Bu gün Azərbaycan və Türkiyə xarici işlər nazirləri arasında iki dövlət arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə təbrik məktubu mübadiləsi baş tutub.
Xarici İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, nazir Ceyhun Bayramov qardaş ölkədən olan həmkarını diplomatik əlaqələrin qurulmasının 30 lliyi münasibətilə ürəkdən təbrik edib.
Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət kimi tarixə düşən qardaş Türkiyə ilə münasibətlərimizin ötən illər ərzində Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və xalqımızın Ulu öndəri Heydər Əliyevin “Bir Millət İki Dövlət” fikirlərinə uyğun olaraq inkişaf etdiyini qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
Bakıdan Ermənistanın əsassız ittihamlarına SƏRT CAVAB
Ölkələrimiz arasında mövcud olan münasibətlərin bugünkü səviyyəsinin xalqlarımızın iradəsinə və Azərbaycan Prezidenti cənab İlham Əliyev ilə Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın qardaşlıq münasibətlərinə söykəndiyi vurğulanıb.
Türkiyəli nazir Mevlüt Çavuşoğlu da azərbaycanlı həmkarını səmimiyyətlə təbrik edib. Türkiyə və Azərbaycan arasındakı 71 illik həsrətin 14 yanvar 1992-ci ildə imzalanmış protokol sənədləri ilə sona çatdığını və həmin gündən fəaliyyətə başlayan Türkiyə Respublikasının Bakıdakı səfirliyinin Azərbaycandakı ilk səfirlik olduğunu qeyd edib.
Mevlüt Çavuşoğlu, son 30 ildə sarsılmaz qardaşlıq bağları üzərində qurulan həmrəyliyimizin, iki dövlət rəhbərinin yaxın dostluq münasibətlərinin verdiyi ilhamla daha da inkişaf etdiyini bildirib.
Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə çatdırılan əlaqələrə hər iki qardaş xarici işlər nazirləri tərəfindən birgə verilən töhfələrin qürur və sevinc mənbəyi olduğu ifadə edilib.
Bizim.Media