“Hər zaman qeyd etdiyim kimi, türkçülüyün banisi Azərbaycan, beyni isə Türkiyədir. Və Şuranın bu gün güclü bir siyasi və iqtisadi təşkilata çevrilməsində iki ölkə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan böyük pay sahibləridir.”
Bu fikirləri Bizim.Media-ya müsahibəsində politoloq Ramiyə Məmmədova, Türk Dövlətlər Birliyinin noyabrın 12-də keçirilən zirvə toplantısını şərh edərkən deyib.
Politoloq ilk növbədə, birliyin adının dəyişdirilməsinin əhəmiyyətinə toxunub:
“Türk Şurasının adının Türk Dövlətlər Birliyinə dəyişdirilməsi bütün dünyaya səs saldı. Baxmayaraq ki, türk dövlətlərinin əksəriyyəti post-Sovet ölkələridir və Rusiya ilə sıx əlaqələri var, ancaq bu birlik türkdilli dövlətlərin bütün maneələrə rəğmən bir araya gəlməsi deməkdir.
Bu isə, gələcəkdə Turan birliyinin qurulması yolunda atılan ən önəmli addımlardan biridir. Digər önəmli nüans isə, Birlikdə sadəcə türkdilli ölkələrin olmamasıdır. Belə ki, Macarıstan da təşkilata üzvdür. Eyni zamanda Rusiya birliyə qatılmaq istəyini dilə gətirib”.
Ramiyə Məmmədova Türk Dövlətlər Birliyi-Rusiya münasibətlərinin inkişaf perspektivlərində də bəhs edib. Onun sözlərinə görə, Birliyin yaranması tarixi əhəmiyyətli hadisədir. Çünki türk dövlətlərinin birliyi möhkəmləndikcə, digər ölkələrdə, xüsusilə də Rusiyada yaşayan türk xalqlarının hər birinə müsbət təsir göstərəcək.
MÖVZU İLƏ BAĞLI:
“Türk Dünyası 2040 Vizyonu” qəbul edildi - İSTANBULDA TARİXİ HADİSƏ
Politoloqun fikrincə, Rusiyanın da birliyin fəaliyyətinə dəstək göstərməsi olduqca vacibdir. Çünki ilk növbədə birlik, regional siyasi, iqtisadi proseslərə qarşı deyil. Doğrudur, Birlikdən narahat olan qüvvələr Təşkilatı 3-cü tərəflərə qarşı təhlükə kimi göstərə bilərlər. Lakin bu belə deyil. Sadəcə olaraq, etnik kökləri bir olan xalqlar bir araya gələrək öz iqtisadi və siyasi bağlılıqlarını möhkəmləndirirlər.
“Rusiyanın Birliyə dəstəyini vacib edən ikinci nüans isə, birliyin güclənməsinin, Rusiyanı regional proseslərdən kənar qoymaq ehtimalını yaratmasıdır”, deyə xanım ekspert qeyd edib.
Ramiyyə Məmmədova eyni zamanda, dövlətlərin etnik köklərə bağlı olaraq yaranan əməkdaşlığının iqtisadi və siyasi inkişafı da tətikləyəcəyini vurğulayıb:
“Onlar, birlikdə bir sıra mühüm proyektlərə imza ataraq birgə inkişaf edəcəklər. Nəticədə, inkişaf Ərdoğanın da qeyd etdiyi kimi, regional proseslərdə də özünü büruzə verəcək. Bu birliyin gücü bölgədə sabitliyin təmin olunmasına gətirib çıxaracaq. Çünki iqtisadi cəhətdən sürətli inkişaf yoluna qədəm qoyan ölkələr, münaqişlərlərdə maraqlı olmayacaqlar. Nəticədə, Birlik ölkələrində baş verən Qarabağ münaqişəsi kimi lokal konfliktlər bütün dövlətlər qarşı çıxacaqlar. Bir sözlə, Birlik regionda sülhün təmin olunmasına mühüm rol oynayacaq”.
Onun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması Birliyin daha da möhkəmlənməsinə gətirib çıxaracaq. Belə ki, bu koridor vasitəsilə Türkiyənin digər türk dövlətləri ilə bilavasitə əlaqəsi təmin olunacaq. Toplantıda da Zəngəzur dəhlizi məsələsinin xüsusilə qabardılması, onun əhəmiyyətini bir daha nümayiş etdirir.
Xanım ekspert eyni zamanda Prezident İlham Əliyevin dəfələrlə Zəngəzur dəhlizinin önəmini vurğulaması təkcə türk dövlətlərinə yox, bütün dünyaya mesaj olduğu qənətindədir. Çünki Çindən Avropaya qədər bütün ölkələr logistik əlaqələri daha da inkişaf edəcək.
“Zəngəzur dəhlizinə xüsusi yer verilməsinin digər səbəbi isə, Ermənistanın layihəni ləngitməsinə mane olmaqdır. Ələxsus da, dəhlizin regional inkişafa nə qədər müsbət təsir edəcəyini anlayan ölkələr, Zəngəzur koridorunun yaradılması üçün lazımi səyləri göstərəcəklər.
Ermənistanın isə, artıq başqa çarəsi qalmayıb. Ona görə ki, sonda Zəngəzur koridoru məsələsində İran kimi təklənmək istəməyən Ermənistanın, Rusiyanın da təzyiqləri ilə birgə, sözügedən layihəyə qarşı çıxmaq gücü yoxdur”, deyə o qeyd edib.
Murad Əhmədov, Bizim.Media