“Əlifba bayramı”ndan başlanan APARICILIQ YOLU - Aynur Fətullayeva ilə MÜSAHİBƏ 

“Əlifba bayramı”ndan başlanan APARICILIQ YOLU - Aynur Fətullayeva ilə MÜSAHİBƏ 

Hazırda oxunan: “Əlifba bayramı”ndan başlanan APARICILIQ YOLU - Aynur Fətullayeva ilə MÜSAHİBƏ 

113978

Televiziya işi komanda əməyinin nəticəsi olsa da tamaşaçıların əsas diqqət mərkəzində olan aparıcılardır. Onlar arasında səhər aparıcılarının isə özünəməxsus yerir var. Belə ki, əksər insanlar səhər yuxusundan oyanmaqda, günə yüksək əhval-ruhiyyədə başlamaqda əziyyət çəkdiyi halda, televiziyanın səhər qəhrəmanları demək olar hər zaman xoş əhvalda, pozitiv enerji ilə tamaşaçıları salamlayır, əhvalı olmayanlara da xoş ovqat bəxş edirlər.

Yəqin ki, daim gülərüz gördüyümüz bu aparıcıların işləri kimi, daxili portretləri də çoxumuz üçün maraqlıdır. 
Bizim.Media-da bu dəfə uzun illərdir ki, İctimai Televiziyanın səhər proqramının aparıcısı Aynur Fətullayeva ilə həmsöhbət olmuşuq. 

- Aynur xanım, icazənizlə istəyirəm, sizi bir az daha yaxından tanıyım, oxucularımıza da tanıdım. Aynur xanım övlad, ana, aparıcı...  

- Açığı, özüm haqqında danışmaq bir az qəribə gəlir. Elə bil özünü tərifləmək kimi çıxır (gülür). Amma yaxşı dostluq etməyi bacaran adamam. Münasibətlərdə sadiq insanam. Qarşı tərəfdən də bunu gözləyirəm. Əksini görəndə çox məyus oluram. Sadiqlik mənim üçün önəmlidir.  


- Dostlarınız çoxdur? 

-Xeyir. Molla Cümə deyən olmasın, “canı yanan dost bir olar, ya iki”. Dost dediklərim çox deyil, amma, çox şükür, var. 

- Bəs, sadaladığımız Aynurlardan hansını mərkəzdə görürsünüz?  

- Məncə, övlad. Valideynlərimə yaxşı övlad olmasam, digər Aynurlar da olmaz. Əslində, bunlar hamısı ayrı məfhumlardır. Müqayisə etmək də düzgün deyil, hərəsinin öz yeri var. Heç biri hiss olaraq bir-birinə bənzəmir. Lakin mənə görə, kökdə yaxşı övlad olmaq dayanır. Dəyərlərimizə, köklərimizə bağlı insanam. Ona görə düşünürəm ki, hər şey yaxşı övlad olmaqdan başlayır. 

- Aynur xanım, jurnalistikada özünü sübut etmək, tanıtmaq çətindirmi?  

- Əlbəttə, özü də çox çətindir.  

- Bu sualı ilk eşitdiyiniz zaman gözünüz önündə hansı epizodlar canlandı?  

- Mənə görə, insan düşdüyü mühitə gec-tez öyrəşir, uyğunlaşır. Əslində, mühitə tez adaptassiya olan adam deyiləm. 13 ildir ki İctimai Televiziyadayam. Jurnalistikaya buradan başlamışam, evim kimidir.

Təbii ki, yeni başlayanda büdrəmələr də çox olur, amma əsas gəldiyin nəticədir.  

- Nəticəyə çatmağınıza çox qalıb?  

- Bəlkə çox var, bəlkə də heç nə qalmayıb.  

- İnsan arzuladığını əldə edəndən sonra boşluq hiss edir, o istiqamətdə çalışmaq üçün maraq tapmaqda çətinlik çəkir. Jurnalistikada elə bir məqam varmı ki, düşünürsünüz o məqama çatsanız marağı ölər, başqa sahəyə yönəlmək istəyərsiniz?  


- Xeyr, jurnalistikada özümə elə bir hədəf müəyyənləşdirməmişəm. Hədəf qoyub o istiqamətdə addımlayan insanları çox sevirəm. Amma özüm planlı yaşaya bilmirəm. Bu gündən sabah üçün plan qursam, alınmır. Deyir: “Allahı güldürmək istəyirsənsə, ona planlarından danış”. Hər şeyi axarına buraxmaq lazımdır. Sən sadəcə doğru bildiyin, inandığın yoldan get. Gerisini Tanrıya burax.

