Orta Dəhlizin cənub marşrutunun STRATEJİ ƏHƏMİYYƏTİ – Metyu Brayzadan EKSKLÜZİV AÇIQLAMA

Orta Dəhlizin cənub marşrutunun STRATEJİ ƏHƏMİYYƏTİ – Metyu Brayzadan EKSKLÜZİV AÇIQLAMA

Hazırda oxunan: Orta Dəhlizin cənub marşrutunun STRATEJİ ƏHƏMİYYƏTİ – Metyu Brayzadan EKSKLÜZİV AÇIQLAMA

211849

Avropa ilə Asiyanı birləşdirən Orta Dəhlizin imkanlarının genişləndirilməsi bu gün aparıcı dövlətlər üçün prioritetdir. Dünyanın maliyyə gücləri də bu dəhlizin inkişafına dəstək göstərməkdə çox maraqlıdır. Təsadüfi deyil ki, Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı Orta Dəhliz üzrə aparılan tədqiqatın nəticələrindən məmnundur və bu layihəyə investisiya yatırmaqda çox maraqlıdır.

Son zamanlar Orta Dəhlizin yeni-cənub marşrutu gündəmə gəlib. Bir çox dövlətlər bu layihənin ən qısa zamanda fəaliyyətə başlaması üçün artıq hərəkətə keçiblər.
 

MÖVZU İLƏ BAĞLI:

Qərblə Rusiya növbəti dəfə ÜZ-ÜZƏ – Orta dəhlizə kim nəzarət edəcək?


“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Rövşən Rüstəmov bu yaxınlarda mətbuata açıqlamasında bildirib ki, Orta Dəhlizin cənub marşutu - Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyənin bu ayın ikinci yarısında Bakıda vahid assosiasiyasının yaradılması planlaşdılır.

Orta Dəhlizin Cənub marşrutunun əhəmiyyəti

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza bildirib ki, ABŞ uzun müddətdir Orta Dəhlizin inkişafını dəstəkləyir:

“ABŞ Orta Dəhlizə dəstək verməyə hələ 1990-cı illərin sonunda, Prezident Bill Klintonun prezidentliyi dönəmində Cənubi Qafqaz qaz kəmərinin, eləcə də Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa neft kəmərlərinin inşasına kömək etməklə start verib. Bu kəmərlər Xəzər dənizi hövzəsində hasil edilən karbohidrogen ehtiyatlarının qlobal bazarlara maneəsiz çıxışına imkan yaratdı.

İllər keçdikcə biz nəhayət Avropa İttifaqını da bu layihələri dəstəkləməyə inandırdıq. Beləliklə, Orta Dəhliz malların Rusiyadan keçmədən, şərqdən qərbə və qərbdən şərqə getməsinə imkan yaradan marşruta çevrildi”, - deyə sabiq səfir bildirib.

Metyu Brayza hesab edir ki, hazırda Orta Dəhlizin cənub marşrutuna ciddi ehtiyac var. 

“Elə bu səbəbdən də, Cənub marşrutu daha da gücləndirilməlidir. Bununla belə, Orta Dəhlizin inkişafı üçün müəyyən tələblər mövcuddur. İlk növbədə Xəzər üzərindən daşınmaları həyata keçirmək üçün daha çox gəmi olmalıdır. Cənubi Qafqazda da daha çox vaqon və dəmir yolu tutumuna ehtiyac var. Bundan əlavə, Xəzər dənizində, o cümlədən Qara dənizdə daha səmərəli və yüksək həcmdə liman əməliyyatlarının aparılması təmin olunmalıdır. Orta Dəhlizin Cənub qolu Rusiyanın beynəlxalq tranzitdən kənarda qaldığı bir vaxtda qlobal iqtisadiyyatın mümkün qədər səmərəli işləməsini təmin etmək üçün strateji baxımdan vacib bir yoldur”.

Mərkəzi Asiya ölkələri üçün tarixi imkan

Metyu Brayza əlavə edib ki, sözügedən layihənin inkişafı dənizə çıxışı olmayan ölkələrin iqtisadiyyatına da müsbət təsir edəcək:

“Qırğızıstan, Tacikistan, Özbəkistan və Türkmənistanın Orta Dəhlizə qoşulması təbii ki, Cənub marşrutunun daha səmərəli olmasına kömək edəcək. Nəticədə, bu dəhlizdən keçən yüklər daha səmərəli şəkildə daşınacaq. 

Düşünürəm ki, Orta Dəhlizin Cənub marşrutu maliyyə baxımından daha səmərəli olacaq və əlbəttə ki, bu ölkələrə yeni imkanlar yaradacaq. Özbəkistan kimi dənizə çıxışı olmayan ölkələrin qlobal bazarlara çıxması, eyni zamanda, Əfqanıstan və Pakistanın cənubundan qlobal ərzaq təhlükəsizliyi üçün vacib olan malların daşınması üçün Mərkəzi Asiyadan keçən nəqliyyat dəhlizinin inkişafı vacibdir”, - deyə Metyu Brayza əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO