Tariximizin qızıl səhifələrinin yazıldığı MƏKAN – 100 ilini qürurla tamamlayan Naxçıvan Muxtar Respublikası

Tariximizin qızıl səhifələrinin yazıldığı MƏKAN – 100 ilini qürurla tamamlayan Naxçıvan Muxtar Respublikası

Hazırda oxunan: Tariximizin qızıl səhifələrinin yazıldığı MƏKAN – 100 ilini qürurla tamamlayan Naxçıvan Muxtar Respublikası

177398

Bu gün Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100-cü ili tamam olur. 1924-cü ilin 9 fevralında o zamankı Azərbaycan SSR-nin tərkibində Naxçıvan MSSR yaradıldı. 

Bəs, Naxçıvan MSSR-nin yaranmasını zəruri edən səbəblər hansılar idi?

Nəzərə alaq ki, Naxçıvan MR 5 min illik qədim tarixə malikdir. 1920-ci ilə qədər bu vilayət Azərbaycanın digər ərazilərindən ayrı deyildi. Yada salaq ki, 1918-ci il 26-28 may tarixlərində Tiflisdə Gürcüstan, Azərbaycan və Ermənistan öz müstəqilliklərini elan etdikləri zamnı nəinki Naxçıvan, hətta Qərbi Zəngəzur yeni müstəqillik qazanan Azərbaycanın bir parçası idi. 
 

MÖVZU İLƏ BAĞLI:

Naxçıvan Muxtar Respublikasının yaradılmasından 100 il ÖTÜR


O zaman Azərbaycan ərazilərinin ümumi sahəsi 116 min kvadratkilometr idi. Lakin Birinci Dünya Müharibəsindən sonra dünyanın siyasi və coğrafi düzənində baş verən proseslər Naxçıvanı Azərbaycan ərazilərindən ayırdı. Bu məsələdə İngiltərə, Rusiya və Fransanın müstəsna rolu olub. 

Məlumdur ki, Almaniyanın müttəfiqi olan Osmanı İmperiyası Birinci dünya savaşında təkcə məğlub olmadı, həm də parçalanıb zəif düşdü.

Bundan istifadə edən bəzi qüvvələr indiki Türkiyənin ərazisində ikinci erməni dövləti yaratmaq istədilər. Amma Osmanı höküməti buna razılıq vermədi. Əvəzində Azərbaycan Xalq Cümhuriyyətinin ərazilərinin bir hissəsinin Ermənistana verilməsinə qərar verildi. Bu, tarixdə bədnam Mudros müqaviləsi adı ilə qaldı. 

Belə ki, 30 oktyabr 1918-ci ildə Osmanlı imperiyası ilə Antanta dövlətləri arasında sülh müqaviləsi bağlandı. Müqavilənin şərtlərinə görə Osmanlı dövləti Birinci Dünya müharibəsi zamanı ələ keçirdiyi ərazilərdən geri çəkildi. 

Xatırladaq ki, həmin zaman Azərbaycanın digər əraziləri ilə yanaşı Naxçıvanda da xeyli sayda Osmanlı qoşunu vardı. Mudros müqaviləsinə əsasən Osmanlı öz qoşunlarını Naxçıvandan çıxarmağa məcbur oldu və 1918-ci ilin noyabrında bölgədə Araz-Türk Cümhuriyyəti yaradıldı. Amma Qərbi Zəngəzur ərazisi Ermənistana verildi. 

Ermənilər bununla kifayətlənmədi. Onlar Antantanın dəstəyi ilə Naxçıvana da iddia etdilər. Nəzər alaq ki, 1919-cu ilin əvvəlində Naxçıvanı tutan ingilislər gənc respublikanı tanımadılar və Naxçıvan və Şərur bölgəsinin Ermənistan ərazisi olduğunu elan etdilər. Beləcə, Araz-Türk Respublikası süquta uğradı. 1919-cu ilin iyulunda daşnaklar ingilislərin köməyi ilə Naxçıvanı tutdular. Çox keçmədən ingilislərin Naxçıvanı tərk etməsindən istifadə edən Naxçıvan Milli Komitəsinin hərbi dəstələri daşnakların nizami qoşununu Naxçıvandan qovdu. 

Naxçıvan necə Muxtar Respublika oldu?

Nəhayət 1920-ci il aprelin 28-də Bakıda, iyulun 28-də isə Naxçıvanda sovet hakimiyyətinin elan edildi və Azərbaycan SSR yaradıldı. Əvəzində Qərbi Zəngəzur Azərbaycandan alınaraq Ermənistana verildi. Bununla da Naxçıvan Azərbaycandan ayrı salındı. 

Anklav kimi Naxçıvanın muxtariyyəti məsələsi məhz o zaman gündəmə gətirildi. 29 noyabr, 1920-ci ildə sovet hakimiyyəti elan edildikdən sonra Ermənistan SSR hökuməti Naxçıvanı özünə ilhaq etmək üçün dəfələrlə cəhdlər göstərdi. Lakin 1921-ci ilin yanvarında Naxçıvan əhalisinin 90 faizi muxtariyyət statusunda Azərbaycan SSR-ə birləşməyə səs verdi. 

Bundan sonra SSRİ ilə Türkiyə arasında Naxçıvanın gələcək taleyini müəyyənləşdirəcək məşhur Qars müqaviləsi imzalandı. 1924-cü il 9 fevralda isə Azərbaycan SSR-nin tərkibində Naxçıvan MSSR təşkil edildi və respublikanın paytaxtı Naxçıvan şəhəri elan olundu.