- İlk efir təcrübəniz yəqin yadınızdadır, necə olmuşdu?  

- İkinci kursda oxuyanda başlamışdım. İlk efir təcrübəm “Qaraj” verilişi ilə olub.  

- Özünüz aparıcı olmaq istəyirdiniz, yoxsa seçimlərdə aparıcılığa yönləndirdilər?  

- Hədəfim aparıcı olmaq idi. Özümü televiziyada aparıcılıqdan başqa istiqamətdə görməmişəm. Bu, uşaqlıq arzum olub.

“Əlifba” bayramında aparıcı sinif yoldaşım seçilmişdi və bu, məni çox məyus etmişdi. Lakin son gündə həmin sinif yoldaşım xəstələndi və mən sinif rəhbərinə aparıcılıq edə biləcəyimi dedim. O qədər böyük marağım var idi ki, aparıcının nitqini öz çıxışımdan yaxşı əzbərləmişdim. Sinif rəhbəri çarəsiz halda tədbiri aparmağıma razı oldu. Ondan sonra məktəbin, rayonun tədbirlərini mən apardım.

- Aynur xanım, 10 ildən artıqdır ki, eyni eyni mühitdə işləyirsiniz. Bunun avantajı, dezavantajları nələrdir?

- Əgər işlədiyin ortamda sənə rahatdırsa, xoşbəxtsənsə eyni yerdə çalışmaq avantajdır. Mən bir mühitə öyrəşib orada uzun müddət fəaliyyət göstərməyi sevən adamam. Ona görə bu, mənə rahatdır.

Zaman-zaman yeniliklər də olur. Digər layihələrdə də çalışmışam. Ümumilikdə isə illərdir ki, səhər aparıcısıyam.

-  Başqa formatı sınamağı düşünürsünüzmü?

- Əgər belə bir imkan olarsa, sevərək qəbul edərəm. Niyə də yox?

- Gerçəkləşdirmək istədiyiniz, xəyalını qurduğunuz hansısa layihə varmı?

- Səmimi söhbət, mədəniyyət adamları ilə hazırlanmış bir veriliş, tok-şou və s. düşünürəm ki, aparıcılığımla uğurlu alınar. Xəyalını qurduğum isə beynəlxalq bir layihədə özümü görməkdir. Bu, çox fərqli təcrübə olardı.

- Tez-tez sosial şəbəkə platformalarında gedən müzakirələrdən belə bəlli olur ki, tamaçılar da səmimi söhbətə, intellektual auditoriya üçün hesablanmış verilişlərə qarşı necə deyərlər, aclıq duyur. Jurnalistikada tez-tez müzakirə olunan bir sual var: Efir tamaşaçının tələbinə uyğun qurulmalıdır, yoxsa istəyi efir özümü formalaşdırmalıdır? Siz necə düşünürsünüz?  

- Mən sırf tamaşaçının tələbi ilə iş ortaya qoymalı olduğumuzu düşünmürəm. Kütləyə nəzər salanda nəyin bəyənildiyi, baxıldığı məlumdur. Buna görə kütlənin istəyi əsasında efiri qursaq, nəticə ürəkaçan olmaz. Televiziya həm də zövqü diktə edir axı. Tamaşaçının zövqünü istədiyimiz səviyyəyə qaldırmaq üçün işlər görməliyik. Bu istiqamətdə İTV-nin atdığı addımlar alqışa layiqdir. Bunu tək Mən yox, çoxsaylı tamaşaçılarımız da deyir.

- Aynur xanım, bəzən 40-50 yaşında insanlarla həmsöhbət olanda deyirlər ki, düzdür, zirvəyə doğru irəliləyiblər, amma getməli olduqları yol bu, deyilmiş. Bəs siz necə düşünürsünüz, indi addımladığınız yol irəliləməli olduğunuz istiqamətdirmi?

- Məncə, istənilən halda getməli olduğum yoldayam. Düzdür, Tanrının sənin üçün yazdığı bir yol var, amma çox şey də özümüzdən asılıdır. Bu gün sevdiyim işlə məşğul olduğum, özümü xoşbəxt hiss etdiyim peşədə çalışdığıma görə, düşünürəm ki, getməli olduğum yoldayam. Bəlkə də müəyyən nailiyyətlər üçün gecikə bilərəm, amma bunu da öz xasiyyətimə bağlayıram.

