İran nədən narahatdır? Son bir ay ərzində islam respublikasının çırpıntıları hər gün belə bir sualın verilməsinə səbəb olub.
Ermənistana əlaltdan edilən dəstək, separat razılaşmalar və son günlərdəki hərbi təlimlər vasitəsi ilə güc nümayişinin tərzi Tehranın bir çox sifətlərini açıb ortaya qoyub.
Bütün bunların arxasından isə xoruzun quyruğu da görünməyə başlayıb. Ekspertlərin fikrincə, İranı narahat edən Ermənistanın təhlükəsizliyi yox, özünün bloka düşmək ehtimalıdır. Bunun da başında əsasən Zəngəzur dəhlizi dayanır. Təsəvvür edin Zəngəzur dəhlizi işə düşdükdən sonra regionda İran ya konstruktivlik nümayiş etdirib bu böyük layihənin bir hissəsi olmalıdır, ya da bloklanmalıdır. Ən pisi də odur ki, regionda sonuncu müttəfiqi olan Ermənistan da ona arxa çevirəcək. Çünki İrəvan iqtisadi çıxışlarını bərpa edə bilsə, Tehran asılılığından da qurtarmış olacaq. İndi İran buna necə dözsün?
Politoloq Fərhad Məmmədovun fikrincə də, regionda geosiyasi vəziyyət məhz belədir.
MÖVZU İLƏ BAĞLI:
Fərhad Məmmədov: “Ermənistanda siyasi gərginlik silahlı gərginliyə çevrilə bilər”
“Biz xronologiyaya baxsaq, görərik ki, İranın fəallaşması məhz Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyə prezidentinə Gürcüstan vasitəsilə çıxış əldə etmək niyyətindən sonra baş verdi. 30 il ərzində İran Ermənistana etibar edirdi, məhz onun vasitəsilə regionda öz siyasətini həyata keçirirdi”.
Siyasi analitik bildirir ki, son yaşanan hadisələrə nəzər salqıqda Ermənistan Türkiyə ilə sərhədlərinin açılması və diplomatik münasibətlərin qurulması üçün özü can atır. İran izə bunu özünə qarşı dönüklük kimi görür.
“Təlimlərin əvvəlində səbəblər başqa bir şəkildə idisə, sonda bəlli oldu ki, İran hətta öz ordusunu Ermənistan ərazisinə daxil etmək niyyətindədir. Yəni İran bir-neçə gün ərzində təlimlərin məqsədlərini transformasiya edib. Bu da onu göstərir ki, İran tərəfi özü Cənubi Qafqaz regionunda nəyə nail olmaq istədiyini bəlli etməyib və yeni geosiyasi reallıq onlar üçün bir duman kimidir”.
Sonda F.Məmmədov Nikol Paşinyanın İran haqqında verdiyi “Ermənistan İrana qarşı hər hansı qərarlarda iştirak etməyəcək” bəyanatdan da danışıb. O, bildirib ki, bu ermənilərin İranın qarşısında atdığı geri addımıdır.
“Paşinyan bu bəyanatla İran rəhbərliyinə öz etibarını nümayiş etdirmək istəyib. Bu da prespektivi olmayan bir məsələdir, çünki yeni geosiyasi reallıqda Ermənistandan çox az şey asılıdır”.
Vüsalə Balayeva, Bizim.Media