Pakistanlılar azərbaycanlıları niyə bu qədər çox sevir? – MARAQLI SƏBƏBLƏR

Pakistanlılar azərbaycanlıları niyə bu qədər çox sevir? – MARAQLI SƏBƏBLƏR

Hazırda oxunan: Pakistanlılar azərbaycanlıları niyə bu qədər çox sevir? – MARAQLI SƏBƏBLƏR

153196

Pakistan Azərbaycanın hər zaman yanında olan iki ölkədən biridir. Azərbaycanla Pakistan arasında təkcə dövlət səviyyəsində deyil, həm də xalqlar arasında çox dərin və sarsılmaz əlaqələr var. 

Pakistan nə zaman yanımızda olub?

Pakistan 1991-ci ildə Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan ikinci dövlət olub. Pakistan həmçinin Azərbaycanın ərazilərinin bir qismini işğal etdiyinə görə uzun illər Ermənistanı dövlət kimi tanımayıb və onunla diplomatik əlaqələr qurmayıb. 

1993-cü ilin aprelində, Kəlbəcərin işğal olunması məsələsi BMT-nin Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarılarkən Azərbaycanın ərazi bütövlüyünün bərpasını tələb edən 822 saylı qətnamənin qəbul edildiyi iclasa məhz Pakistan sədrlik edib. Pakistanın tələbi ilə keçirilən iclaslarda Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən bir neçə qətnamə qəbul olunub. 

Pakistan Senatı Xocalı Soyqırımını tanıyan qətnamə qəbul edib. Unutmayaq ki, erməni işğalı davam etdiyi dövrlərdə Pakistan mediasının manşetlərində bu sözlər yazılırdı:

“İşğalçı Ermənistan nüfuzlu beynəlxalq təşkilatların çoxsaylı qətnamələrinə məhəl qoymur və işğalçı siyasətini davam edir”

Hətta o zamanlar Pakistanın Müdafiə Nazirliyi açıqlama vermişdi ki, 100 minlik qoşun hazır vəziyyətdədir:

“Azərbaycan öz torpaqlarının işğaldan azad edilməsi uğrunda rəsmən müharibəyə başlandığını elan edən gün qoşunlarımız Qarabağa göndəriləcək”.

Doğrudur, 44 günlük müharibədə Pakistan Azərbaycan qoşun göndərmədi, amma bizimlə birgə nəfəs aldı. Azərbaycana güclü siyasi dəstək verdi.

Bəs, bu qədər sevgi haradandır?

Suala tarixçi alim Zaur Əliyev aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, bir çoxları Pakistanın Azərbaycana sevgisini böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin şəxsi vəsaiti ilə 300 min ampula peyvənd alıb indiki Pakistan ərazisinə göndərməsi ilə bağlayırlar: 
 

MÖVZU İLƏ BAĞLI:

Pakistanlıların Azərbaycan sevgisini artıran səbəblər? - Ölkəmizə ən çox turist... STATİSTİKA - VİDEO


“Əslində bu addım təqdirəlayiqdir, amma Pakistanın sadəcə bu fakta görə Azərbaycana maraq göstərməsi inandırıcı deyil və bunun tarixi kökləri başqa səbəblərlə bağlıdır. 

Məsələn, Pakistan-Azərbaycan münasibətləri Səfəvilər dövrü ilə bağlıdır. Şah Təhmasibin hakimiyyəti illərində Moğol hökmdarı Hümayun 70 nəfər ən yaxın adamıyla Səfəvilərə sığınır. Şah Təhmasiblə görüşərək dövlətinin bərpası üçün ondan yardım etməsini xahiş edir. Şah Təhmasibdə ona 12 min nəfərlik seçmə Qızılbaş ordusu verir. Hümayun həmən bu Qızılbaş ordu ilə geri dönür və bütün düşmənlərini məğlub edərək öz dövlətini bərpa edir”. 

Pakistanda yaşayan azırbaycanlılar

Zaur Əliyev deyir ki, həmin azərbaycanlılar Nadir Şah Əfşar tərəfindən Hindistan və Əfqanıstanı istilası zamanı ora apardığı Cavanşirlər, Bayat və Avşar boylarıdır:

“İngilislərin apardığı siyahıyaalmaya görə, 1901-ci ildə indiki Hindistanın Uttar Pradeş əyalətinə uyğun gələn ərazidə 2877 nəfər, 1911-ci ilin siyahıyaalınmasına görə isə, indiki Pakistan və Hindistan Pəncabında, Dehlidə 1959 soydaşımız yaşayıb. Onlar qızılbaş, mərvi, avşar və başqa adlar altında tanınırlar. Az bir qismini çıxmaqla, demək olar ki, hamısı farsdillidir.  

Farsdilli olmalarının səbəblərindən biri  isə o ərazidə şiələrə olan fərqli münasibət idi. Onlar özlərini türk kimi qələmə versələr də, illər keçəndən sonra fars dilində danışdıqları üçün indi iranlı kimi adlanırlar. Bunun səbəbi də budur ki, bura köçən qızılbaşlar;  Naxçıvan, Şirvan.

Qarabağ, Təbriz və digər ərazilərdən olanlar fars dilində danışmağa məcbur idilər ki, yerli əhali ilə ünsiyyət qura bilsinlər. 

Bu günün özündə Pakistanda Naxçivani, Təbrizi, Əfşar, Şirvani, Şirvanlı, Bakuvi kimi soyadların olması dediyimizə sübutdur. Məzhəblərarası problemlər ucbatından bir çoxu kimliyini gizlətməli olub və türk dilini və mədəniyyətini zamanla fars dili və mədəniyyəti ilə əvəzləməli olublar”. 

Tarixçi alim maraqlı bir məqama da toxunub:

“Bizdə el arasında bir ifadə var: “elə bil Moltanı dilində danışırsan”.deyirlər. Əslində bu ifadə Pakistanla Azərbaycanı bir-birinə çox bağlayır. Vaxtilə İçərişəhərdə Multanı karvansarası deyilən yer olub. Hindistanda, indiki Pakistan ərazisində isə Multan şəhəri var. Oradan gələn tacirlərin bir çoxu İçərişəhərdəki Multanı karvansarasında yerləşirmişlər. Bizimkilər onların dilini anlamadığından xalq arasında “moltanı dili” kimi bir ifadə yaranıb. Bu kəlmənin tarixi o dövrə gedib çıxır. Yəni Moltanı dili pakistanlıların o illərdə azərbaycanlılarla danışıq dili olub ki, bu dil pakistan-türk dilinin qarışığından yaranıb. 

Hətta Azərbaycan şifahi xalq yaradıcılğında Moltanı padşahı adlı nağıl qəhrəmanı da var.

Şəki şəhərində Moltanı Məscidi adlı dini ibadətgahın da varlığı Pakistanlıların Azərbaycanın bütün bölgələrində yaşadığını göstərir. Bu bir daha göstərir ki. Pakistan-Azərbaycan münasibətlərini mütləq şəkildə ciddi araşdırmaq lazımdır”.

Qeyd edək ki, Azərbaycan da hər zaman Pakistana dost-qardaş münasibəti götərib. Bütün beynəlxalq tədbirlərdə Kəşmir probleminə görə Pakistanın yanında olub. Pakistanda baş verən təbii fəlakətlər zamanı ilk yardıma gedən Azərbaycan olub. Bir sözlə, Azərbaycan-Pakistan dostluğu tarixin sərt sınaqlarından hər zaman üzüağ çıxıb. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO