İranda “Əxlaq” polisi Təlimatçı patrul kimi tanınır. O, 2005-ci ildə mühafizəkar prezident Mahmud Əhmədinejad hakimiyyətə gəldikdən sonra yenidən peyda olub. “Əxlaq” polisinin əsas funksiyası ictimai yerlərdə hicab taxmaq kimi islam normalarına riayət olunmasına nəzarət etməkdir. Patrul əsasən kişilərdən ibarətdir, ancaq tərkibində qadın polislər də var.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya xarici mətbuatda yer alıb.
Mənbə xatırladır ki, “Əxlaq” polisi, ümumiyyətlə 1979-cu il İslam inqilabından sonra yaranıb. O vaxt İslam İnqilab Komitələri adlandırılıb. Bu, 1991-ci ilə qədər İslam Respublikasının əsas hüquq-mühafizə orqanı olub. Ona Daxili İşlər Nazirliyi və hökumət nəzarət edib.
Komitələrdən əlavə, ictimai təhlükəsizlik və asayişə cavabdeh olan daha iki hüquq-mühafizə orqanı - Şah jandarması və Şəhrbani (Qacarlar dövründə yaradılan) fəaliyyət göstərib.
Hər üç orqan 1991-ci ildə ləğv edilərək vahid struktura - əsas hüquq-mühafizə orqanına çevrilən İran İslam Respublikasının Hüquq-Mühafizə Qüvvələrinə birləşdirilib.
Onun tabeliyində yol polisi, narkotik polisi, cinayət axtarışı, polis kəşfiyyatı fəaliyyət göstərib. “Əxlaq” polisi də strukturun tərkibində olub.
1979-1991-ci illərdəki strukturlardan fərqli olaraq, “Əxlaq” polisi və onun əsas orqanı olan Hüquq-Mühafizə Qüvvələrinə təkcə Daxili İşlər Nazirliyi deyil, həm də İran Silahlı Qüvvələrinin Baş Qərargahı nəzarət edir.
Yəni, hərbçilər də bu polis strukturlarına nəzarət edir. İslam inqilabından dərhal sonra belə struktur olmayıb.
2005-ci ilə qədər “Əxlaq” polisinin funksiyalarını sıravi polislər yerinə yetirib və buna görə də onlarla bağlı problemlərin sayı az olub. Hicab məsələsi hüquq-mühafizə orqanlarının ayrıca diqqət mərkəzində olmayıb.
Artıq Əhmədinejadın dövründə müasir formada “Əxlaq” polisi yaradılıb. Deməli, müəyyən mənada bugünkü “Əxlaq” polisinin problemləri təkcə 1979-cu il inqilabının məhsulu deyil, həm də Əhmədinejad administrasiyasının mirasıdır.
“Əxlaq” polisi küçədə islami “geyim qaydalarına” əməl etməyən insanlara yaxınlaşmaq, cərimə yazmaq, sadəcə xəbərdarlıq etmək və bəzi hallarda düzgün geyinmələrini tələb etmək hüququna malikdir. Onlar saxlanılıb, profilaktiv tədbirlər görüldükdən sonra evə buraxılırlar.
Yalnız təkrar saxlanılsalar, bir neçə həftədən bir neçə ilədək həbsxanaya göndərilirlər.
Məhsa Əmini ilə bağlı hadisələr nadir hallarda baş verib. Bununla belə, bir çox iranlılar üçün belə bir polisin mövcudluğu haqlı olaraq vətəndaşların hüquqlarına və şəxsi həyatına hörmətsizlik kimi görünür.
Həsən Ruhaninin administrasiyası dövründə “Əxlaq” polisinin işi bir qədər məhdud olub. Ancaq onu mühafizəkar dairələrin etirazı səbəbindən aradan qaldırmayıblar. Rəisi dövründə polis yenidən fəallaşıb və bu, Əmininin ölümündən sonra partlayan sosial gərginliyin artmasına səbəb olub.
Bizim.Media
- A-
- A
- A+
Region
16:04 / 25.09.2022
“Əxlaq” polisi Əhmədinejad administrasiyasının mirasıdır - TƏFƏRRÜAT
Hazırda oxunan: “Əxlaq” polisi Əhmədinejad administrasiyasının mirasıdır - TƏFƏRRÜAT
Hazırda oxunan: “Əxlaq” polisi Əhmədinejad administrasiyasının mirasıdır - TƏFƏRRÜAT
95687
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.