İlham Əliyev Əbu-Dabidə BƏƏ Prezidenti ilə görüşdü – FOTO

İlham Əliyev Əbu-Dabidə BƏƏ Prezidenti ilə görüşdü – FOTO

Hazırda oxunan: İlham Əliyev Əbu-Dabidə BƏƏ Prezidenti ilə görüşdü – FOTO

586000

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə bu ölkədə səfərdədir.

Bizim.Media xəbər verir ki, dekabrın 17-də Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü olub.

Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Əbu-Dabidə keçirilən “Gələcəyin oyunları 2025” adlı illik qlobal idman turnirinin açılış mərasimində iştirak etdiyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Prezident İlham Əliyev də öz növbəsində dəvətə görə təşəkkür edib və bu tədbirin Birləşmiş Ərəb Əmirliklərində yüksək səviyyədə təşkil olunması münasibətilə təbriklərini çatdırıb.

Söhbət zamanı strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-BƏƏ ikitərəfli əlaqələrinin bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, həmçinin bərpaolunan enerji, mədəni, humanitar və digər istiqamətlərdə uğurla inkişaf etdiyi vurğulanıb.

Dövlətimizin başçısının BƏƏ-yə, BƏƏ Prezidentinin isə Azərbaycana səfərləri məmnunluqla xatırlanaraq, bütün bunların və müxtəlif səviyyələrdə həyata keçirilən digər qarşılıqlı səfərlərin münasibətlərimizin inkişafında roluna toxunulub.

Görüşdə Azərbaycan və BƏƏ prezidentləri əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıblar.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan “Gələcəyin oyunları 2025” adlı illik qlobal idman turnirinin açılış mərasimində iştirak ediblər.

Qeyd edək ki, “Gələcəyin Oyunları” hər il təşkil olunması nəzərdə tutulan qlobal idman turniridir. Turnir iki mərhələdə həyata keçirilir. İlk mərhələdə idmançılar fiziki idman növləri üzrə yarışırlar. İkinci mərhələdə isə idmançıların rəqəmsal oyunlar üzrə bacarıqları sınaqdan keçirilir. “Növbəti nəsil insanlar. Gələcəyini oyna” devizi altında təşkil olunan turnirdə müxtəlif ölkələrdən idmançılar ümumilikdə 11 idman növü üzrə yarışacaqlar. Ötən il BƏƏ 9 iddiaçı namizəd arasında qalib gələrək, 2025-ci ildə keçiriləcək “Gələcəyin Oyunları” turnirinə ev sahibliyi etmək hüququ qazanıb.

Daha sonra Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə nahar verilib.























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO