Xəbər verdiyimiz kimi Almaniyanın xarici işlər naziri Annalena Berbok həftəsonu İrəvandan sonra Bakıda səfərdə oldu. Lakin xanım nazirin Bakı görüşləri İrəvandakından daha yığcam və sayca az idi.
İrəvanda bir cür, Bakıda başqa cür
Məsələn, rəsmi görüşlərdən başqa Berbok Ermənistanda olarkən Azərbaycandan könüllü köçmüş ermənilərlə bir neçə saatlıq görüş keçirdi. Bu görüşdən təkcə erməni yox, həm də Almaniya mətbuatında foto-videolarla zəngin formatda geniş reportajlar yaymlandı.
MÖVZU İLƏ BAĞLI:
Xanım Berbok ya yalan danışır, ya da çirkin əməlinin üstünü örtməyə çalışır - BƏYANAT
Lakin alman nazir Bakıda olarkən Ermənistandan və Qarabağdan məcburi şəkildə qaçqın və köçkün düşmüş insanlarla eyni formatlı görüş olmadı. Baxmayaraq ki, bu barədə əvvəlcədən razılaşma vardı. Lakin sonradan xanım nazir azərbaycanlı qaçqın və məcburi köçkünlərlə görüşməkdən boyun qaçırdı. Əvəzində Azərbaycanın bəzi “QHT” nümayəndələri ilə paytaxtın bərkgedən restoranlarından birində bir araya gəldi.
Ən qəribəsi də budur ki, noyabrın 4-də Bakıda keçirdiyi mətbuat konfransında Annalena Berbok Azərbaycana səfəri zamanı Ermənistandan qovulmuş azərbaycanlılarla görüş keçirdiyini bildirib. Yəni alman nazir QHT nümayəndələri ilə keçirdiyi gizli toplantını qaçqınlarla görüş kimi təqdim etdi.
Bu siyasi riyakarlıqdır.
Bunun sübuta ehtiyacı yoxdur. Amma burda diqqət çəkən məqam ondan ibarətdir ki, alman nazirin qaçqın adı ilə görüşdüyü Azərbaycanın milli maraqlarına xidmət etməyən, ancaq qrant eşqi ilə yaşayan şəxslərdir. Təsadüfi deyil ki, bu görüş ictimaiyyətdən gizli şəkilə keçirilib. Bu da o anlama gəlir ki, həmin görüşdə Ermənistandan qaçqın düşənlərin problemləri yox, Azərbaycandan narazı kəslərin “qayğıları” müzakirə edilib.
Bu da Qərbin köhnə adətidir. Yəni Qərb hansısa dövlətə təzyiq etmək istəyirsə, ilk növbədə həmin ölkədəki qrant həvəskarları ilə iş birliyinə gedir. Həmin qüvvələrin əli ilə “iş aparılır” və qrant həvəskarlarının özfəaliyyəti sonradan ictimai narazılıq kimi dünyaya təqdim edilir, Beynəlxalq hesabatlarda yer alır.
Bəs, xanım Berbok Bakıda kimlərlə görüşüb?
Bu görüş bardə rəsmi məlumat yayılmayıb. Sadəcə nazir özü noyabrın 4-dəki mətbuat konfransında bu barədə danışıb. Bu da o deməkdir ki, görüş ictimaiyyətdən və mətbuatdan gizli keçirilib.
Yada salaq ki, belə görüşlər vaxtilə Bakıda çox keçirilib. Qərbin pul kisəsindən asılı olan bəzi “QHT” nümayəndələri zaman-zaman anti-Azərbaycan fəaliyyətləri çərçivəsində Avropa rəsmiləri ilə bir araya gəliblər. Onlar aldıqları yüzminlər hesabına müxtəlif “tədbirlər” keçirib, saxta hesabatlar hazırlayıb və Qərbə ötürüblər. Qərbsə öz növbəsində bu “hesabatlardan” ölkəmizə təzyiq vasitəsi kimi istifadə edib.
Alman nazir nəyin sorağındadır?
Son illər qüdrətlənən Azərbaycanın təkcə regionda deyil, həm də dünyada nüfuzu artır. Öz ərazi bütövlüyünü təmin edən Azərbaycan tədricən beynəlxalq oyunçuya çevrilir. Təbii ki, bu da bəzi dövlətlərdə açıq qısqanclıq yaradır. Ona görə də Qərbin bəzi dövlətləri Azərbaycanla siyasi dialoq və strateji əməkdaşlıq formatında yox, təzyiq dilində danışmaq istəyir.
Nəzərə alaq ki, Fransa uzun müddət bu yoldan istifadə etdi. Lakin heç nə hasil olmadı. İndi isə Almaniya belə bir eşqə düşüb.
Yada salaq ki, Ermənistanla Azərbaycan arasında baş tutan son danışıqlarda Almaniya prezidenti də iştirak edib. Bu ilin oktyabrın 5-də Qranadada təklif olunan çoxtərəfli görüşdə də Almaniya vasitəçi kimi iştirak etmək istəyirdi. Bu da o deməkdir ki, Fransanın küncə sıxışdırılmasından sonra Almaniya təşəbbüsü ələ almaq istəyir. Amma Almaniya sülh prosesinə vasitəçi kimi yox, Ermənistanın tərəfdaşı kimi qatılmaq istəyir.
Azərbaycanla güc dili ilə danışmağın zamanı keçib
İstər Fransanın, istərsə də Almaniyanın məqsədi Azərbaycanla Ermənistan arasında davamlı sülhün əldə edilməsi deyil, Cənubi Qafqazda nüfuz, güc sahibi olmaqdır. Ağac kölgəsində yatmağa vərdiş edən Ermənistansa hər zaman güclü dövlətlər qarşısında quyruq bulayıb, qlobal güclərin dediyi ilə oturub-durub.
Lakin Azərbaycanın hər zaman müstəqil siyasəti olub. Bu siyasət yalınız dövlət və milli maraqlara söykənib. Azərbaycan Prezidenti İlham Əliyev də hər zaman bəyan edib ki, Azərbaycanla güc dili ilə danışmaq heç kimə fayda gətirməz.
Azərbaycan bərabərhüquqlu və strateji tərəfdaşlıq platformalarında danışıqlara hər zaman açıqdır. Amma təzyiq yolu Azərbaycan üçün qəbuledilməzdir.
Əfsuslar olsun ki, bəzi Qərb dövlətləri bu reallığı tam mənada qəbullanmaq istəmir. Amma Azərbaycanın ədalətli və beynəlxalq prinsiplərə söykənən mövqeyini Qərb qəbul etmək məcburiyyətindədir. Almaniya, Fransa və digər dövlətlər bu reallığı nə qədər tez qəbul etsələr, bu təkcə qarşı tərəflər üçün yox, həm də region üçün daha faydalı olar.
Surxay Atakişiyev, Bizim.Media