"Bakıda sənaye yolu ilə ilk neft quyusu 1846-cı ildə qazılmışdı. O buradan uzaq yerdə yerləşmir, təxminən 10 dəqiqəlik yoldur. Eləcə də Azərbaycan neftçiləri tərəfindən dənizdə ilk neft quyusu Xəzər dənizində qazılıb. Bu da 20-ci əsrin ortalarında baş verib. 19-cu əsrdə qlobal neft hasilatına gəldikdə, onun yarısı Azərbaycan tərəfindən təmin edilirdi".
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında deyib.
Dövlət başçısı qeyd edib ki, əgər bəzi Qərb siyasətçiləri və mediası bizi o vaxt "neft dövləti" adlandırardısa, bu, daha düzgün olardı:
"Lakin bu gün onlar bu sözdən istifadə edirlərsə, bu, ədalətsizdir. Bu, siyasi bilik və mədəniyyətin çatışmaması deməkdir. Bu gün qlobal neft hasilatında Azərbaycanın payı 0,7 faiz təşkil edir. Qaz hasilatında bu göstərici 0,9 faizdir. Lakin yalan xəbərlər yayırlar, qeyd edirlər ki, bizim ölkə hasilatda birinci yer tutur. Baxmayaraq ki, bizdən 30 qat çox hasilatı olan ölkələr var, amma bizi suçlayırlar. Həmin dövlətlərə on qat bizdən artıq neft və qaz hasil edirlər. Beləliklə, bizim emissiyalardakı sayımız 0,1 faizdir.
Mən bu rəqəmləri bütün auditoriyanın diqqətinə çatdırmaq istəyirdim. Çünki Azərbaycan COP29-a ev sahibliyi edən ölkə kimi seçildikdən sonra biz hədəfə çevrildik. Bu, qarayaxma kampaniyası idi. Feyk-xəbər mediası, özünü müstəqil QHT adlandıranlar, bəzi siyasətçilər bir-biri ilə yarışa girmişdilər ki, ölkəmiz haqqında dezinformasiya daha çox yayılsın".
Bizim.Media