Naxçıvanın adı niyə Heydər Əliyevlə birgə çəkilir?

Sovetlər dönəmində Naxçıvan Muxtar Respublikası əsasən ötən əsrin 60-cı illərinin sonlarında inkişaf etməyə başladı. Ümummilli lider Heydər Əliyevin birbaşa təşəbbüsü ilə Naxçıvan aqrar bölgədən sənaye zonasına çevrildi. Ulu öndərin təşəbbüsü və diqqəti sayəsində kompleks tədbirlər həyata keçirildi. 1970-1982-ci illərdə muxtar respublikanın sənaye potensialı təxminən üç dəfə yüksəldi. 

Həmin illərdə Araz çayı üzərində iri su anbarı və elektrik stansiyası, habelə 16 iri sənaye müəssisəsi tikilib istifadəyə verildi.

Bütün bu genişmiqyaslı quruculuq fəaliyyəti nəticəsində Naxçıvan Muxtar Respublikasında sənaye məhsulunun ümumi həcmi 1985-ci ildə 1970-ci ilə nisbətən 4,6 dəfə artdı.

Nəzərə alaq ki, Heydər Əliyev üçün Naxçıvan xüsusi önəm daşıyırdı. Təsadüfi deyil ki, Moskvadan Azərbaycana qayıdan dahi öndər yaşamaq üçün Naxçıvanı seçdi. 1990-cı il iyulun 22-də Ümummilli liderin Naxçıvana qayıdışı çox möhtəşəm oldu. 

Bu əsl el bayramı idi. Xalqın təkidi və tələbi ilə Heydər Əliyev Naxçıvan MR Ali Sovetinə sədr seçildi. Hətta Azərbaycanın indiki 3 rəngli bayrağı ilk dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan MR Ali Sovetinin binasında qaldırıldı. Sonrakı illərdə də Heydər Əliyev Naxçıvanın inkişafı üçün bütün zəruri addımları atdı.

İlham Əliyev və Naxçıvan

İlham Əliyevin prezidentliyi dövründə də Naxçıvanın sürətli inkişafı prosesi davam edib. Məhz onun diqqət və qayğısı sayəsində muxtar respublikada elektroenergetika infrastrukturunun müasirləşdirilməsi, təbii qaz təchizatı, alternativ və bərpa olunan enerji mənbələri ilə bağlı mühüm layihələrin reallaşdırılması nəticəsində enerji təhlükəsizliyi təmin edilib. 

Əgər 2003-cü ilin sonuna muxtar respublikada 1 elektrik stansiyası fəaliyyət göstərirdisə, 2023-cü ildə bu göstərici 9-a çatdırılıb. Bir zamanlar enerji idxal edən Naxçıvan artıq enerji ixrac edən bir diyara çevrilib. 2005-ci ildə Naxçıvan Muxtar Respublikasına təbii qazın verilməsi isə yaşayış məntəqələrini tam qazlaşdırıb.

2003-cü ildən sonrakı dövrdə muxtar respublikada ümumi daxili məhsul istehsalının həcmi 16 dəfə, sənaye məhsulunun həcmi 56 dəfə, kənd təsərrüfatı məhsullarının həcmi 7,5 dəfə, informasiya və rabitə xidmətlərinin həcmi 13 dəfə artıb. 

Muxtar respublikada 183 elm və təhsil ocağı, 304 mədəniyyət obyekti, 217 səhiyyə obyekti, 23 idman obyekti, 327 inzibati bina, 1089 istehsal və xidmət sahəsi tikilərək, 155 elm və təhsil ocağı, 178 mədəniyyət obyekti, 59 səhiyyə obyekti, 23 idman obyekti, 254 inzibati bina, 2218 kilometr yol yenidən qurularaq sakinlərin istifadəsinə verilib, 78 mindən artıq yeni iş yerləri açılıb.

Naxçıvan əvəzsiz nəqliyyat dəhlizidir

Naxçıvan təkcə Azərbaycanın bir parçası olduğuna görə yox, həm də yerləşdiyi coğrafi mövqeyinə görə çox əhəmiyyətlidir. Azərbaycanı qardaş Türkiyə ilə birləşdirən quru yol məhz Naxçıvandan keçir. Muxtar Respublika həm də Orta Dəhliz üçün unikal imkanlara malikdir.

Təsadüfi deyil ki,  Böyük İpək Yolunun üzərində yerləşən və Şərqin qapısı adlandırılan Naxçıvan 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı elan edildi. Hazırda Ağbənd-Naxçıvan avtomobil və dəmir yolları inşa edilir. Bu yollar istifadəyə verildikdən sonra Naxçıvan Avropa ilə Asiyanın nəqliyyat dəhlizinin arterial damarına çevriləcək.

Dahilər diyarı

Naxçıvan özünün strateji əhəmiyyəti, gözəl təbiəti ilə yanaşı həm də bir çox dahi şəxsiyyətlərimizin doğma yurdu hesab olunur.

Ulu öndər Heydər Əliyev, müzəffər Ali Baş Komandan İlham Əliyev, Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəniz, dahi memar Əcəmi Naxçıvani, böyük hərbçi Cəmiş Naxçıvanski, dahi ədiblər Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Məmməd Araz, görkəmli alimlərimiz Həsən Əliyev, Zərifə Əliyeva, Fərəməz Maqsudov və daha yüzlərlə, minlərlə böyük şəxsiyyətlərimizi məhz doğma Naxçıvan Azərbaycan xalqına bəxş edib.  

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO