Sentyabrın 1-də Çinin Tiencin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu ilə görüşü olub.
Bizim.Media xəbər verir ki, Maldiv Prezidenti COP29 çərçivəsində Azərbaycana səfərini və dövlətimizin başçısı ilə görüşü zamanı aparılmış müzakirələri məmnunluqla xatırlayıb, COP29 konfransının yüksək səviyyədə təşkil olunduğunu qeyd edib.
Prezident İlham Əliyev də öz növbəsində Məhəmməd Muizzu ilə Bakıda keçirdiyi görüşə toxunub, aparılmış müzakirələr zamanı qarşıya qoyulmuş tapşırıqlara uyğun olaraq Azərbaycan nümayəndə heyətinin Maldivə səfər etdiyini, orada siyasi məsləhətləşmələrin aparıldığını və iqtisadi-ticari, investisiya sahələrində əməkdaşlıq məsələlərinin müzakirə olunduğu vurğulayıb.
Söhbət zamanı ölkələrimiz arasında turizm və insanlararası təmasların artırılması baxımından böyük potensialın olduğu bildirilib.
Azərbaycandan Maldivə birbaşa uçuşların turizmin inkişafında roluna toxunulub, viza prosedurunun sadələşdirilməsi, qarşılıqlı investisiyalar sahələrində əməkdaşlıq, həmçinin ölkələrimiz arasında hüquq-müqavilə bazasının genişləndirilməsi məsələləri müzakirə olunub.
Məhəmməd Muizzu dövlət başçısını Maldivə rəsmi səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul olunub.
Bizim.Media