Özümün özümə yaratdığım çərçivələr çox mane olur. Məsələn, çox utancaq insanam, ünsiyyətə meyilli deyiləm.

- Hər gün səhər tezdən oyanmaq, efir üçün hazırlaşmaq çətin deyil? 

- Çətinlik studiyanın qapısından içəri keçənəcəndir. Bəzən xəstələnirəm, gecədən temperaturun 40 dərəcə olur. Anam: “sən bu vəziyyətdə necə efirə çıxacaqsan? Bəlkə deyəsən səni əvəzləsinlər”, - deyir. Gəlib efirə çıxıram. Baxıram anam yazır ki, sən xəstə filan deyilsən, heç xəstə adama oxşamırsan. Deyirəm ki, efir studiyasının qapısından içəri keçəndə hər şey unudulur.

- Səhər efiriniz saat 7-də başlayır. Bunun üçün saat neçədən oyanır, hazırlaşırsınız? Zəhmət olmasa, bir qədər həmin prosesdən danışardınız.

- Səhər saat 4-də oyanıram. 6-ya işləmiş şirkətdə oluram. Geyim mütəxəssislərimizlə seçdiyimiz efir libasını geyinir və qrim otağına yollanıram. Bəzən səhərləri bəzənməyim özümə qəribə görünür. Axı niyə o saatda bəzənəsən? (gülür). Sonra efirə gedəcək süjetlərə baxır, redaktorumuzla efir planına yenidən nəzər salırıq. Beləcə efir vaxtı üçün hazır oluruq.

- Son zamanlar səhər saat 4-də oyanmaq çox təbliğ olunur. Bunun üçün gərək axşam çox erkən saatda yatasan. Bunu bacarırsınızmı?

- Gecə tez yatmağım nadir hallarda olur. Efirdə olacağım günlərdə isə yuxum, ümumiyyətlə, ərşə çəkilir. Amma efir vaxtı 3 saat ərzində bütün enerjimi tamaşaçılarımıza xərcləyirəm və bu məni xoşbəxt edir.

- Bəs lazımi yuxunu necə alırsınız?

- Son illərdə çox az yuxuya ehtiyac duyuram. Bunun sağlamlıq üçün zərərli olduğunu düşünürəm. Heç kəsə də məsləhət görmürəm.

- Efirdən sonra yatırsınız?

- Xeyr. Günorta yatsam, elə bilirəm, dünya getdi, mən qaldım. Buna görə axşam bir qədər tez yatmağa çalışıram ki, kompensasiya edə bilim.


Axşamlar tez yatmaq vərdişini qazanamaq istəyirəm.

- Hazırda qarşınızda hansı hədəfləriniz var?

- Şirniyyatı həyatımdan çıxarmaq, gün ərzində gəzintiyə çıxmağa vaxt ayırmaq, daha sağlam həyat tərzinə keçmək istəyirəm.

- Ailənizdə jurnalistika sahəsində fəaliyyət göstərən varmı?  

- Xeyr. Ailəm də həkim olmağımı istəyirdi. Bu sahəyə də marağım var. Düşünürəm ki, istəsəydim, həkim də ola bilərdim. Amma bəlkə də o sahədə bu qədər xoşbəxt olmazdım.  

- Kimləri mütaliə edirsiniz?

- Sonuncu oxuduğum Patrik Züskindin “Ətriyyatçı” romanı olub. Filmini də izləmişəm, amma ən çox əsəri oxuyarkən zövq aldım. Düzdür, mən belə deyəndə: “sən rejissorun işini kiçildirsən”, - deyirlər. Amma düşünürəm ki, belə deyil. Əsəri oxuyarkən hər kəz özü rejissor olur, filmi özü çəkir. Sonra filmə baxanda təsəvvür etdiyin kimi olmayan məqamlar səndə məyusluq yaradır. Məncə, bir kitabdan aldığın zövqü başqa şeylərdən almaq mümkün deyil.

- Övladınız kiçikdir. Onunla vaxt keçirməyə ürəyinizcə imkan tapa bilirsinizmi?

- Bu sahədə olanlar məni daha yaxşı başa düşərlər, onun üçün də, özüm üçün də çətin olur. Övladımla maksimum vaxt keçirməyə çalışıram. İstəyirəm mənə ehtiyacı olan bu illərdə onun yanında olum.

- Aynur xanım, müsahibəyə zaman ayırdığınız üçün təşəkkür edirəm!

- Siz də çox sağ olun! Uğur olsun! 

Aləmdə Nəsib, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO