“Azərbaycanda əksər partiyalar təktərəfli bağlanmalıdır. Çünki partiyaların qanunla 1000 nəfər üzvü olmalıdır. Ancaq axtarsan çox partiyanın heç 10 üzvü yoxdur. Bəziləri var ki, partiyasında bir özüdür, bir papkası, heç ailə üzvləri partiyaya üzv deyillər”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib. O, vurğulayıb ki, bir ölkədə 48-cür düşünən insan ola bilməz.
“Bu gün 10 milyonluq əhaliyə hələ 6 partiyanın YAP-a birləşdikdən sonra qeydiyyatdan keçmiş 48 partiyanın olması Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasında siyasi partiyaların heç bir rolu olmadığı anlamına gəlir. Çünki 10 milyon əhalinin 48 cür düşünməsi mümkünsüzdür. Təssüf ki, Azərbaycanda siyasi partiyaların əksəriyyəti şəxsi iddialarının qurbanı olan insanların rəhbərliyi altındadır. İndiki partiyalar Azərbyacan dövlətinin maraqlarına uyğun deyil. Nə qədər ki, partiyalar kimlərinsə onlara verdiyi “paket”lə fəaliyyət göstərəcək, o siyasi partiya sayılmayacaq”.
Onun sözlərinə görə, elə partiyalar var ki, onları özlərindən başqa tanıyan yoxdur. Politoloq qeyd edib ki, hazırda parlamentdə oturan partiyaların əksəriyyətinin iqtidar və ya müxalifət olduğu belə bilinmir.
“İnd bu sözlərimdən sonra məni daha çox “paket” alan partiyalar ittiham edəcəklər. Onlar bir deputat mandatı üçün həm iqtidarın, həm də dövlətin marağını satırlar. Ümumiyyətlə, özünü siyasətə satan insanlardan partiya lideri olmaz.
Məsələn Sosial Rifah partiyası Xanhüseyn Kazımlı deputat seçilmədiyi andan yoxa çıxdı. Bu partiyalar ancaq milli məclisdə oturmaq üçün çalışır. Azərbaycan Demokratik Maarifçilik Partiyası vardı, seçkilərdən sonra bir az səsi gəldi, indi yoxdu, itib. Ana Vətən Partiyasından Fəzail Ağamalıdan başqa adam yoxdur. Bir Zahid Oruc idi, onu da oradan qaçırdılar. Elə adamlar da var ki, cibində 4-5 partiyanın üzvülük bileti var. Özü iqtidardadı cibində YAP, AXCP-nin, Milli İstiqlal Partiyasının və digər biletlər gəzdirir”.
Cümşüd Nuriyev bildirib ki, hazırda müxalifət partiyaları öz missiyasını sona qədər başa düşmür:
“Əslində onlar iqtidarın fəaliyyətini doğru yol göstərməlidir, day deməməlidir ki, siz gedin, biz gələk. AXCP-nin hər bir sədr müavini özünə partiya açıb. Əli Məsimli vaxtıkən müavin idi, indi parlamentdə təmsil olunur”.
Söhbət əsnasında politoloq partiyalar haqqında təkliflərini də irəli sürüb:
“Təklif edirəm bu 48 partiya birləşib 3-4 partiya olsun. Maraqlısı odur ki, onları tənbeh edəndə də bunu qəbul etmək istəmirlər, tez trollarını salırlar ortaya ki, başlayın söyməyə. Parlamentdə elə syasi partiyaların təmsilçiləri var ki, vallah 30 ildə bir dəfə də səsini eşitməmişik.
Məsələn Azərbaycan Demokratik İslahatlar Partiyasının rəhbəri, millət vəkili Asim Mollazadə, özündən başqa heç kim mətbuatda danışmır. Adam 4 və ya 5 ci seçkidir oturub parlamentdə, nə fəaliyyəti var? Elə digər partiyalarda da üzdə olan, mətbuatda tanınan adamlar ancaq özləri olur. Əli Kərimlinin özündən başqa kim gözə görünür və ya “Musavat”da Arif Hacılıdan başqa kim təmsil edir? Elə Ana Vətən Partiyasını götürək, nə qədər ki, Zahid Oruc orda idi, partiya fəaliyyətdə idi o, oranı tərk etdikdən sonra partiya yoxa çıxdı. Çünki adamda güclü analitik qabiliyyət vardı. Fəzail də gördü ki, adam çox savadlıdır, onu oradan uzaqlaşdırdı. Azərbaycanın ən böyük bəlası da elə budur. Əgər adam səndən ağıllıdırsa onu sevməməlisən. Təəssüf ki, Azərbaycanda partiyaların çoxunun eqoizm çox yüksəkdir”.
Vüsalə Balayeva, Bizim.Media