İsrailin oktyabrın 26-da İrana endirdiyi cavab zərbəsindən sonra indi dünya qarşı tərəfin növbəti cavab zərbəsinin olub-olmayacağını gözləyir. İran rəsmiləri son açıqlamalarında İsrailə sarsıdıcı zərbələr endirəcəklərini vəd edirlər. İran parlamentinin milli təhlükəsizlik komissiyasının üzvü Esmail Kosari Didban Iran agentliyinə müsahibəsində deyib ki, Milli Təhlükəsizlik üzrə Ali Şura İsrailə hərbi cavabın veriləcəyi qərarına gəlib.
Əvvəl isə Axios portalı İsrail kəşfiyyatındakı mənbəyə istinadən məlumat verib ki, İran İsrailə İraq ərazisindən, özü də ABŞ-dakı Prezident seçkilərinə qədər zərbə endirəcək.
The Wall Street Journal-a danışan misirli rəsminin dediyinə görə isə İranın İsrailə qarşı planladığı hərbi cavab əməliyyatının “güclü və kompleks” olacağı barədə gizli xəbərdarlıq verilib.
MÖVZU İLƏ BAĞLI:
Xameneidən İsrailə ivrit dilində XƏBƏRDARLIQ - FOTO
Bu əsasda bir sıra analitiklərə görə, İran İsrailə qarşı quru əməliyyatlarına da başlaya bilər.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Tural İsmayılovun fikrincə, İranın İsrailə qarşı quru əməliyyatlarına başlaması ağlabatan deyil:
“İsrail həm hava hücumundan müdafiə imkanları, həm hava hücumundan müdafiə üzrə hərbi sənaye gücünə görə deyil, həm də quru əməliyyatlarına qarşı müqavimət göstərmək baxımından da ön sıralarda yer alan ölkələrdəndir. Digər tərəfdən, İran İsrailə qarşı quru əməliyyatlarına başlamaq üçün potensiala, texniki imkanlara malik deyil”.
İran quru əməliyyatlarına başlasa...
Politoloq qeyd edir ki, İsrailə qarşı hər hansı bir quru əməliyyatına başlamağın İran üçün böyük fiaskoya səbəb olacağını Tehranda yaxşı başa düşürlər:
“Eyni zamanda, qlobal birlik İranın İsrailə qarşı quru əməliyyatına başlaması fonunda Təl-Əvivə dəstəyini daha da gücləndirəcək. Bu da öz növbəsində münaqişənin coğrafi arealının daha da böyüməsinə səbəb olacaq.
Ona görə düşünürəm ki, indiki məqamda İran və İsrailin hər ikisi geniş çaplı qarşılıqlı əməliyyat və quru döyüşlərindən yayınır. Bu məsələdə bir-birinə qarşı hansısa güzəştlər etmək niyyətində də deyillər. Təl-Əviv və Tehran lokal əməliyyatları, yaxud da hibrid və proksi savaşları davam etdirəcək. Amma geniş çaplı quru əməliyyatlara hər iki tərəfin imkan verməyəcəyini düşünürəm”.
Rüfət Sultan, Bizim.Media