2025-ci ildə dünyanı nə GÖZLƏYİR? – TƏHLİL

2025-ci ildə dünyanı nə GÖZLƏYİR? – TƏHLİL

Hazırda oxunan: 2025-ci ildə dünyanı nə GÖZLƏYİR? – TƏHLİL

227757

Artıq 2024-cü ilin son günlərini yaşayırıq. Bir neçə gündən sonra tarixə çevriləcək 2024-cü il dünya üçün daha çox neqativ hadisələrlə yadda qaldı.

Bəs, qarşıdan gələn 2025-ci ildə beynəlxalq aləmdə hansı qlobal dəyişikliklər gözlənilir?

Təbii ki, növbəti il dünyamız üçün dinc və rahat bir il olmayacaq. Yenə də haradasa silahlar “danışacaq”, insanlar, ən əsası uşaqlar öləcək.

Astroloqların proqnozlarına inansaq, növbəti ildə su problemi dünya üçün əsas stres mənbəyinə çevrilə bilər. Su böhranı təbii ki, öz növbəsində tərəvəz, meyvə və torpaqda yetişdirilən bütün məhsullara təsir göstərəcək. Bununla paralel olaraq ərzaq məhsullarında yüksək qiymət artımları davam edəcək.

"Institute for the Future"Beynəlxalq təşkilatının proqnozlarına görə, gələn il çoxqütblü dünya nizamının güclənməsi, ABŞ-ın rolunun azalması, ticarət münasibətlərində gərginliyin artması, süni intellektin həyatımıza daha da dərin inteqrasiyası və ekoloji problemlərin daha geniş miqyasda qarşımıza çıxması kimi tendensiyalarla müşahidə olunacaq.

2025-ci ildə qlobal iqtisadi artım 3 faiz ətrafında olacaq ki, bu da 2024-cü ilə nisbətən bir qədər aşağıdır. İqtisadi artımın zəifləməsinin səbəblərindən biri inkişaf etmiş ölkələrdəki demoqrafik problemlər və Çin iqtisadiyyatının struktur problemləri olacaq. 

ABŞ-da keçirilən prezident seçkilərində Donald Trampın qələbəsi qlobal siyasi vəziyyətə böyük təsir göstərəcək. Trampın "Amerikanı yenidən qüdrətli etmək" siyasəti proteksionizmin güclənməsinə səbəb ola bilər. Bildiyimiz kimi, Trampın təşəbbüsü ilə federal bürokratiyanı məhv etmək və hökuməti özünə sadiq şəxslərdən formalaşdırmaq üçün "Hökumət Effektivliyi Departamenti" ("DOGE") yaradılıb. Bu departamentin rəhbərliyini İlon Mask və Vivek Ramasvami həyata keçirəcək.

Bu gün "DOGE"nin uğur qazanıb-qazanmayacağı sual altındadır.

Əvvəla, "DOGE" nə departament, nə də komitə deyil. Onların federal işçiləri işdən çıxarmaq və ya agentlikləri bağlamaq səlahiyyəti yoxdur. Baxmayaraq ki, federal büdcədən 2 trilyon dollar qənaət etməyi planlaşdırdıqlarını elan ediblər. Bunun öhdəsindən gəlmək üçün müxtəlif taktikalar seçiblər. Əsas metodun isə işçilərin ixtisarı olacağı gözlənilir. Bu da sosial problemin yaranması deməkdir.

Beynəlxalq ekspertlərin rəyinə görə 2025-ci il ABŞ üçün heç də uğurlu olmayacaq. Ən əsası Tramp seçki ərəfəsində verdiyi vədlərin əksəriyyətini icra edə bilməyəcək. Məsələn, ABŞ nə NATO-dan çıxacaq, nə Ukrayna-Rusiya müharibəsini bitirəcək, nə Kanada, Meksika və digər ölkələrə yardım paketini dayandıra biləcək. Heç qanunsuz miqrantların kütləvi şəkildə ölkədən çıxarılması məsələsini də reallaşdıra bilməyəcək.

Çünki ABŞ bu gün narahat edən daha ciddi məqamlar var. Bunlardan biri ABŞ-ın durmadan artan dövlət borcudur. Artıq bu borcun həcmi 37 trilyona çatır. İkinci əsas məsələ ABŞ-ın dünyada getdikcə azalan nüfuzudur. Artıq Ağ Evdəkilər dünyanı 10-15 il əvvəlki kimi idarə edə bilmirlər. Ən yaxşı halda Vaşinqton hardasa nifaq toxumu səpir, qaynar nöqtələr yaradır. Növbəti ildə ABŞ hətta bunları da bacarmayacaq.

Dünyada hansı dəyişikliyə şahidlik edəcəyik?

Əminliklə demək olar ki, 2025-ci ildə ABŞ-la Avropa İttifaqı arasında güclü soyuq yellər əsəcək.

- Ukrayna-Rusiya münaqişəsi dondurulacaq, amma qəti qalib bilinməyəcək.

- Suriyada yenidən silahlar danışacaq. Nisbi sakitlik pozulacaq.

- İsrail Fələstinə, Livana və digər ölkələrə hücumlarını dayandıracaq.

- Tayvan məsələsi yenidən qızışacaq. Dünyanın ən böyük əmtəəçisi olan Çini dayandırmaq üçün ABŞ və Aİ Tayvan faktorundan faydalanmağa çalışacaq.

- İran-İsrail “qarşıdurması” nisbətən səngiyəcək.

- Afrikada Qərbə qarşı etirazların miqyası genişlənəcək.

- Rusiya iqtisadi sanksiyalardan yayınmaq üçün Şərqə doğru addımlarını genişləndirəcək.

- Hindistan iqtisadi gücünü artırmaqla yanaşı ortaya siyasi iddialarını qoyacaq.

- İnkişaf etməkdə olan ölkələr dünya siyasətində daha çox söz sahibi olacaq.

Beləliklə, 2025-ci ildə qlobal münasibətlər daha da çoxqütblü olacaq.

İnkişaf etməkdə olan ölkələrin, xüsusən Çin və Hindistanın təsiri artacaq. Çin və Hindistan yalnız iqtisadi cəhətdən deyil, həm də siyasi və hərbi cəhətdən də öz mövqelərini gücləndirəcək. Bu çoxqütblü nizamda regional güclərin - məsələn, Türkiyə, İran və İndoneziyanın rolu daha da artacaq. Bu ölkələr strateji əlaqələrdən istifadə edərək beynəlxalq səviyyədə öz nüfuzlarını artıracaqlar. Səudiyyə Ərəbistanı və digər Orta Şərq ölkələri güclü dövlətlərlə əməkdaşlıq edərək regional məsələlərə daha çox təsir edəcəklər.

Bəs, Azərbaycanı növbəti ildə nələr gözləyir?

2025-ci ildə Azərbaycan siyasi arenada daha böyük uğurlara imza atacaq. Regional güc olaraq bir sıra məsələlərdə rəsmi Bakı əsas söz sahibi olacaq. Rusiya İran və Gürcüstanla münasibətlər daha da dərinləşəcək. Orta Asiya, Qazaxıstan və digər Şərq ölkələri Avropaya rahat çıxış üçün Azərbaycanla danışıqları daha da intensivləşdirəcək.

Ermənistanla sülh sazişinin 2025-ci ildə imzalanacağı məsələsi isə sual altındadır...

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO