Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev İnam Kərimovun kənd təsərrüfatı naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, kənd təsərrüfatı naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan kənd təsərrüfatı nazirinin müavini Sarvan Elxan oğlu Cəfərova həvalə edilib.
Bizim.Media Sarvan Cəfərovun dosyesini təqdim edir:
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanın kənd təsərrüfatı naziri vəzifəsindən azad edildi
Cəfərov Sarvan Elxan oğlu 28 oktyabr 1985-ci ildə anadan olub. 2003-2007-ci illərdə Bakı Dövlət Universitetində Politologiya ixtisası üzrə bakalavr, 2008-2010-cu illərdə isə Milli təhlükəsizlik və siyasi strategiya ixtisası üzrə magistr təhsili alıb.
2012-2015-ci illərdə Azərbaycan Dövlət İqtisad Universistetində Biznesin təşkili və idarə olunması ixtisası (MBA) üzrə magistr təhsili alıb. 2015-2017-ci illərdə Avstriyada yerləşən Beynəlxalq Anti Korrupsiya Akademiyasında magistr təhsili alıb.
2009-2012-ci illərdə Əmlak Məsələləri Dövlət Komitəsində məsləhətçi, 2012-2018-ci illərdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində sədrin köməkçisi vəzifəsində işləyib.
2018-ci ilin aprel ayından 2019-cu ilin noyabr ayına qədər Kənd Təsərrüfatı Nazirliyində nazirin köməkçisi, 2019-cu ilin noyabr ayından 2020-ci ilin mart ayına kimi nazirin müşaviri vəzifəsində işləyib.
2020-ci ilin mart ayından Kənd Təsərrüfatı Nazirliyində Aparat rəhbəri vəzifəsində işləyib. Azərbaycan Prezidentinin 2020-ci il 30 iyul tarixli Sərəncamı ilə Kənd Təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin edilib.
Bizim.Media