Fevralın 18-də Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinlə özəl rezidensiyasında görüşüb. Ermənistanın “İravunk” qəzeti yazır ki, keçmiş prezidentin bu fəaliyyəti Ermənistanın baş naziri Nikol Paşinyanın şəxsi xahişi ilə baş tutub.
Paşinyan Ter-Petrosyanın vasitəçiliyi ilə ölkəsinin Rusiya ilə əlaqələrini yaxşılaşdırmağa çalışır. Mənbələrin məlumatına görə, Rusiya Paşinyan və onun zədələnmiş nüfuzunun qorunması üçün iki şərt irəli sürüb: Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaqla bağlı həll olunmamış məsələnin bağlanması, Rusiya ilə “dəmir yolu idarəçiliyi” məsələsində qarşılıqlı qəbul edilə bilən variantların müzakirəsinə başlamaq.
Buradan belə başa düçmək olar ki, Qərbdən əli üzülən Paşinyan yenidən Kremlin qapısını döyməyə məcburdur. Moskva isə Paşinyana bütün hallarda o qədər də etibar etmir.
Sözügedən proseslər fonunda, Ermənistanın keçmiş prezidenti, Xocalı cəlladı Köçəryanın yenidən “xortlaması” da diqqət çəkir. Belə ki, həftənin əvvəlində Köçəryan uzun müddətdən sonra brifinq keçirərək, Paşinyanı kəskin tənqid edib. Belə vəziyyətdə aydındır ki, Paşinyanı qarşıdakı dövrdə çətin günlər, aylar gözləyir.
MÖVZU İLƏ BAĞLI:
Paşinyanın Münhen uğursuzluğu: Erməni diasporunun dəstəyini almadı
Yaranmış situasiyada Ermənistanı hansı aqibət gözləyə bilər?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Abutalıb Səmədov düşünür ki, Paşinyan Rusiya ilə münasibətləri düzəltmək istəyirsə, onu birbaşa özü reallaşdıra bilər:
“Belə olan halda, Levon Ter-Petrosyana, nə də başqa birisinə ehtiyac yoxdur. Rusiya özü də heç bir şərt irəli sürmədən Paşinyanı geri qəbul edə bilər. Yazıda bu haqda göstərilən şərtlər də ciddi deyil. Çünki Ermənistan hələ KTMT-dən çıxmayıb və orada iştirakını davam etdirməklə məsələni nizama salmaq olar. Ermənistan dəmir yolu isə 30 illiyə Rusiyaya icarəyə verilib. Həmin müqavilənin bitməsinə də 10 ildən çox vaxt qalıb. Ona görə bu məsələnin müzakirəsi də mənasızdır”.
Politoloq hesab edir ki, İrəvan KTMT və MDB iclaslarında iştirak etsə, antirus bəyanatlar verməsə və Rusiyanın müəyyən istəklərini qəbul etsə, münasibətlər yaxşılaşar.
Müsahibimizin fikrincə, Paşinyanın vəziyyəti indiki halda çox ağırdır:
“Paşinyan yaxşı başa düşür ki, Trampın ona münasibəti əvvəlki adminstrasiyanın münasibəti kimi olmayacaq. Onu da bilir ki, Aİ ilə Vaşinqton arasında ciddi problemlər yaranıb. Rusiya ABŞ-a daha çox yaxınlaşa bilər. Yəqin ki, Paşinyan bir qədər gözləmə mövqeyi tutacaq. Rusiya bu halda sadəcə olaraq, Zəngəzur dəhlizilə bağlı Paşinyanın imzaladığı 9-cu bəndin icrasını tələb edə bilər”.
Köçəryan kartının işə salınmasına gəlincə...
“Ermənistanın əvvəlki dövlət başçılarının hər üçünün də müddəti artıq bitib. Bunu hamı dərk edir. Amma özləri başa düşmək istəmirlər. İrəvanda yeni siyasi liderlərə ehtiyac var. Hələlik isə Ermənistanda belələri yoxdur”.
Rüfət Sultan, Bizim.Media