İyunun 22-də AŞPA-da Laçın yolu ilə bağlı müzakirələr aparılacaq. Siyasi ekspertlərin fikrinə görə, nəticə burada əvvəldən bəllidir. Müzakirələrin sonunda Azərbaycanın əleyhinə təxribat xarakterli qərar qəbul ediləcək.
Bu da təbii ki, AŞPA-nın ikili siyasəti ilə bağlıdır.
Çünki, bu qurum da Avropanın böyük dövlətlərinin maşasıdır. Böyük güclər istədikləri qərarları çox asanlıqla AŞPA-da qəbul etdirə bilirlər. Azərbaycan əleyhinə çıxış edən ölkələrin önündə isə təbii ki, Fransa gəlir. Fransalı deputatların erməni diasporunun pul kisəsindən asılı olduğu hər kəsə bəllidir.
Doğrudur, AŞPA-nın qərarı tövsiyyə xarakterlidir və məcburi icra mexanizminə malik deyil. Lakin bütün hallarda qurumun qəbul edəcəyi qərar Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq hüquqa hörmətsizlikdir.
Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Asim Mollazadə bildirdi ki, bir sıra ölkələr Azərbaycana qarşı yalan və iftira dolu kampaniyalar aparır:
MÖVZU İLƏ BAĞLI:
AŞPA-dan sülhə növbəti ƏNGƏL – Laçında gərginlik ssenarisi nəyə HESABLANIB?
“Bu ölkələrlə bağlı qüvvələr də bu iyrənc kampaniyanı Beynəlxalq təşkilatlarda həyata keçirtmək istəyirlər.Əslində bu cür addımlar sülh prosesinə maneəçilik törədir, regionda gərginliyi artırır.
AŞPA-da müzakirəyə çıxarılan məsələ Ermənistandan daha çox Rusiya və İranın maraqlarına uyğundur. Baxmayaraq ki, Avropa dövlətləri hər iki ölkəyə tətbiq edilən sanksiyaların sayını durmadan artırır.
Bununla belə həmin dövlətlərin regiondakı marağının AŞPA kimi qurumda müdafiə olunması sadəcə təəssüf doğurur. Bu, təkcə AŞPA-nın deyil, digər Avropa institutlarının da fəaliyyətində obyektivliyin olmasına ciddi şübhə yaradır”.
Asim Mollazadə AŞPA-nın bu addımını sülh prosesinin pozulmasına birbaşa yönəlmiş təxribat kimi qiymətləndirib:
“Bu cür hərəkətlər sülh prosesini pozur. Təbii ki, qurumdakı Azərbaycan nümayəndə heyəti müzakirələrdə öz kəskin etirazlarını bildirirlər. Amma hamıya bəllidir ki, bu cür təxribatçı qərarlar ancaq sifarişlə qəbul edilir. Baxmayaraq ki, qəbul ediləcək qərar ancaq çağırış və tövsiyə xarakterlidir”.
Surxay Atakişiyev, Bizim.Media