İranın Mühafizə Korpusu bildirib ki, Araz çayının sahilləri düşmənlərin yuvasına çevrilərsə, Arazın qaynaması təcavüzkarların taxtını batırar. Tehran nə edir?
“Bu adamlar onsuz da əvvəldən ağıllı siyasət yürüdə bilmirdilər. İndi isə dini fanatizmə və fars şovinizminə söykənən siyasəti əsas tutaraq bu cür ucuz bəyanatlar yayırlar”, - deyən politoloq Qabil Hüseynli həmçinin bildirdi ki, bölgədə baş verənlərin İrana heç bir dəxli olmamalıdır.
Bizim.Media ilə söhbət zamanı politoloq qeyd etdi ki, İran qəlbi təmizdirsə, olanlara özünün eynəyi ilə baxmayıb hadisələri olduğu kimi qavrasa, Tehran üçün zərərli olan nəyinsə olmadığının fərqinə varar:
MÖVZU İLƏ BAĞLI:
İranın Mühafizə Korpusu Azərbaycanı təhdid etdi - FOTO
“Amma İranın bu bəyantı təhdid və şantaj xarakterlidir. Yəni, adama deyərlər ki, mən ölkəmin ərazisindən təcavüzkarları qovub çıxartmışam. İndi o təcavüzkarlarla son akkordları vurub ölkənin ərazi bütövlüyünü təmin etmək istəyirəm. Bu sənin üçün niyə ağrılı prosesə çevrilir? Nəyə görə sən bundan narahatsan? Baş verənlər hər cür normaları, etik, siyasi, dövlətlərarası münasibətləri aşıb-keçən və sırf fanatik ovqatlı insanların beyninin məhsulu olan belə fikirləri yarada bilər”.
Onlar bildirib ki, Arazın qaynaması təcavüzkarların taxtını batırar. İran Ermənistanı dəstəkləyən ölkədir. Məgər təcavüzkar elə təcavüzkarları dəstəkləyənlərə demirlər?
“Bölgədə 30 ildən artıqdır ki, təcavüzkar siyasət aparan Ermənistandır. Bu gün də həmin təcəvüzkar siyasəti davam etdirmək istəyirlər. İran da həmin işğalçıyla hər cür əlaqələri qurub və 30 il müddətində ermənilərin ayaq üstdə möhkəm durması üçün lazım olan nə varsa etmisiniz. Bu mənada təcavüzkarı dəstəkləyən ölkə təcavüzkar adlanmağa daha çox layiqdir.
İrana xatırlatmaq istəyirəm ki, Azərbaycan regionda ərazi bütövlüyünü bərpa etmək istəyir. Türkiyə isə Azərbaycana qardaşlıq köməyi göstərir. Bizim bir hədəfimiz var ki, ölkənin ərazi bütövlüyünü təmin edib bölgəyə həqiqi sahibliyi və yaxın qonşuluq münasibətlərini bərqərar edək”.
Bizim.Media