Bu gün Milli Məclisin Sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan İtaliya parlamentinin Deputatlar Palatasının sədr müavini Ettore Rosatonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bizim.Media-nın xəbərinə görə spiker bildirib ki, bu səfər ölkələrimiz və parlamentlərimiz arasında mövcud əlaqələrin dərinləşməsinə xidmət edir. Bu gün Azərbaycan və İtaliya iki yaxın dost və strateji tərəfdaşdırlar. Ölkələrimiz arasında imzalanmış sənədlər münasibətlərimizin möhkəm hüquqi bazasını təşkil edir.
Spiker təkcə ötən il Azərbaycan-İtaliya arasında ticarət dövriyyəsinin 6 milyard ABŞ dolları həcmində olduğunu vurğulayıb. Cari ilin yanvar-oktyabr aylarında isə bu göstərici 4,2 milyard ABŞ dolları təşkil edib. Mütəmadi olaraq biznes forumların keçirilməsi iqtisadiyyatın ən müxtəlif sahələrində əlaqələrin dərinləşməsinə xidmət edir.
Sədr deyib ki, münasibətlərimizin inkişafında parlamentlər yaxından iştirak edirlər. Son illər Milli Məclislə İtaliya parlamentinin hər iki palatası arasında sıx əməkdaşlıq yaranıb. Spiker qonaqların ölkəmizə səfərləri çərçivəsində Azərbaycanın Gəncə və Ağdam şəhərlərində olmalarını, Ermənistan tərəfindən törədilən hərbi cinayətlərlə yaxından tanış olmalarını yüksək qiymətləndirib.
Bildirilib ki, 44 gün ərzində Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad edərək ölkəmizin ərazi bütövlüyünü bərpa edib.
Söhbətdə Milli Məclisin Sədri bütün dünyada pandemiyanın tüğyan etdiyi bir vaxtda italiyalı deputatların Azərbaycana səfərini yüksək qiymətləndirib.
Səmimi qəbul üçün minnətdarlığını bildirən İtaliya parlamentinin Deputatlar Palatasının sədr müavini Ettore Rosato ölkəsinin Cənubi Qafqazın bu bölgəsi ilə əlaqələrin inkişafına böyük önəm verdiyini söyləyib.
Qonaq bildirib ki, onların Azərbaycana səfəri məhz ölkəmizə olan dostluq münasibətinin göstəricisidir. Siyasi müstəvidə ən yüksək səviyyələrdə davamlı olan dialoq parlamentlərarası münasibətlərimizdə də özünü göstərir.
İtaliya Senatının və Deputatlar Palatasının müxtəlif siyasi partiyaları təmsil edən bir qrup üzvünün Azərbaycanın Gəncə və Ağdam şəhərlərinə səfərlərini də məhz bu baxımdan dəyərləndirmək lazımdır.
Qonaq qeyd edib ki, Azərbaycanın dostu kimi onlar bölgə həqiqətlərini, burada gördüklərini İtaliya və dünya ictimaiyyətinə çatdırmaq üçün səylərini əsirgəməyəcəklər. Ettore Rosato vurğulayıb ki, onlar Avropa institutlarında Azərbaycanın mövqeyinin güclənməsinə hərtərəfli dəstək verəcəklər.
Ağanisə Sultan, Bizim.Media