ABŞ İrana qarşı əməliyyatını genişləndirmək üçün Yaxın Şərqə minlərlə qoşun yeritməyi planlaşdırır. “Reuters” agentliyinin yazdığına görə, İran sahillərinə desant çıxarılması da istisna edilmir.
Bundan əlavə, Xarq adası ətrafındakı vəziyyət ayrıca müzakirə olunur. İran neft ixracının təxminən 90%-i oradan keçir. Mənbələr bildirir ki, Ağ Evdə adanı məhv etmək əvəzinə, üzərində nəzarəti bərqərar etmək variantı nəzərdən keçirilir.
Görəsən, İrana qarşı quru əməliyyatı başlayacaq?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov bildirib ki, ABŞ-ın genişmiqyaslı quru əməliyyatı keçirəcəyi inandırıcı deyil:
“Çünki belə bir quru əməliyyatı keçirmək üçün bölgəyə İran ordusundan say baxımdan ən azı iki dəfə çox olan qüvvə yeridilməlidir. Bu da milyondan artıq hərbçi deməkdir. Belədə, ABŞ-ın müttəfiqlərinin də əməliyyatda iştirakına ehtiyac yarana bilər. Lakin müttəfiqlərin belə bir istəyi yoxdur”.
Ekspert hesab edir ki, indiki mərhələdə ABŞ-ın əsas hədəfi Xarq adasını tutmaqdır
“Hələliksə, ABŞ-ın bölgədə cəmi 50 min əsgəri var. Bu sayda hərbçi ilə isə genişmiqyaslı hərbi əməliyyat keçirmək mümkünsüzdür. Xarq adasını tutmaq isə mümkündür. Adadakı terminalı ələ keçirməklə İranı güzəştlərə məcbur etmək olar. Ora hücumun baş verəcəyini gözləyirəm. Bu ABŞ-ın vəziyyətdən çıxmaq üçün yeganə şansıdır”.
Səmədovun fikrincə, Amerika daxilində də quru əməliyyatına dəstək yoxdur:
“ABŞ-da əhali də quru əməliyyatına dəstək vermir. Belədə, Tramp çətin ki, quru əməliyyatına cəsarət etsin. Hətta belə bir əməliyyata gedilərsə, onun uzanması ehtimalı da istisna edilməməlidir”.
Rüfət Sultan, Bizim.Media
































































































