Yaxın günlərdə xarici telekanallara müsahibəsi zamanı prezident İlham Əliyev Nikol Paşinyanın Sorosun maliyyəsi ilə hakimiyyətə gəldiyini qeyd etmişdi. Bu məsələni daha aydın şəkildə oxucularımıza çatdırmaq üçün öz hakimiyyətini Soros fondunun pullarına borclu olan Paşinyanın tarixi keçmişini bir qədər araşdırmağa qərar verdik.
Ermənistan baş naziri Nikol Paşinyan 2018-ci ildə küçə nümayişləri ilə hakimiyyətə gəlmişdi. Bu vaxta qədər 7 il idi ki, ölkə siyasətində müxalif kimi tanınan Paşinyan bir neçə küçə nümayişinə rəhbərlik etməkdən başqa ciddi iş görə bilməmişdi. Özünü jurnalist kimi qələmə verən Paşinyan 2015-ci ildə elektrik enerjsindəki qiymət artımına qarşı etirazlarda yenidən ortaya çıxmışdı. Qəribə şəkildə bu etirazlar Ermənistandakı qeyri-hökümət təşkilatları tərəfindən Soros fondunun birbaşa maliyyə dəstəyi ilə icra olunurdu. Bu etirazlarda iştirakla Paşinyan bir sıra Qərb dairələrinin diqqətini cəlb etmiş və onlar tərəfindən müxalifətin yeni siması kimi qələmə verilmişdi. Paşinyanın Sorosla dostluğu da elə bu küçə etirazlarından başlamışdı.
2018-ci ilə qədərki dövr ərzində ABŞ bu vaxta qədər görünməmiş sayda 84 diplomatdan ibarət heyəti Yerevandakı səhifliyinə ezam etmişdi. Bu rəsmi olaraq bilinən rəqəm idi. Bəzi mənbələr bu sayın 2000 nəfər qədər çıxdığını qeyd edirdi. Hələ Yerevanda küçə nümayişləri başlamazdan aylar əvvəl bir sıra media qurumları ABŞ-ın Ermənistanda ciddi işlər görməyi planlaşdırdığını qeyd edən yazılar tırajlayırdı. Bu yazılar arasında Ermənistandakı ABŞ dəstəkli şəxslərin və layihələrin adları da qeyd olunurdu. Nikol Paşinyan adı da məhz bu siyahıda yenidən qarşımıza çıxırdı.
Bu cür xüsusi əhəmiyyətli şəxslərdən biri ABŞ səfirliyinin nümayəndəsi olan Riçard Hatç idi. Hatch, Post-sovet ölkələrində “narıncı inqilablar” sahəsində mütəxəsis hesab olunurdu. Adam Coolvin adlı digər səfirlik əməkdaşı ilə birlikdə bir müddət Ermənistanda media sahəsi üzrə fəaliyyət göstərmişdi.Paşinyanın adi küçə etirazçısından necə olub Ermənistan mediasının qəhrəmanına çevrilməsinin arxasındakı sirri də beləcə tapmış oluruq. Onu da qeyd etmək lazımdır ki, Riçard Hatç eyni zamanda Soros fonunun Açıq Cəmiyyət Vəqfi ilə birbaşa əlaqəli şəxs idi.
ABŞ-ın Ermənistandakı cəsus şəbəkəsi
Belə ki, Sorosun Açıq Cəmiyyət Vəqfi 1997-ci ildən etibarən Ermənistana etdiyi rəsmi yardımların həcmini 57 milyon dollar olaraq qeyd edir. Bunun sadəcə 3,6 milyon doları isə 2019-cu ildə ötürülmüşdü.
Paşinyanın Sorosla əlaqələri təkcə hakimiyyət gələnə qədər yox, sonrakı dönəmdə də ciddi şəkildə inkişaf etmişdi. Təkcə Paşinyan hakimiyyətə gəldiyi 2018-ci ildə Amerikan National Endowment For Democracy təşkilatı Ermənistandakı qeyri-hökümət təşkilatlarına 2 mln dollar məbləğində vəsait köçürmüşdü. Bu maliyyə köçürmələri insan hüquqları, xarici siyasət və təhlükəsizlik kimi başlıqlar altında həyata keçirilirdi. NED-in dəstəklədiyi və maliyyə ayırdığı başlıqlarda xüsusi diqqət çəkəni isə “Gürcüstan və Ukrayna inqilablarından çıxarılacaq dərslər”adını daşıyırdı. NED-in növbəti il oxşar layihələr üçün Ermənistana ayırdığı maliyyə miqdarı isə 1,9 milyon dollar təşkil edirdi.
Beləliklə, ABŞ səfirliyinin xüsusi dəstəyi və Sorosun maliyyə imkanları birləşərək adi küçə etirazçısı Nikol Paşinyanı Ermənistan xalqına qəhrəman kimi təqdim etmişdilər.
Rəvan Əliyev, Bizim Media