sazişinin imzalanması üçün ən əlverişli imkanının məhz indi yarandığını deməyə əsas verir.

Mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Ermənistan üçün tarixi şansın yarandığını bildirib: 

“Ermənistan hakimiyyəti üçün tarixi şans yaranıb ki, öz dövlətini xilas etsin. Əks halda ağır sosial-iqtisadi problemlər bu ölkəni xəritədən siləcək. Ermənistanın yeganə çıxış yolu qonşularına qarşı ərazi iddialarına son qoymaq, kommunikasiyaları açmaq və normal qonşuluq münasibətləri qurmaqdır. Azərbaycana isə sülh lazımdır. Rəsmi Bakı öz layihələrini, strategiyasını həyata keçirmək istəyir. Bu strategiya əməkdaşlıq və tərəfdaşlıqdan ibarətdir. Bizə lazımdır ki, regionda sabitlik bərqərar olsun”.

Buna rəğmən deputat rəsmi İrəvanın verdiyi vədlərin arxasında dayanacağına inamın az olduğunu qeyd edib:

“Dəfərlərlə onlar sənədlər imzalayıblar, lakin sonradan hansısa bəhanələrlə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməyərək, prosesdən yayınıb, vaxt uzadıblar. İstisna deyil ki, yenə də eyni proses başlasın. Bu onların xislətindən irəli gəlir”.

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO