İyunun 1-də Moldovada Avropa Siyasi Birliyinin ikinci iclası keçiriləcək. Zirvə toplantısında 47 dövlət və hökumət başçısı, Avropa İttifaqı qurumlarının rəhbər şəxsləri iştirak edəcəklər.
Bəs Azərbaycan və Ermənistan liderləri tədbirdə iştirak edəcəkmi?
Mövzu ilə bağlı Bizim.Media-ya Moldova Baş nazirin müavini Niku Popeskunun kommunikasiyalar üzrə müşaviri İqor Zaxarov bildirib ki, sammitə hazırlıq prosesləri yekunlaşmaq üzrədir.
“Biz təsdiq edə bilərik ki, hər iki ölkə (Azərbaycan və Ermənistan) Avropa Siyasi Birliyinin Sammitinə dəvət olunub. Onu da nəzərinizə çatdırmaq istərdik ki, Moldova Avropa Siyasi Birliyinin sammitinə ev sahibliyi edir. Lakin iştirakçı ölkələrin gündəliyini müəyyən etmir. Bu sualları adıçəkilən dövlətlərin nümayəndələrinə yönləndirə bilərsiniz”, - deyə İ.Zaxarov qeyd edib.
Qeyd edək ki, sammitdə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında təkbətək görüşün keçirilməsi istisna edilmir.
Tehran Orucoğlu, Bizim.Media